Lənkəranlı rus akademik

post-img

Metallurgiya sahəsində dünyanın ən görkəmli mütəxəssislərindən biri, lənkəranlı akademik, 2 dəfə Dövlət mükafatı laureatı, 5 dəfə Lenin ordenli, Sosialist Əməyi Qəhrəmanı Mixail Aleksandroviç Pavlovun nəvəsi 2011-ci il may ayında mətbuat xidmətinin rəhbəri olduğum Lənkəran Dövlət Universitetinə gəlmişdi. Adını sonralar unutduğum 40-45 yaşlarında olan rusiyalı xanım babası ilə bağlı yerlərlə maraqlanırdı və onun haqqında kitab yazdığını bildirdi. 

Onda universitetin kafedra mü­diri, filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı Hacı Mirhaşım Talışlı ilə bir­gə “Lənkəran: ensiklopedik məlumat” kitabı üzərində işləyirdik. Burada ba­bası haqqında da maraqlı yazı hazır­ladığımızı biləndə nəvəsi çox sevindi. 

Ulu babası Don kazaklarından idi. Pavlovların Lənkərana gəlişi 1855-ci ildə Rusiya–Türkiyə müharibəsi dövrünə təsadüf edib. Rusiya vətəndaşı olsa da, sonralar Azərbaycanı özünə vətən say­mış, burada da torpağa tapşırılmışdır.

Təhsil Nazirliyinin elmi-metodiki şurasının üzvü, Əməkdar müəllim Na­zim Nəsrəddinovun məlumatına görə, Pavlovlar əvvəllər Astarada yaşamış, sonralar, Mixailin 9 yaşında məktə­bə getmək məsələsi ortaya çıxanda, yaxınlıqda məktəb olmadığı üçün ailə üzvləri ikisinifli şəhər məktəbi (“Dvuxk­lassnaya qorodskaya şkola”) ilə məş­hur olan Lənkərana köçmüşdülər.

Nəvəsinin dediyinə görə, Mixail atasını xatırlamırdı. 7 yaşında olanda isə anasını itirmişdi. Mixail xatirələrin­də yazır ki, ilk illər Lənkəranın indiki Qumbaşı kəndində yaşamışdılar. 

Qeyd edək ki, Mixail Aleksand­roviç Pavlov 9 yanvar 1863-cü ildə Lənkəranda doğulub. 1874-cü ildə Lənkəranda ikisinifli şəhər məktəbini bitirdikdən sonra Bakı Real Məktəbinə daxil olub.

M.A.Pavlov Bakıda oxuyarkən bö­yük Azərbaycan yazıçısı, publisisti və alimi, xalqımızın ictimai fikir tarixində mühüm xidmətləri olmuş Həsən bəy Zərdabiyə dərin hörmət bəsləmiş, on­dan məsləhətlər almışdır. Yazıçı, res­publikanın tanınmış ziyalılarından biri, vaxtilə Lənkəran Dövlət Universitetin­də birgə işlədyimiz tədqiqatçı-alim Al­lahverdi Eminovun bununla əlaqədar qələmə aldığı “H.B.Zərdabi və akade­mik M.A.Pavlov” məqaləsində maraqlı faktlar qeydə alınmışdır. 

M.A.Pavlov 1943-cü ildə nəşr etdiyi xatirələrində keçmiş müəllimi H.B.Zər­dabi haqqında belə yazmışdır: “Alman dili dərsləri daha pis halda idi. Bizim alman dili müəllimi yaman sərxoşluq edirdi. O, şəhərdən məktəbə sərxoş gəlirdi. Şagirdləri onu ələ salır, de­diyinə qulaq asmırdılar. Mən indi də başa düşə bilmirəm ki, onu məktəbdə nə üçün saxlayırdılar? Təbiət tarixin­dən dərs deyən azərbaycanlı Həsən bəy idi. O, aşağı siniflərdə hesab dər­si verirdi. Təbiət, tarix dərsləri altıncı siniflərdə keçirilirdi. Həsən bəy bizə dedi ki, onun verdiyi dərslərə dair yax­şı kitab olmadığından dərsləri yazdıra­caqdır. Buna görə də o, bizə dərslərini yazdırır, sonra çağırıb yazdıqlarımızı soruşardı. Onun yazdıqları nə idi? Yal­nız mən bir neçə il sonra başa düşdüm ki, o, növlərin əmələ gəlməsi haqqın­da Darvinin nəzəriyyəsini bizə yazdı­rırmış. Təbii seçmə nəzəriyyəsinə dair çox misallar söylərdi. Biz yeddinci sin­fə keçərkən eşitdik ki, Həsən bəy mək­təbdən getməyə məcburdur. O, ən çox sevdiyimiz müəllimlərdən biri idi. Buna görə də onun məktəbdən getməsin­dən xəbər tutduqda Həsən bəyin evinə getdik ki, ona maraqlı dərsləri üçün təşəkkür edək və dövlət xidmətindən getdiyinə təəssüf etdiyimizi bildirdik. O, bizi qəbul edərkən əynində arxalıq və başında papaq vardı”.

Göründüyü kimi, H.B.Zərdabinin müəllim kimi fəaliyyətində yetirmələ­rinə olan həssas, qayğıkeş münasibəti Pavlov sevgi ilə xatırlayıb.

Mixailin Lənkəranda oxuduğu ikisi­nifli şəhər məktəbinin (“Dvuxklassna­ya qorodskaya şkola”) direktoru İvan İosifoviç Kalantarov olmuşdur. Təhsil müəssisəsi sovet dövründə şəhər 4 nömrəli məktəbə çevrilmişdir. Mək­təb ilk illərdə kilsə daxilində fəaliyyət göstərmişdir. 

Mixailin uşaqlıq illərində olduğu yerləri gəzdikcə hiss etdik ki, nəvəsi sevindiyindən bir yerdə qərar tuta bil­mir. Mirhaşım Talışlı Lənkəran Şəhər İcra Hakimiyyətinin indiki binasının sa­ğında yerləşmiş və hazırda məktəbin qalıqları qalmış yeri göstərərək dedi ki, “Dvuxklassnaya qorodskaya şkola” məktəbi burada yerləşirdi. Bir qədər sonra yaxınlıqdakı şəhər 4 nömrəli rus məktəbində olduq. Məktəbin o vaxtkı direktoru, Əməkdar müəllim Yeganə Babayeva keçmiş məzunları, o cüm­lədən akademik Mixail Aleksandroviç Pavlov haqqında danışdı. M.A.Pavlo­vun məktəbin görkəmli yerində vurul­muş portretinə baxanda nəvə sevincini gizlədə bilmədi. Babasının xatirəsini əziz tutduqlarına görə məktəbin kol­lektivinə minnətdarlığını bildirdi.

Lənkərana giriş Qumbaşı kən­dindən başlanır. Kənd rayon mərkə­zindən 22 kilometr aralıda, Masallı rayonu istiqamətində yerləşir. Mixail şəhərdəki məktəbə getməmişdən əv­vəl burada milliyyətcə gürcü olan bir ruhaninin evində, xalasının himayə­sində yaşamışdı. Mixailin xalasının əri A.V.Znamenski əvvəllər Astara Gömrük İdarəsində işləmişdi. 1872-ci ildə isə o, Lənkəranın Qumbaşı kən­dində yerləşən Gömrük məntəqəsində işə keçmişdi. Mixailin 5-6 yaşlarında Qumbaşı kəndində xalasının yanın­da yaşamış olduğu yerlərə baş çək­dik. Kəndin yaxınlığında, üzümçülük təsərrüfatı salındığı ərazidə 10 kazak ailəsinin qəbir daşlarının izləri həmin günlərdən xəbər verirdi.

M.A.Pavlovun nəvəsi babası ilə bağlı hər şeyi öyrənmək istəyirdi. Uzun illər qonşu Nərimanabad məktəbinin direktoru işləmiş Əməkdar müəllim İman Mikayılovun məlumatına görə, Qumbaşı kəndindəki məktəb XIX əsrin axırlarında Novo Afondan gəlmiş kilsə xadimləri tərəfindən tikilmişdir. Kənd­dəki balıqçı vətəgəsi Gürcüstandan gəlmiş Novo Afon monastrına 12 illiyə icarəyə verilmişdi.

Yaşlı adamlarla söhbətində on­lar Mixaili xatırlamadıqlarını, lakin haqqında ata-babalarından eşitdikləri­ni bildirdilər. Mixail yaşıdları ilə Azər­baycan dilində danışarmış.

M.A.Pavlovun nəvəsinin dediyinə görə, babası Azərbaycan dilini ömrü­nün axırınadək unutmamışdı. Müəllim olduğu ali məktəblərdə azərbaycan­lılarla rastlaşanda sevinər, diqqət və qayğısını onlardan əsirgəməzdi.

Tədqiqatçı-alim Allahverdi Emi­novun yazdığına görə, M.A.Pavlov Peterburq Dağ-Mədən İnstitutunu bitirdikdən sonra Vyatsk şəhər qəza­sında, Sulinsk zavodunda mühəndis işləmişdir. 1900-cü ildə pedaqoji fəa­liyyətə başlamış, 1904–1911-ci illərdə Peterburq universitetlərinin və politex­nik institutunun professoru olmuşdur. 1920-1941-ci illərdə Moskva Polad İnstitutunda işləmişdir. O, metallurgiya sənayesinin aparıcı mütəxəssislərin­dən biri kimi tanınmış, eyni zamanda “Rus metallurgiya cəmiyyəti” jurnalının redaktoru olmuşdur.

M.A.Pavlov 1958-ci il yanvarın 10-da Moskvada dünyasını dəyişmiş, ora­da da dəfn olunmuşdur. 

1963-cü ildə M.A.Pavlovun anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxılmışdır.

M.A. Pavlovun nəvəsi subtropiklər diyarından ayrılarkən dedi:

- Lənkəranda olarkən doğmaları­mın ruhunu hiss etdim, mənən yüngül­ləşdim. Əlvida demirəm. Lənkərana yenə qayıdacağam. Bu dəfə özümlə babam haqqında yazdığım kitabımla görüşünüzə gələrəm. 

Akademik M.A.Pavlovun nəvəsi­nin ünvanı Hacı Mirhaşım Talışlıda qalmışdı. Təəssüf ki, tədqiqatçı-alimin vəfatından sonra rusiyalı xanımdan bir soraq əldə edə bilmədik.

Hacı Etibar ƏHƏDOV,
Lənkəranda çıxan “Aşkarlıq” qəzetinin baş redaktoru

Sosial həyat