Yusif Məmmədəliyev – 120
Görkəmli alim və ictimai xadim, Azərbaycan Respublikası Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibəti ilə Bakıda keçirilən beynəlxal konfransın iştirakçılatı yubiliyarın vətəni Naxçıvanda olublar.
Naxçıvan Dövlət Universitetində davam edən təntənədə yubiley şərəfinə ali məktəbin təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində Akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzi istifadəyə verilib. İştirakçıları mərkəzdə fəaliyyət göstərən laboratoriyalarla tanış olub və həyata keçirilən təcrübələri izləyiblər. Onlar “Akademik Yusif Məmmədəliyev-120” guşəsində görkəmli alimin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə, aldığı patentlərə, şəhadətnamələrə,digər sənədlərə baxıblar.
Mərkəzdə “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi də açılıb. Akademik və ensiklopedik nəşrlərin üstünlük təşkil etdiyi ekspozisiyada alimin həyat və elmi fəaliyyətini əks etdirən və məqalələrindən ibarət Azərbaycan, rus, ingilis və macar dillərində kitablar, jurnal və qəzet materialları yer alır.
Universitetin Konservatoriya binasında davam etdirilən məclisdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayaraq bildirib ki, görkəmli kimyaçı alim, dünyaşöhrətli akademik Yusif Məmmədəliyevin miras qoyduğu elmi ənənələr bugünkü tədqiqatçılar üçün də mühüm mayakdır. Yusif Məmmədəliyev irsi bu gün Naxçıvan Dövlət Universitetində də ətraflı tədqiq olunur, gənc nəslə aşılanır. Ali təhsil ocağında görkəmli akademikin adına təqaüd təsis olunub, bu gün isə Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzi istifadəyə verildi..
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Yusif Məmmədəliyevin elm tariximizə etdiyi töhfələri yeni nəslə daha dərindən çatdırmaq məqsədi daşıdığını qeyd edib. O bildirib ki, Yusif Məmmədəliyevin yaratdığı elmi məktəbin uğurları bu gün yüksək səviyyədə davam etdirilir, onun ideyaları müasir çağırışlar fonunda aktuallığını qoruyub saxlayır.
Universitetin heykəltəraş müəllimi Elxan Zeynalovun hazırladığı Yusif Məmmədəliyevin təsviri olan barelyef və incəsənət fakültəsinin dekanı Cavid İsmayılovun çəkdiyi portreti akademikin qızı Sevda Məmmədəliyevaya təqdim edilib.
Əməkdar incəsənət xadimi, professor Sevda Məmmədəliyeva dövlətimizin elm adamlarının xidmətlərini hər zaman yüksək qiymətləndirdiyini bildirib, atası ilə bağlı xatirələrini bölüşüb və təntənəli mərasimin təşkilinə görə minnətdarlıq edib.
Məclis bədii hissə ilə davam edib.
Yubiley təntənələrinin iştirakçıları görkəmli alimin doğulub böyüdüyü Ordubad şəhərinə də səfər ediliblər. Qonaqlar akademik Yusif Məmmədəliyevin abidəsini ev-muzeni ziyarət ediblər.
Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri


