3 Mart Ümumdünya Yazıçılar Günüdür
Dünyada peşəkar yazarları birləşdirən, qeyri-hökumət hüquq mühafizəsi təşkilatı olan ilk PEN mərkəzi 1921-ci ildə İngiltərədə yaranıb və konqresini bu ölkədə keçirib. 13 il əvvəl Azərbaycanda da PEN-Klub yaradılıb. Bundan məqsəd milli ədəbiyyatı dünyada tanıtmaqdır. Bəs, bədii tərcümə və dünyaya çıxış məsələləri nə yerdədir?
Azərbaycan Yazıçılar Birliyinin (AYB) beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair-tərcüməçi Səlim Babullaoğlu ilə söhbətimiz bu barədə oldu. Xatırladaq ki, müsahibimiz gözəl şair və tərcüməçi olmaqla bərabər, həm də Türkiyə Ədəbiyyat Vəqfinin Azərbaycan təmsilçisi, TÜRKSOY Yazarlar Birliyinin vitse-prezidentidir. İllər öncə o, Bişkek PEN Mərkəzinin üzvü, GUAM ölkələri yazıçılarının könüllü PenGUAM təşkilatının sədri, Dünya Şairlər Hərəkatının Azərbaycandakı Fəxri səfiri seçilib.
– Səlim müəllim, Beynəlxalq yazarlar gününün təməlində hansı fikir dayanır?
– Bildiyiniz kimi, bu gün artıq 38-ci dəfə Ümumdünya Yazıçılar Günü kimi qeyd olunur. Bu qərar 1986-cı ildə PEN Təşkilatının 48-ci konqresində verilib. Odur ki, fikrimcə, bu günün fəlsəfəsini, ilk olaraq PEN Təşkilatının özünün ideyasında axtarmaq lazımdır.Təşkilatın fəlsəfəsi isə sadədir. Ölkələr arasında və hər bir ölkənin daxilində informasiya azadlığının (informasiya yaradanların və o cümlədən jurnalistlərin, yazıçıların) qorunması.
Bu gün də beynəlxalq PEN təşkilatı var, bir də 130-dan artıq ölkədə “milli pen” klubları mövcuddur. Yeri gəlmişkən, bizdə də PEN var və ona ünlü yazıçımız Çingiz Abdullayev rəhbərlik edir. Müxətlif dövrlərdə Beynəlxalq PEN və milli PEN təşkilatlarının proqressiv, gərəkli addımları olub, yəqin ki, bu gün də var. Ümumiyyətlə isə, fikirləşirəm, çox təəssüf, bir çox beynəlxalq təsisatlar kimi PEN də bəzən böyük dövlətlərin kiçik dövlətlərə təsir aləti kimi istifadə oluna bilir.
Qaldı Ümumdünya Yazıçılar Gününə, əlbəttə, eyni gündə dünya ölkələrinin eyni bir peşəkar amal ətrafında birləşməsi, nəyisə qeyd eləməsi çox təqdirəlayiq hadisədir.
– Bu gün dünya ədəbiyyatının dilimizə tərcüməsi necə davam etdirilir?
– Tərcümə yazmağın başqa bir adıdır. Hansısa əsərin tərcüməsi onu yenidən qələmə almaq deməkdir. Bizim “Dünya Ədəbiyyatı” dərgimiz tərcümə sahəsində önəmli işlər görür. Bu dərgi AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzinin orqanıdır. Artıq 10 ildir ki, nəşr edilir. Jurnalda “İcmal”, “Nəsr” “Poeziya”, “Tərcümə təcrübələri” rubrikaları fəaliyyət göstərir. XX əsrdə yaradılan pyeslərin ana dilimizə çevrilməsinə xüsusi əhəmiyyət verilir. Bu baxımdan Samuel Bekketin “Gəliş-gediş”, Ejen Ioneskonun “Dörd nəfərlik etüd”, Rober Tomanın “Səkkizinci qadın” kimi əsərlərinin tərcüməsi əhəmiyyətlidir. Bu və adını çəkmədiyim digər müəlliflər müasir dünya dramaturgiyasının inkişafında mühüm rol oynayıblar. Həmçinin fransız sənətşünas Jorj Poltinin “36 dramatik situasiya” əsəri ana dilimizdə işıq üzü gördü. Bu da teatr sənəti nəzəriyyəsini təşkil edən kitabdır. Bu dərgi təkcə bədii ədəbiyyatı deyil, tədris əsərlərini də çap edir. Təbii ki, imkanlar daxilində.
Dünya ədəbiyyatı ayrı-ayrı ölkələrə də xüsusi saylar ayırır. Dərginin İsrailə həsr olunan sayında 40-dan çox yəhudi yazıçının əsərlərinə yer verildi. Biz bu sayda İsrailin istər klassik, istərsə də müasir yazarlarının əsərlərini topladıq. Bu da yəhudi əsilli yazarların yaratdıqları barədə oxuculara dolğun məlumat verir. Bu sayda həmçinin vətənimizdə yaşayan dağ yəhudilərinin əsərlərinə, onların təhlillinə yer verdik. Bununla Azərbaycan multikultural ənənələrini bir daha oxucuların diqqətinə çatdırdıq. Həmçinin bu zamana kimi Moldova, Türkiyə, İran, Oman və digər ölkələrin ədəbiyyat saylarının da nəşrinə nail olmuşuq.
– Ədəbiyyatımız dünyaya necə çıxır?
– Çalışırıq ki, ədəbiyyatımızı daha çox qonşu ölkələrdə tanıdaq. Bu baxımdan ötən il Türkiyənin “Hece” dərgisində Azərbaycan müəlliflərinin əsərləri təqdim edildi. Qardaş ölkədə zəlzələ qurbanlarının xatirəsinə həsr olunmuş həmin xüsusi buraxılışda Qismət, Fərid Hüseyn, Aqşin Yenisey, Elxan Zal və digər yazarlarımızın əsərləri dərc edildi. Bu da modern Azərbaycan şeri barədə Türkiyə oxucularında aydın təsəvvür yaratdı. Rusiyada da ədəbiyyat nümunələrimizin geniş yayılmasına diqqət veririk. Ötən il bu ölkədə MDB ölkələri yazıçılarının Nəsr, Şeir və Uşaq Ədəbiyyatı antologiyaları çap edildi. Üst-üstə həmin toplularda 50-yə yaxın Azərbaycan müəllifinin əsərləri dərc olunub. Sözügedən antologiyalar Rusiyada “İlin milli kitabı” Qran-prisini qazanıb. Layihənin Azərbaycan üzrə əlaqələndiricisi mən idim. Təbii ki, gələcəkdə də bir çox belə layihələri həyata keçirməyə çalışacağıq.
– Bayramınız mübarək! Müsahibə üçün sağ olun!
Ceyhun MİRZƏLİ