Biznes mərkəzində təlim
Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının yeni Qanununun tətbiqi ilə bağlı təlim-konfrans keçirilib.
Toplantıda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək 2023-cü ili muxtar respublika üçün əlamətdar və uğurlu il kimi dəyərləndirib. Bildirib ki, ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi geniş qeyd edilib, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını təmin edən Dövlət Proqramı təsdiq olunub. Ötən il Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə Naxçıvanda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib, onların problemlərinin həlli, şəffaf biznes mühitinin formalaşması istiqamətində mühüm addımlar atılıb.
Səlahiyyətli nümayəndə qeyd edib ki, ötən dövrdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın Təfsilatlı Tədbirlər Planı hazırlanaraq icrası üçün maliyyə vəsaiti ayrılıb. Bu cür layihələrin icrasında dövlət satınalmaları üzrə proseslərin səmərəli təşkili mühüm önəm daşıyır. Bu istiqamətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyini xüsusilə vurğulayan səlahiyyətli nümayəndə nəzərdə tutulan tədbirlərin icrası istiqamətində birgə mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
Fuad Nəcəfli vurğulayıb ki, muxtar respublikada bir sıra qurumlarda komplektləşdirmələr tam yekunlaşdırılmayıb. Əvvəlki idarəetmə sistemi üzrə ortaya çıxan nöqsanlar icra məsələlərində müəyyən problemlərə səbəb olur. Xüsusilə dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkar olunub. Dövlət satınalmaları sahəsində yeni qanunun tətbiqi bu istiqamətdə ortaya çıxan problemlərin həllində, şəffaflıq prinsipinin təmin olunmasında və sözügedən sosial-iqtisadi inkişaf proqramının icrasında çox faydalıdır. Fuad Nəcəfli tədbirin təşkilinə və səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarova və nazirliyin kollektivinə təşəkkür edib, təlim-konfransın işinə uğurlar arzulayıb.
Təlimdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov ötən il ərzində dövlət satınalmaları sahəsində görülən işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat verib. Bildirilib ki, dövlət satınalmaları sahəsində nəzarət tədbirlərinin nəticəsi kimi 9,5 milyon manat və ya 16 faiz dövlət vəsaitinə qənaət edilib.
Satınalma prosedurlarının nəticələrinə dair satınalan təşkilatlardan daxil olan 534 yekun protokolun 8,8 faizində nöqsanlar aşkar edilib və bununla əlaqədar həmin satınalmaların nəticələri ləğv edilib. 2023-cü ildə muxtar respublikada keçirilən satınalmaların toplam dəyəri 59,2 milyon manat olub ki, bu da ötənilki büdcə xərclərinin 10 faizindən çoxunu təşkil edib.
Vurğulanıb ki, 2023-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən muxtar respublikada dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə iki təlim keçirilib, 250-yə yaxın dövlət müəssisə və təşkilatı iştirak edib.
Sonra Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrinin müvəqqəti icraçısı təyin edilən Seymur Cəfərov kollektivə və dövlət orqanlarının rəhbərlərinə təqdim olunub.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli dövlət satınalmalarının rəqabət mühitinin formalaşmasına təsirlərindən bəhs edib, həmçinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının yeni Qanununda satınalma prosedurlarının təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsinin sahibkarları satınalmalarda daha aktiv iştiraka təşviq edəcəyini qeyd edib.
Məmməd Abbasbəyli bildirib ki, istehlakçıların hüquq və mənafelərinin qorunması əsas məqsəddir, bu məqsədi hədəf alan yeni qanun rəqabət əsaslı dayanıqlı iqtisadi inkişafı təmin edəcək. Yeni mexanizmlə tənzimlənən dövlət satınalmaları prosesinə uyğun olaraq 20-yə yaxın qayda müəyyənləşdirilib və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilib. Nəticədə, bütün dövlət satınalmaları prosesi elektronlaşaraq sahibkarlar üçün əlçatanlıq, eləcə də şəffaflıq və optimallaşma prinsipləri əsasında qurulub.
Təlim-konfransda yeni qanunun əhatə dairəsinin genişlənməsi, üstünlükləri və nəzarət mexanizmləri barədə məlumat verilib, dövlət satınalmalarının vaxtında və düzgün planlaşdırılmasına dair müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Qazilər istirahətə göndərilib
Bugünlərdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının maliyyə dəstəyi ilə 40 nəfər qazinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunub.
Mərkəzdə “Naxçıvan Qaziləri” İctimai Birliyinin üzvləri ilə çay süfrəsi arxasında görüş keçirilib. Söhbət zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası Vətən müharibəsi iştirakçıları və qaziləri daim diqqətdə saxlayır. Onların problemlərinin həlli istiqamətində müvafiq addımlar atır.
Vurğulanıb ki, ötən dövr ərzində Şura tərəfindən 32 nəfər qazinin müraciəti dinlənilib və ümumilikdə 5 min manatdan artıq maddi yardım göstərilib. 1 nəfər qazinin isə Şərur rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsində məşğulluğu təmin edilib.
Diqqətə çatdırılıb ki, yaxın günlərdə qazilərin bir qrupu da Ağbulaq İstirahət Mərkəzində olacaqlar. Şurada 101 qazinin bu imkandan istifadə etməyi nəzərdə tutulub. AHİK sədrinin müavini bu cür layihələrin bundan sonra da uğurla həyata keçiriləcəyini bildirib.
Sonra “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov çıxış edərək qazilərə diqqət və qayğıya görə minnətdarlıq edib. Digər çıxış edənlər də qazilərə göstərilən maddi və mənəvi dəstəkdən razılıqlarını ifadə ediblər.
Çay süfrəsi arxasında səmimi şəraitdə keçən görüşdə qazilərin müraciətləri dinlənilib və həlli üçün müvafiq tapşırıqlar verilib. Sonda Şahbuz rayon Kolanı kənd Uşaq Musiqi Məktəbinin Musiqi kollektivi konsert proqramı ilə çıxış edib.
Türkiyəli investorlar muxtar diyarda
Kənd Təsərrüfatı Nazirliyində türkiyəli investorlarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasında aparılan aqrar islahatlardan bəhs olunub, birgə fəaliyyətin potensial imkanları haqqında fikir mübadiləsi aparılıb. Muxtar respublikada baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi də müzakirə mövzusu olub.
Görüşdə qeyd edilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da bu sahənin inkişaf etdirilməsi əsas hədəf kimi qarşıya qoyulub. Proqramın icrasını təmin etmək məqsədilə ötən il muxtar respublikada 40 minə yaxın tut tingi əkilib.
Tədbirdə müasir dövrün tələblərinə uyğun suvarma sistemlərinin qurulması, gübrə təminatı məsələlərindən də ətraflı bəhs edilib, videomaterial izlənilib, bu formatda görüşlərin davam edəcəyi bildirilib.
İlin ilk ağacəkmə aksiyası
Naxçıvan Muxtar Respublikasında ilin ilk ağacəkmə aksiyası keçirilib. Bu məqsədlə dünən Naxçıvan şəhəri yaxınlığındakı Uzunoba su anbarının yuxarı hissəsində 4,3 hektar sahədə tinglər basdırılıb.
2100 ədəd ağaçın əkildiyi aksiyada muxtar respublikanın dövlət-özəl təşkilatların nümayəndələri və 40-dan çox ekokönüllü iştirak edib.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri