Paytaxtın yeraltı ünvanlarının “çətin” qapıları

post-img

Pas atan eskalatorlar dəmir pilləkənlərə çevrilib

Böyük şəhərlərin nəqliyyat infrastrukturunda yeraltı və yerüstü piyada keçidləri təhlükəsizlik və hərəkət rahatlığı baxımından mühüm önəm daşıyır. Paytaxt Bakıda da hər gün minlərlə sakinin istifadə etdiyi bu keçidlər, xüsusən avtomobil axınının sıx olduğu prospektlərdə piyadaların təhlükəsiz hərəkətini təmin etməlidir. Lakin təəssüf ki, şəhərin bir çox keçidlərində quraşdırılan eskalatorların tez-tez sıradan çıxması və ya uzun müddət işləməməsi artıq davamlı problemə çevrilib. Məsələnin müvafiq qurumlara dəfələrlə çatdırılmasına baxmayaraq, real nəticə hələ də qənaətbəxş deyil.

Bu gün paytaxtın mərkəzi hissələrindən tutmuş, yaşayış massivlərinə qədər müxtəlif keçidlərdə eyni mənzərə ilə qarşılaşmaq mümkündür. Eskalatorların işləməməsi cəmiyyətin müxtəlif qruplarına fərqli şəkildə təsir edir: gənclər və sağlam insanlar üçün sadəcə narahatlıq yaradan bu vəziyyət yaşlılar, fiziki məhdudiyyətli şəxslər və uşaq arabası ilə hərəkət edən valideynlər üçün keçilməz maneəyə çevrilir. Dik və hündür pillələri qalxmaq onlar üçün bəzən, ümumiyyətlə, mümkün olmur. Bu durumda isə bir çox insan yolverilməz, lakin alternativsiz görünən variantı – avtomobillərin sürətlə hərəkət etdiyi magistraldan keçməyi seçir. Bu isə piyada təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Son illərin statistikası da qadağan olunan ərazilərdə baş verən bəzi piyada qəzası faktlarının dolayısı ilə eskalator və keçid problemləri ilə bağlı olduğunu göstərir. Alternativ variant olmadıqda insanlar təhlükəni gözə alır və həyatlarını riskə ataraq yolu keçirlər.

Keçidlərdə müşahidə olunan başqa bir ciddi problem isə yağışlı havalarda infrastrukturu su basmasıdır. Bu cür şəraitdə bir çox keçiddə drenaj sisteminin ya düzgün qurulmaması, ya da, ümumiyyətlə, olmaması nəticəsində infrastruktur istifadə üçün yararsız vəziyyətə düşür. Sürüşmə riski isə əlavə təhlükə yaradır. Mütəxəssislərin fikrincə, bu hal layihələndirmə və tikinti prosesində ciddi texniki boşluqların göstəricisidir.

Keçidlərin işlək vəziyyətdə saxlanılması bir neçə dövlət qurumunun səlahiyyətindədir. Lakin monitorinq mexanizmlərinin yetərincə çevik olmaması səbəbindən nasazlıqlar həftələrlə aradan qaldırılmır. Planlı texniki baxışların gecikdirilməsi, nasazlıqlara operativ müdaxilənin gerçəkləşdirilməməsi problemin davamlı xarakter almasına gətirib çıxarır.

Bakı kimi sürətlə inkişaf edən bir şəhərdə piyada keçidləri strateji infrastruktur obyektləri sayılır. Onların fasiləsiz işləməsi yalnız sosial rahatlıq deyil, həm də ümumi şəhər təhlükəsizliyi baxımından zəruridir. Burada vətəndaş məsuliyyəti və ictimai nəzarət də xüsusi öməm daşıyır. Başqa sözlə, problemin dərinləşməsinin səbəblərindən biri də cəmiyyətin bu məsələyə kifayət qədər ciddi reaksiya verməməsidir. Belə ki, bir çox hallarda eskalatorun işləməməsi “adi hal” kimi qəbul olunaraq heç bir quruma bu barədə məlumat çatdırılmır. Halbuki operativ müraciət mexanizmi işə düşərsə, nasazlıqlar daha qısa zamanda aradan qaldırıla bilər. Bu baxımdan ictimai nəzarətin gücləndirilməsi, vətəndaşların məsuliyyətli mövqeyi şəhər mədəniyyətinin ayrılmaz hissəsidir.

