Özbəkistanda Bəxtiyar Vahabzadə adına auditoriya

post-img

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən “Azərbaycan sənət və ədəbiyyat günləri” çərçivəsində Fərqanə Dövlət Universitetində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin adını daşıyan Azərbaycanşünaslıq auditoriyasının açılışı olub.

Tədbiri universitetin rektoru Bahodirjon Şerməhəmmədov açaraq deyib ki, B.Vahabzadə yaradıcılığı iki qardaş xalqın ortaq ədəbi dünyagörüşünün mühüm tərkib hissəsidir. AMM-nin direktoru Akif Marifli çıxışında bildirib ki, Bəxtiyar Vahabzadə adına Azərbaycanşünaslıq auditoriyasının yaradılması iki ölkə arasında dostluq, qardaşlıq və humanitar əməkdaşlıq üçün yeni bir körpü rolunu oynayacaq. Onun sözlərinə görə, bu məkan yalnız simvolik əhəmiyyət daşımır, həm də tələbələr üçün Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyəti üzrə dərslərin və elmi müzakirələrin aparılacağı praktik tədris mühiti kimi fəaliyyət göstərəcək.

Auditoriyada Xalq şairi Bəxtiyar Vahabzadənin portreti və yaradıcılığını tanıdan məlumatlar, görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin fotoları, eləcə də Azərbaycan mədəni irsinin incəliklərini ifadə edən xalça və kəlağayı nümunələri auditoriyanın estetik ruhunu tamamlayır.

Q.KAZIMOV
XQ

Sosial həyat