Elmi konfrans bu qədim dövlətin xristian irsinin xalqımıza məxsus olduğunu bir daha təsdiqləyib
Dünən Romada Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA Tarix və Etnologiya İnstitutu, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfrans keçirilib.
Açılış mərasimində ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov bildirib ki, konfrans Azərbaycanda xristianlığın, dini müxtəlifliyin və multikulturalizmin zəngin tarixinin araşdırılmasına həsr olunub: “Tarixi mənbələr Azərbaycanın xristianlığın qədim ərazilərindən biri olduğunu göstərir. Ölkəmiz qədim Şərq kilsəsinin – dünyanın ən qədim kilsələrindən biri olan Alban Apostol Kilsəsinin vətənidir. Dövrümüzə qədər gəlib çatan qədim xristian kilsələri, monastırlar və məbədlər Azərbaycanda xristianlığın tarixi mövcudluğunu əyani şəkildə göstərir. Ölkə müxtəlif etnik mənsubiyyətə, dillərə və dinlərə mənsub insanlar arasında sülh şəraitində birgə yaşayışı təşviq etmək üçün unikal məkandır”.
AMEA-nın Tarix və Etnologiya İnstitutun direktoru, professor Kərim Şükürov qeyd edib ki, Azərbaycan uzun bir tarixi inkişaf yolu keçib. Mədəni keçmişimizin min illik dövrü Qafqaz Albaniyası ilə bağlıdır. Azərbaycan bu irsə yüksək dəyər verir, onu həssaslıqla mühafizə edir. Alim təəssüflə bildirib ki, dünyanın müxtəlif ölkələrindəki bəzi elmi, hətta siyasi dairələr Azərbaycanı bu tarixi irsdən ayırmağa çalışır: “Odur ki, bu saxtakarlığı cavablandırmaq, həqiqəti dünyaya çatdırmaq üçün Azərbaycanda Qafqaz Albaniyasının, onun dini-mənəvi həyatının tərkib hissəsi olan xristianlığın həm tarixi, həm də müasir kontekstdə araşdırılması çox önəmlidir”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə diqqətə çatdırıb ki, bu qurum Qafqaz Albaniyası irsinin öyrənilməsinə xüsusi diqqət yetirir. Azərbaycanda zəngin İslam irsi ilə yanaşı, xristian və yəhudi irsi də var: “Bu gün cəmiyyətimizdə bütün dinlərin nümayəndələri dini inanclarını sərbəst şəkildə yaşaya bilirlər. Biz bu mədəni və dini müxtəlifliyi qoruyub saxlayırıq”. BBMM rəhbəri əminliklə söyləyib ki, elmi konfrans öz məqsədlərinə çatacaq və Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında çoxillik və dərin dostluğu daha da möhkəmləndirəcək.
Alban-Udi Xristian Dini İcmasının sədri, Bakı Dövlət Universitetinin böyük elmi işçisi Robert Mobili Azərbaycanın müxtəlifliyə dəyər verən, bütün xalqlara və dinlərə hörmət göstərən, onların hüquq və azadlıqlarını qoruyan müqəddəs torpaq olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanda dini icmalarla bağlı heç bir problem yaşanmır, ölkədə kilsə və sineqoqların dövlət tərəfindən təmir edilir.
Konfransın “Azərbaycanın müasir xristian icmaları multikultural cəmiyyətin sütunu kimi”, “Azərbaycan: Tarixi coğrafiya və dövlətçilik”, “Azərbaycanda xristianlıq: mənbəşünaslıq və tarixşünaslığa dair”, “Qafqaz Albaniyasının arxeoetnoqrafik, linqvistik və mədəni irsi” mövzularında panel iclaslarında Qazaxıstan, Özbəkistan, Koreya Respublikası, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislərin məruzələri dinlənilib və bu mövzular ətrafında geniş müzakirələr aparılıb.
Elmi disküssiyalarda vurğulanıb ki, Qafqaz Albaniyası min ilə yaxın müddətdə regionun həyatında mühüm yer tutub, özündən sonra mühüm tarixi irs qoyub. Azərbaycan zəngin Alban etno-mədəni irsinin, Qafqaz Albaniyasının antik və erkən orta əsrlərə aid mədəniyyətinin və bu ərazidə sonrakı əsrlərdə yaşamış etnoslar tərəfindən yaradılan bütün tarixi və dini irsin birbaşa tarixi varisi və qoruyucusudur.
T.RÜSTƏMLİ
XQ