Yuxarıdakı fikirləri konkretləşdirib deyə bilərik ki, Bakı şəhərinin bir çox yeraltı keçidlərində quraşdırılan eskalatorlar həftələrlə, bəzən aylarla işləmir. Belə bir vəziyyət isə vurğulandığı kimi, xüsusilə əhalinin həssas təbəqəsi üçün ciddi narahatlıq yaradır, eskalatorların eniş və yoxuşunun pilləkən kimi istifadəsi əsl sınağa çevrilir. Problemə paytaxtın müxtəlif yerlərində, xüsusilə də şəhərin mərkəzi hissələrində – Mərkəzi Bank tərəfdən Heydər Əliyev Sarayının qarşısında, Bülbül prospekti 33 ünvanında, Bülbül və Zərifə Əliyeva küçələrinin kəsişməsində, “Qış Parkı” ətrafında yerləşən yeraltı keçidlərdə daha çox rast gəlinir.

Yeri gəlmişkən, Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətindən redaksiyamıza verilən məlumatda bu qurumun şəhər infrastrukturundan təhlükəsiz və rahat istifadəni reallaşdırmaq üçün yeraltı və yerüstü piyada keçidlərində nasaz eskalatorların təmirinin həyata keçirilməsinin daim diqqətdə saxladığı bildirilir. Eyni zamanda, mexaniki nasazlıqların və köhnəlmiş hissələrin mütəmadi yoxlanılaraq müəyyənləşdirildiyi, bundan sonra isə təmir və bərpa əməliyyatlarına başlanıldığı vurğulanır, eləcə də paytaxtın bir neçə rayonunda bu istiqamətdə aparılan işlərin artıq yekunlaşdırılması ilə eskalatorların yenidən fəaliyyətə başladığı deyilir.

Məlumatda, həmçinin qeyd edilir ki, hazırda 2025–2030-cu illər üçün Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə Dövlət Proqramı çərçivəsində bütün eskalatorların hərtərəfli monitorinqi aparılır. Nəticələrə əsasən, avadanlıqların modernləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması və xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanacağı nəzərdə tutulur.

Lakin şəhərdə çox sayda eskalatorların sıradan çıxması və onların təmirinin həftələrlə, hətta bəzən aylarla yubadılması, bundan isə paytaxt sakinlərinin, eləcə də şəhərimizə gələn qonaqların əziyyət çəkməsi, tez-tez şikayətlərin, narazılıqların eşidilməsi AYDA-nın yuxarıda diqqətə çatdırdığımız açıqlaması ilə uyğun gəlmir, sözlə əməl arasındakı ziddiyyəti eskalatorlardan gündəlik istifadə edən hər kəs yaxşı bilir. Həm də görünən dağa bələdçi olmasına heç vaxt ehtiyac duyulmur.

AYDA mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, eskalator və onların ehtiyat hissələri ölkəmizdə istehsal olunmadığına görə, xaricdən sifariş verilir, respublikamıza gətirilməsi isə müəyyən vaxt tələb edir. Ona görə də bu müddət ərzində hər hansı bir ərazidə sıradan çıxmış eskalatorların işlək vəziyyətə salınması bəzən geçikir. A.Nəcəfli onu da bildirir ki, təmsil etdiyi qurumun təmir briqadaları var. Əgər yerində təmir mümkündürsə, eskalator elə oradaca saz vəziyyətə gətirilir, əks təqdirdə, hər hansı bir ehtiyat hissə sex şəraitində işlək vəziyyətə salınaraq üzərinə yerləşdirilir. Əslində isə bu sözlər eskalatorların həftələrlə, aylarla işləməməsinə heç bir əsas vermir. Çünki, birincisi, eskalator varsa, deməli, onun ehtiyat hissələr bazası da olmalıdır. Yoxsa qurğu işləksiz vəziyyətə düşəndən sonra o xaricdən gətirilirsə, bu o qədər də inandırıcı görünmür...

