BƏƏ-nin TAQA şirkəti ölkəmizə gəlir

post-img

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Milli Energetika Şirkətinin (TAQA) ötürülmə və paylanma üzrə baş icraçı direktoru Omar Əl Haşmini, həmçinin şəbəkə inkişafı və investisiyalar üzrə direktoru Qabriele Manduzio ilə görüşüb.

Bununla bağlı EMTA-dan redak­siyaya daxil olan məlumatda bildirilir ki, görüşdə tərəflər arasında Azərbay­canda 2024-cü il yanvarın 1-dən qüv­vəyə minən “Elektroenergetika haqqın­da Qanun”da nəzərdə tutulan bir sıra məsələlər, eləcə də yeni günəş və külək elektrik stansiyalarının fəaliyyəti ilə bağ­lı “TAQA” şirkətinin ölkəmizə mümkün dəstəyi ilə bağlı qarşılıqlı fikir mübadilə­si aparılıb. Eyni zamanda, Azərbaycan, Gürcüstan və Rumıniya arasında Qara dəniz sualtı kabel layihəsi barədə məlu­mat verilib.

Xatırladaq ki, “TAQA” enerji holdinq şirkəti 2005-ci ildə təsis edilib. Əbu-Da­binin qabaqcıl şirkətlərindən biri olan “TAQA” əmirliyin iqtisadi strategiyasının həyata keçirilməsində mühüm rol oynayır. Şirkət hazırda 11 ölkədə fəaliyyət göstərir. “TAQA”nın investisiyaları əsasən, enerji istehsalı, suyun şirinləşdirilməsi, neft və qazın hasilatı və saxlanması ilə məşğul olan şirkətlərə istiqamətlənir. Bundan əlavə, şirkət mədənçıxarma, metallurgiya və xidmət sektoruna yatırımlar edir.

XQ

İqtisadiyyat