Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilib. Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq” adı ilə keçirilən iclasda təşkilata üzv olan - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstanın və müşahidəçi ölkələrin (Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistan) əmək, məşğulluq, sosial müdafiə qurumlarının və TDT-nin rəhbər şəxsləri iştirak ediblər.
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, TDT-yə üzv ölkələrlə əlaqələrin genişləndirilməsi, Türk dünyasının gücləndirilməsi ölkəmizin prioritetlərindən biridir. Nazir son illər ölkəmizdə aparılan sosial islahatlar, dövlət sosial xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində əldə olunan nailiyyətləri, DOST konsepsiyasının üstünlüklərini, işğaldan azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin məşğulluğunun təminatı üçün görülən işləri diqqətə çatdırıb.
TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev təşkilata üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsinin mühüm prioritetlərdən olduğunu və hazırkı iclasın bu məqsədə xidmət etdiyini vurğulayıb.
Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan türk dövlətlərinin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin bu gün ilk dəfə bir araya gəlməsinin, “Türk Dünyası 2040 Vizyonu” rəhbər tutulmaqla, əmək, məşğulluq və sosial müdafiə sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin xüsusi önəmini vurğulayıb.
Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin birinci müavini Kamçıbek Dosmatov, Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin müavini Sirojiddin Bobokulov, Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Viktoriya Şeqay, Şimali Kipr Türk Respublikasının əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu, Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin məşğulluq siyasəti üzrə dövlət katibi Sandor Czomba və Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Halbibi Tachjanova məşğulluq, işçi qüvvəsinin bacarıqlarının inkişafına investisiya qoyulması, əməyin təhlükəsizliyi, əlaqələndirilmiş tədbirlərin əməkdaşlıq üçün vacibliyi, əmək bazarının inkişaf etdirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırıblar.
Daha sonra Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının Bəyannaməsi imzalanıb. Sənəddə təşkilata üzv və müşahidəçi dövlətlər arasında əmək qanunvericiliyi, əmək hüquqlarının qorunması, əmək mühitində sağlamlıq və təhlükəsizlik, gender bərabərliyi və s. istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi, bunun üçün görüləcək tədbirlər, nazirliklər arasında Əmək, Məşğulluq və Sosial Müdafiə məsələləri üzrə İşçi Qrupun yaradılması nəzərdə tutulur.
XQ

