Azərbaycan elminin biliklər xəzinəsi

post-img

Mərkəzi Elmi Kitabxana – 100

Bu gün Azərbaycanda kitabxanalar geniş və çoxşaxəli şəbəkə şəklində fəaliyyət göstərərək müxtəlif funksional kateqoriyalara bölünür. Onlar yalnız informasiya mənbəyi kimi deyil, həm də maarifçilik, təhsil və mədəni inkişafın aparıcı dayaqları qismində çıxış edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) isə ölkənin elmi ictimaiyyəti, xüsusilə alimlər və tədqiqatçılar üçün mühüm informasiya təminatı mərkəzidir.

Bir əsrlik fəaliyyəti dövründə MEK keçmişlə gələcək arasında körpü rolunu oynayan nüfuzlu elm ocağına çevrilmişdir. Bu mənəvi xəzinənin əsası 1925-ci il avqustun 19-da Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Mərkəzi Şurasının qərarı ilə yaradılmış Kitabxana-Biblioqrafiya Bürosu kimi qoyulmuşdur. Məqsəd elmi materialların sistemli şəkildə toplanması, işlənməsi və biblioqrafik təsnifatının təmin edilməsi olmuşdur.

MEK hazırda respublikanın ən zəngin kitabxana fondlarından (1 milyon yarımdan çox) birini idarə edir. Fondun komplektləşdirilməsi məcburi nüsxə, nəşriyyat-poliqrafiya müəssisələrinin təqdim etdiyi ədəbiyyat, kitab ticarəti, beynəlxalq kitab mübadiləsi və şəxsi hədiyyələr hesabına həyata keçirilir. Kitabxanada “Nadir kitablar fondu”, “Azərbaycan dilində ədəbiyyat fondu”, “Dissertasiya və avtoreferatlar fondu”, “Mübadilə fondu”, “Xarici dillərdə ədəbiyyat fondu”, “Qarabağ müharibəsi qəhrəmanları fondu” mövcuddur ki, bu fondlar oxucuların müxtəlif elmi və mədəni informasiya tələbatlarını ödəmək, həmçinin milli-mənəvi irsin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Fondlar arasında ən mühüm mövqeyi “Nadir kitablar fondu” tutur. Bu fond xüsusi elmi və tarixi əhəmiyyət kəsb edən nəşrlərin qorunmasına xidmət edir. Burada qiymətli çap məhsulları mühafizə olunur. “Nadir kitablar fondu”na 22 ən qədim kitab daxildir ki, bu əsərlər latın dilində yazılmış və əsasən qədim Roma İmperiyasının tarixi, kilsə və dini mövzularını əhatə edir. Nəşrlər 1502–1572-ci illər arasında çap olunmuş, “Azərbaycan Respublikasının Kitab Abidələri” siyahısına daxil edilmişdir. Fonddakı kitablar arasında nəşr tarixi baxımından ən qədimi 1502-ci ilə aid olan “Müxtəlif səhifələrdən və müəllifin məcmuələrindən ibarət heptologiya” (“Heptalogium ex diversis paginis atque auctorum officinis congestum”) əsəridir.

Mərkəzi Elmi Kitabxananın zəngin irsində xüsusi yer tutan fondlardan biri də “Qarabağ müharibəsi qəhrəmanları fondu”dur. Sözügedən fond ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təsis edilmişdir. Fondun fəaliyyətinin başlıca istiqaməti I və II Qarabağ müharibəsində, həmçinin Aprel və Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalmış igidlərin xatirəsini yaşatmaq, onların qəhrəmanlıq yolunu gələcək nəsillərə ötürməkdir. Bu məqsədlə fond əməkdaşları müharibə iştirakçılarının ailələri ilə mütəmadi əlaqə saxlayır, görüşlər keçirir və həmin qəhrəmanların həyatına, döyüş yoluna dair foto, video və yazılı materiallar toplayaraq arxivləşdirirlər. İndiyədək təqribən 2000 material toplanaraq sənədləşdirilib və bu iş ardıcıl şəkildə davam etdirilir.

Kitabxananın elmi-biblioqrafik fəaliyyəti də xüsusi diqqətə layiqdir. 1964-cü ildən etibarən hazırlanan “Azərbaycanın elm və mədəniyyət xadimləri” biblioqrafik seriyası kitabxananın milli elmi-mədəni irsin sistemli şəkildə sənədləşdirilməsində aparıcı rol oynayır. Bundan əlavə, müxtəlif tematik biblioqrafik göstəricilər hazırlanaraq elmi ictimaiyyətin istifadəsinə təqdim edilir ki, bu da kitabxananın milli-mədəni yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi missiyasını gücləndirir. Məsələn, “Nizami Gəncəvi” (2021); “Şuşa-270” (2022); “Görkəmli dövlət xadimi Heydər Əliyev” (2023); “Naxçıvan Muxtar Respublikası-100” (2024) biblioqrafik göstəriciləri və s.

MEK-də elektron resursların idarə olunması və onlayn xidmətlərin təmin edilməsi istiqamətində də əsaslı fəaliyyət həyata keçirilməkdədir. Bununla yanaşı, fondların komplektləşdirilməsi, yeni ədəbiyyatın qəbulu və emalı, biblioqrafik göstəricilərin hazırlanması, oxu zallarında istifadəçilərə xidmətin təşkili və nadir nəşrlərin mühafizəsi ənənəvi fəaliyyət istiqamətləri kimi davam etdirilməkdədir.

AMEA Mərkəzi Elmi Kitabxanası son illərdə informasiya xidmətlərini kökündən yeniləyərək rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırmışdır. Kitabxanada texnologiyalardan istifadənin genişləndirilməsi, resursların rəqəmsallaşdırılması və elektron platformaların yaradılması oxucular üçün biliklərə çıxışı asanlaşdırmışdır. 2024-cü ilin sentyabrında AMEA prezidentinin iştirakı ilə kitabxananın həm yenilənmiş saytı, həm də yenilənmiş elektron kitabxanası istifadəyə verildi.

2025-ci ilin iyul ayında isə elektron kitabxananın daha geniş funksionallıqlarla təkmilləşdirilmiş versiyası təqdim edildi. Artıq istifadəçilər kitabxanaya fiziki olaraq gəlmədən, istənilən yerdən və istənilən vaxt elektron xidmətlərdən faydalana bilirlər ki, bu da müasir informasiya dövrünün tələb etdiyi çevikliyi təmin edir.

Son iki ildə MEK-in rəsmi saytı tam şəkildə yenidən qurulmuş və müasir tələblərə uyğunlaşdırılmışdır. Yenilənmə çərçivəsində saytın kompüterlə yanaşı, müxtəlif smart qurğularda da stabil və funksional şəkildə işləməsini təmin edən adaptiv dizayn tətbiq edilmişdir. Saytda MEK-in fəaliyyətini əks etdirən yeni rubrikaların yaradılması nəticəsində istifadəçilər kitabxananın şərəfli tarixi, nizamnaməsi, strukturu, rəhbərliyi, elmi-metodiki şurası, fondları və kolleksiyaları, maddi-texniki bazası haqqında geniş və sistemli məlumat əldə edə bilirlər.

Kitabxananın fəaliyyətinin əsas istiqamətləri, onun tarixən formalaşmış “ilkləri” və digər kitabxanalardan üstünlükləri, eləcə də göstərilən xidmətlərin tam təsviri sayt vasitəsilə açıq şəkildə təqdim olunur. Saytın media bölməsi kitabxananın yenilikləri barədə ictimaiyyətin operativ şəkildə məlumatlandırılmasına xidmət edir və MEK-in effektiv PR strategiyasının həyata keçirilməsində mühüm rol oynayır. Bundan əlavə, xidməti məlumatlar bölməsi kitabxanaçılar üçün praktik əhəmiyyət daşıyır. Bu bölmədə onlar gündəlik işdə tez-tez müraciət etdikləri MARC formatları və UOT təsnifatı ilə bağlı məlumatlardan səmərəli şəkildə istifadə edə bilirlər.