Problemin həlli yolları

Nəqliyyat üzrə ekspertlərin sözlərinə görə, yeraltı və yerüstü keçidlərdə eskalatorların işləməməsi insanların fiziki yükünü artırır və piyada təhlükəsizliyini ciddi şəkildə pozur. Problemlər uzun müddət müzakirə olunsa da, hələlik gözəçarpan irəliləyiş yoxdur. Əlilliyi olan şəxslər və yaşlılar üçün bu, xüsusilə ağır nəticələr yaradır. Vəziyyətdən çıxış yolu isə keçidlərdəki eskalatorlara mütəmadi nəzarətin gücləndirilməsi, nasazlıqlara operativ reaksiya verilməsidir. Yağışlı havalarda bəzi keçidlərə su dolması isə drenaj infrastrukturunun ciddi qüsurlarını göstərir və bu keçidlər müəyyən dövrlərdə tam yararsız vəziyyətə düşür. Bir sözlə, məsələnin sistemli şəkildə aradan qaldırılması üçün kompleks yanaşma vacibdir. Ekspertlərin qənaətincə, bunun səmərəli həlli istiqamətləri isə aşağıdakılardır:

– eskalatorlarda daim texniki xidmət gücləndirilməli, elektron monitorinq sistemi tətbiq olunmalıdır;

– bütün keçidlərdə eskalatorların işə düşmə və dayanma halları barədə məlumat real vaxt rejimində aidiyyəti qurumlara ötürülməlidir;

– drenaj sistemləri müasirləşdirilməli, su toplanma riski olan keçidlərdə təcili əsaslı təmir əməliyyatları aparılmalıdır.

Yuxarıda sadalananlarla bərabər, texniki xidmətə cavabdeh qurumların hesabatlılığı artırılmalı, təmir xərclərinin şəffaflığı təmin edilməli, nasazlıqlarla bağlı məlumatların toplanması məqsədilə “qaynar xətt” və mobil tətbiq inteqrasiya olunmuş sistem kimi fəaliyyət göstərməlidir.

Yeri gəlmişkən, eskalatorların işləməməsinin fəsadları soyuq aylarda, payız və qışın yağmurlu vaxtlarında daha qabarıq nəzərə çarpır. Belə günlərdə adıçəkilən infrastrukturun işləksiz vəziyyətdə olmasından bəlkə də ən çox həssas əhali qrupu əziyyət çəkir. Bu qrup artıq pilləkənə çevrilən həmin eskalatorlardan isifadəyə yox, sürətlə hərəkət edən avtomobillərin arasından birtəhər adlayıb yolun o biri üzünə keçməyə üstünlük verir. Onu da deyək ki, bəzi keçidlərdə hətta eskalatorun alternativinin olmaması yaşlılar, hərəkət məhdudiyyəti olan insanlar və uşaq arabası olan valideynlər üçün ciddi narahatlıqlar yaradır.

Ərşad HÜSEYNOV,
nəqliyyat üzrə ekspert

Böyük şəhərlərin davamlı inkişafında piyadaların təhlükəsiz və rahat hərəkəti əsas infrastruktur elementlərindən biri hesab olunur. Bu baxımdan yeraltı və yerüstü piyada keçidləri insanların avtomobil axınına məruz qalmadan hərəkət etməsini təmin edən vacib şəhər komponentləridir. Bakı şəhərində də yüzlərlə vətəndaşın hər gün istifadə etdiyi bu keçidlər xüsusilə sıx avtomobil axınının müşahidə olunduğu prospekt və küçələrdə mühüm rol oynayır. Lakin paytaxtın müxtəlif ərazilərində yerləşən keçidlərdə eskalatorların işləməməsi, nasazlıqların uzanması və bəzi keçidlərin, ümumiyyətlə, istifadəyə yararsız vəziyyətə düşməsi ictimai narazılığı artırır.

Yerüstü və yeraltı keçidlərdə eskalatorların işləməməsi insanlara əlavə problemlər yaradır. Bu barədə çox deyilib, yazılsa da, hələlik müsbət nəticə yoxdur. Belə halda isə yeraltı və yerüstü keçidlərdən istifadə arxa plana keçir, əlilliyi olan və ya yaşlı insan fəaliyyətsiz eskalatorlarla hündür pillələri qalxıb-düşərkən çətinlik çəkir, bir çox insan isə avtomobillərin sürətlə hərəkət etdiyi yolun təhlükəli, qadağan olunmuş hissəsindən piyada təngənəfəs keçərək öz həyatını təhlükə altına atır, digər tərəfdən qəza şəraiti törədir.

Amma onu da qeyd edim ki, piyada keçidlərində eskalatorun işləməməsi avtomobillərin sürətlə hərəkət etdiyi yolu keçməkə əsas vermir. Hazırda belə yolların əksəriyyətində piyada keçidləri quraşdırılıb. İstər yerüstü, istərsə də yeraltı keçidlərin hündürlüyü o qədər də yüksək deyil. İstənilən piyada 10-15 addımlıq həmin pilləkənləri qalxa bilər. Düzdür, müəyyən əngəlli insanlar üçün xüsusi liftlərin və eskalatorların quraşdırılması zəruridir. Amma insanın 10-15 pilləkən qalxmayaraq həyatını təhlükəyə atması o deməkdir ki, o adam, belə demək mümkünsə, yaşamaq istəmir. Bununla da həm öz həyatını itirir, həm də başqa bir nəfərin həyatını məhv edir.

Bu ciddi narahatlıq doğuran problemin həlli aidiyyəti qurumlar tərəfindən diqqətdə saxlanılmalı, eskalatorların işlək olmasına mütəmadi nəzarət edilməlidir. Dövlət qurumları ilə yanaşı, vətəndaşlar da bu məsələyə həssaslıqla yanaşmalı, keçidlərdə eskalatorun işləksiz vəziyyətdə olması barədə aidiyyəti qurumlara operativ məlumatlar verməlidirlər.

Eskalatorların mütəmadi işləməməsi təkcə texniki nasazlıq problemi deyil, bu, şəhər idarəetməsinin, nəqliyyat təhlükəsizliyinin və sosial inklüzivliyin bir göstəricisidir. Bakı kimi sürətlə inkişaf edən paytaxtda belə problemlərin davam etməsi həm sosial narazılıq yaradır, həm də şəhərin imicinə mənfi təsir göstərir. Problemin həlli mümkündür və bunun üçün dövlət qurumlarının daha operativ və məsuliyyətli yanaşması, vətəndaşların fəallığının artması, şəffaf və müasir idarəetmə mexanizmlərinin tətbiqi vacibdir. Bu tədbirlər həyata keçirildiyi təqdirdə paytaxtın piyada keçidlərinin daha rahat, təhlükəsiz və bütün əhali qrupları üçün əlçatan olacağına heç bir şübhə yoxdur.

Paytaxtın mərkəzi hissəsindən tutmuş ətraf yaşayış massivlərinə qədər çoxsaylı keçidlərdə eyni problemlə qarşılaşmaq mümkündür: eskalatorlar uzun müddət işləmir, bəzən həftələrlə, hətta aylarla sıradan çıxmış vəziyyətdə qalır. Bu isə müxtəlif əhali qruplarına fərqli təsir göstərir. Sağlam insanlar üçün bu, sadəcə narahatlıq olsa da, yaşlılar, hamilə qadınlar, fiziki məhdudiyyətli şəxslər, uşaq arabası ilə hərəkət edən valideynlər üçün ciddi maneəyə çevrilir.

Beləliklə, qeyd etdiyim kimi, hündür və dik pilləkənləri qalxmaq insanlar üçün fiziki olaraq çətin olduğundan, bəzən alternativ çıxış yolu kimi daha təhlükəli variant – yoldan keçmək seçilir. Bu isə təkcə piyadalar üçün deyil, sürücülər və ümumi yol hərəkəti təhlükəsizliyi üçün böyük risk yaradır.

Vaqif BAYRAMOV
XQ









Sosial həyat