FIFA futbolda simulyasiyaların qarşısını almaq və oyunun tempini qorumaq üçün yeni qayda tətbiq etməyə hazırlaşır. Bu məqsədlə oyun zamanı tibbi müdaxilə göstərilən futbolçu meydana yalnız 2 dəqiqədən sonra daxil ola biləcək.
Yeni qayda vaxt aparmaq üçün özünü yalandan zədəli kimi göstərən futbolçuları fikirlərindən daşındırmaq məqsədi daşıyır. Amma bu qayda qapıçıya müdaxilə edildiyi və baş hakim kobudluğa yol verən futbolçuya vərəqə göstərdiyi vaxt tətbiq olunmayacaq.
Yenilik bu il Qətərdə keçiriləcək Ərəb Kubokunda ilk dəfə sınaqdan keçiriləcək.
FIFA Hakimlər Komitəsinin prezidenti Pyerluici Kollina yeni qaydanın tətbiqindən sonra simulyasiyaların sayını azalacağına, futbolun daha dinamik, ədalətli və əyləncəli olacağına ümid etdiyini bildirib.