Hazırda süni intellekt əsaslı ədəbiyyatın avtomatik təsnifatlaşdırılması sisteminin hazırlanması istiqamətində tədqiqatlar aparılır. Bununla yanaşı, inklüziv kitabxana xidmətlərinin genişləndirilməsi məqsədilə süni intellekt texnologiyalarının tətbiq perspektivləri araşdırılır. Oxucu sorğularının təhlili göstərmişdir ki, istifadəçilərin süni intellekt sahəsinə dair elmi-tədqiqat materiallarına marağı artmışdır. Bu tələbatı qarşılamaq üçün beynəlxalq tam mətn bazalarına və açıq girişli elmi jurnallara çıxış imkanları təmin edilmişdir.

Mərkəzi Elmi Kitabxananın e-layihələr bölməsi Azərbaycan elminin və mədəniyyətinin görkəmli simalarının irsini rəqəmsal mühitdə qorumaq və geniş ictimaiyyətə təqdim etmək məqsədi daşıyır. Elektron kitabxanada həmçinin “e-sərgi” adlı xüsusi bölmə fəaliyyət göstərir ki, burada müxtəlif mövzulara həsr olunmuş virtual sərgilər təqdim olunur.

Qeyd etmək lazımdır ki, elektron kitabxanada müxtəlif elm sahələrinə aid tammətnli kitablarla yanaşı, ölkəmizin siyasi, tarixi və mədəni yaddaşını əks etdirən xüsusi nəşrlər də yer alır. Xüsusilə, “Heydər Əliyev: Müstəqilliyimiz əbədidir” çoxcildliyi müstəqil dövlətçiliyimizin banisinin irsini öyrənmək üçün mühüm mənbədir. Eyni zamanda, “İlham Əliyev: İnkişaf məqsədimizdir” çoxcildliyi müasir Azərbaycanın siyasi, iqtisadi və sosial inkişaf yolunu əks etdirən qiymətli toplu kimi diqqəti cəlb edir.

Elektron kitabxanada həm də elmi və tarixi baxımdan əvəzsiz hesab olunan “Nadir kitablar” fondu istifadəçilərin ixtiyarına verilir. Bu bölmədə ölkənin elmi-mədəni irsi üçün xüsusi əhəmiyyət daşıyan, çap tarixi baxımından qədim və nadir nümunələr toplanmışdır. Bundan başqa, “Coğrafi, tarixi xəritələr” bölməsi də tədqiqatçılar, tələbələr və maraqlanan oxucular üçün olduqca dəyərli resurs sayılır.

Bu günə qədər e-kitabxana üçün 55 mindən artıq tam mətnli kitab hazırlanmış, onlardan 410 mindən çoxu sayt vasitəsilə oxucuların istifadəsinə təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, 2024-cü ilin aprel ayına qədər bu göstərici cəmi 2700 nüsxə təşkil edirdi. Elektron kataloqda isə resursların sayı 805 minə çatmışdır. Sürətli inkişafın təmin olunmasında son bir ildə alınmış yeni skan aparatlarının tətbiqi xüsusi əhəmiyyət kəsb etmişdir. 2025-ci ildə açıqlanan rəsmi hesabatda MEK-in fəaliyyət istiqamətlərinə dair bir sıra mühüm məqamlar qeyd olunub. Belə ki, elektron kitabxanada hazırda 32 mindən çox tammətnli resurs yerləşdirilmişdir. Bunlardan 21 min 42-ni e-kitab, 587-ni biblioqrafiya, 116-nı nadir kitablar, 9044-nü avtoreferat, 2799-nu jurnal və digər resurslar əhatə etməkdədir.

Kitabxanada ilk dəfə tətbiq olunan innovativ xidmət növlərindən biri də infoköşklər vasitəsilə oxuculara təqdim edilən sərbəst axtarış imkanlarıdır. Bu sistem kitabxanaçı və ya biblioqrafın birbaşa köməyinə ehtiyac olmadan istifadəçilərə axtardıqları informasiya resurslarının kitabxana fondlarında mövcudluğunu müstəqil şəkildə müəyyənləşdirməyə şərait yaradır.

Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyi çərçivəsində həyata keçirilən yenidənqurma işləri çərçivəsində “Akademiklər zalı” modernləşdirilərək tam elektron kitabxana standartlarına uyğun formada təşkil edilmişdir. Bu yenidənqurma sayəsində həm oxuculara yüksək texnoloji imkanlarla xidmət göstərmək mümkün olmuş, həm də “Akademiklər fondu” və xüsusi oxu zalı yaradılaraq elmi-tədqiqat və informasiya təminatı sahəsində infrastruktural şərait əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Bu tədbirlər kitabxananın müasir elmi-informasiya mərkəzi kimi fəaliyyətini daha da inkişaf etdirməsinə şərait yaratmışdır.

Qeyd etmək lazımdır ki, son zamanlarda Mərkəzi Elmi Kitabxana beynəlxalq əməkdaşlıq fəaliyyətini davamlı şəkildə genişləndirməyə başlamışdır. Kitabxana bu çərçivədə xarici elmi və mədəni təşkilatlarla, ali təhsil müəssisələri ilə, həmçinin Azərbaycandakı və xaricdəki diplomatik nümayəndəliklərlə qarşılıqlı əlaqələr qurur, birgə layihələr icra edir və təcrübə mübadiləsi aparır.

Hazırda MEK 46 ölkədən 129 təşkilat və 88 elmi nəşrlə əlaqələrini möhkəmləndirib və ölkəmizin xaricdəki diplomatik strukturları ilə müntəzəm əməkdaşlıq edir. Əməkdaşlıq müqavilələri arasında Misir Milli Kitabxanası və Arxivləri, Kolumbiya Mədəniyyət Nazirliyi, Türkiyənin Karabük və Yıldırım Bəyazit Universiteti Kitabxanaları, Rusiya Elmlər Akademiyasının Təbiət Elmləri Kitabxanası və digər kitabxanalar yer alır. Bundan əlavə, Litva Elmlər Akademiyasının Kitabxanası, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Kitabxanası, Özbəkistan Ürgənc Dövlət Universiteti, İstanbul Rami Kitabxanası və s. kitabxanalar ilə fəaliyyətlər həyata keçirilib.

MEK-in yüzillik yubileyi ilə bağlı müxtəlif formatlarda həyata keçirilən tədbirlər də diqqətəlayiqdir. Yubiley çərçivəsində maarifləndirici materialların nəşri, televiziya süjetlərinin hazırlanması və tematik sərgilərin təşkili kitabxananın tarixi inkişaf yolunu, zəngin fondlarını və beynəlxalq tərəfdaşlıq əlaqələrini ictimaiyyətə daha geniş şəkildə təqdim edib. Bundan əlavə, yubiley münasibətilə həyata keçirilən onlayn təşəbbüslər sırasında “100 yaşlı kitabxana” adlı virtual sərgi və kitabxananın 100 illik yubileyinə həsr olunmuş sənədli film xüsusi maraq doğurub.

Bu il noyabrın 21-də Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq Elmi Konfrans da keçirilib. Konfransda 7 ölkənin – Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Polşa, Belarus və Rusiyanın 38 təşkilatı iştirak edirdi. Nəticə olaraq, MEK-in yüzilliyi yalnız tarixi bir mərhələnin qeyd olunması deyil, həm də kitabxananın gələcək inkişaf perspektivlərinin nümayişi baxımından əlamətdar hadisəyə çevrilib.

Mərkəzi Elmi Kitabxananın yüzillik yubileyi bu gün yalnız bir müəssisənin tarixi yolunun qeyd olunması ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanda elmin, mədəniyyətin və maarifçiliyin inkişafında onun oynadığı mühüm rolu nümayiş etdirir. MEK bu gün milli-mədəni yaddaşın qorunması, elmin inkişafına dəstək və maarifçilik missiyasının həyata keçirilməsi baxımından öz mövqeyini möhkəmləndirir və yeni əsrə daha güclü addımlarla daxil olur.

Oruc QULİYEV,
AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini, tarix üzrə fəlsəfə doktoru

Sosial həyat