Ali və orta ixtisas məktəblərinə builki qəbulun nəticələri məlum olduqdan sonra Biləsuvar rayonunun Çaylı kəndində Mikayılovlar ailəsində sonsuz sevinc yaşandı. Bu ailənin eyni vaxtda iki övladı hərbi məktəblərə qəbul olundular. Cavidan Daxili Qoşunların Hərbi İnstitutuna, Cavid isə C.Naxçıvanski adına Hərbi Liseyə. Qardaşlar illərlə ürəklərində bəslədikləri arzularına yetişiblər. Hərbçi olmaq, Vətənin, torpağın keşiyində durmaq bu qardaşların ən böyük arzusu olub. Həm də onlar şərəfli peşə olan hərbi sahəni təsadüfən seçməyiblər.
Onların əmiləri Elşən və Zülfüqar Mikayılovlar Milli Ordunun baş giziri kimi xidmət edirlər. Dayıları isə Daxili Qoşunların zabitidir. Cəsur qardaşlar da onların yolu ilə getməyi qərara alıblar. İndi gerçəkləşən, çin olan arzuları təkcə Mikayılovlar ailəsinə deyil, bütün kənd sakinlərinə sonsuz sevinc gətirib.
Amid Mikayılovun ailəsi kənddə zəhmətkeş, halal əməyi ilə dolanan ailə kimi tanınır. Ailənin 3 övladı var. İki qardaş, bir bacı. Ailədə sonbeşik olan Sunaş gələcəkdə zabit olacaq qardaşları ilə fəxr edir.
Oğul düşmən çəpəridir deyiblər. Bu zəhmətkeş ailədə də dünyaya göz açan hər bir uşaq vətənpərvər kimi böyüyür. Zəfər Qələbəsi qazanmış Vətənimizlə, Müzəffər Ali Baş Komandanmızla, milli ordumuzla qürur duyur.
Amid bir ata kimi ixtixar hissi keçirir. Sevincinin həddi-hüdudu yoxdur. Bizimlə sevincini belə bölüşür:
– Əsl oğul Vətəni qorumaq üçün doğulur. Vətən candan şirindir, onun hər qarış torpağı müqəddəsdir, göz bəbəyi kimi qorunmalıdır. Lap körpəlikdən biz övladlarımızı bu ruhda böyütmüşük. Cavidan və Cavid bizə elə sevinc bəxş ediblər ki, sözlə ifadə etməyə çətinlik çəkirik. İnanıram ki, onlar yüzlərlə Vətən övladı kimi Vətənimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlar.
Cavidan və Cavidin anası Naidə xanımın da ürəyi sözlə doludur. Bir ana kimi sevincindən kövrəlir, həm də qürur duyur.
– Hər ikisi sağ olsun. Həm öz arzularına yetişdilər, həm də valideynlərinin və müəllimlərinin başını uca etdilər. Qəhrəman bir ölkənin, xalqın əsgəri olmaq, onların keşiyində dayanmaq böyük şərəfdir.
Çaylı kəndində gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi çox güclüdür. Bu kəndin gənc sakinləri hərbi sahəyə daha çox meyil göstərirlər. Hazırda bu kəndin yüzdən çox sakini ordu sıralarında zabit kimi qulluq edir. Onların sıraları ilbəil genişlənir. Təkcə builki məzunlardan Cavidan və Cavid də daxil olmaqla 6 məzun hərbi sahəni seçib və istəyinə çatıb.
Artıq hər iki qardaş bu təhsil ocağında hərbi biliklərə yiyələnirlər. Biz də Mikayılovlar ailəsinin sevincinə qoşularaq deyirik:
– Vətənin cəsur övladları, Sizinlə fəxr edirik!
Müşfiq MİRZƏ
XQ

