Türkiyənin müdafiə sənayesi şirkəti ASFA tərəfindən inşası ötən il tamamlanan “Akhisar” döyüş gəmisinin Rumıniyaya təhvil verilməsi Ankaranın hərbi-sənaye strategiyasında dönüş nöqtəsi sayılır. Bu, Türkiyənin tarixində ilk dəfədir ki, NATO və Avropa İttifaqına üzv olan ölkə Türkiyədən hərbi dəniz platforması alır. Hadisə sadəcə kommersiya əməliyyatı deyil, geniş geosiyasi mənzərədə Ankaranın mövqeyinin güclənməsinin konkret təsdiqidir.
Son 15 ildə Türkiyə müdafiə sənayesində sürətli modernləşmə həyata keçirərək xarici tədarükdən asılılığını kəskin şəkildə azaldıb. 2000-ci illərdə yerli istehsalın payı 20 faiz idisə, bu gün 80 faizə yaxınlaşıb. Pilotsuz uçuş aparatlarından tutmuş raket sistemlərinə, elektron müharibə avadanlıqlarından döyüş gəmilərinə qədər uzanan geniş istehsal xətti Türkiyəni yalnız regional deyil, qlobal silah bazarında da tanınan oyunçuya çevirib. MİLGEM proqramı çərçivəsində tikilən gəmilərin Pakistan, Ukrayna və İndoneziyaya satılması bu inkişafın əsas mərhələləri olmuşdu, Rumıniya ilə hazırkı müqavilə isə Türkiyənin Avropa bazarına ilk real çıxışı kimi qiymətləndirilir.
Rumıniyaya təhvil verilən “Akhisar” təkcə texniki modernləşmənin simvolu deyil, həm də Qara dənizdə təhlükəsizlik arxitekturasının dəyişən balansının göstəricisidir. Ukrayna müharibəsi fonunda Qara dəniz NATO-nun strateji regionuna çevrilib və Rumıniya bu bölgədə alyansın əsas dayaqlarından biridir. Türkiyənin bu ölkəyə müasir döyüş gəmisi satması NATO-nun dəniz gücünün koordinasiyasını artırır, Rumıniya donanmasının modernləşməsini sürətləndirir və bölgədə yeni təhlükəsizlik əməkdaşlığı xətti yaradır. Bu addım Türkiyənin Qara dəniz siyasətində təsir imkanlarını genişlədərək Ankaranı bölgənin təhlükəsizliyində əsas oyunçulardan biri kimi möhkəmləndirir.
Hərbi sənayenin yüksəlişi Türkiyənin geosiyasi çəkisinə də bilavasitə təsir göstərir. Ankara artıq yalnız regional güc deyil, müxtəlif regionlarda paralel təsir kanalları formalaşdıran qlobal aktora çevrilməkdədir. Müdafiə məhsullarının texnoloji cəhətdən rəqabətqabiliyyəti, daha münasib qiymət və daha çevik istehsal prosesi Türkiyəni bir çox ölkələr üçün alternativ strateji təchizatçıya çevirir. Avropa ölkələrinin müdafiə xərclərini artırdığı dövrdə Türkiyə onların modernləşmə ehtiyaclarını uyğun şərtlərlə təmin edən əsas namizədlərdən biri kimi önə çıxır. Bu isə Brüsselin Ankaraya münasibətində yeni reallıq yaradır: Türkiyə yalnız siyasi dialoq tərəfdaşı deyil, Avropanın təhlükəsizlik infrastrukturunun formalaşmasında iştirak edən mühüm aktordur.
Türkiyənin sərt gücü, - dronlar, raketlər, dəniz platformaları, - onun yumşaq güc imkanları ilə birlikdə geosiyasi çəkisini daha da artırır. Afrika, Balkanlar, Qafqaz və Orta Asiya kimi regionlarda artan siyasi təsir, humanitar layihələr və diplomatik aktivlik müdafiə sənayesi ilə paralel şəkildə genişlənir. “Akhisar”ın Rumıniyaya satılması bu geniş strategiyanın tərkib hissəsi olaraq Türkiyənin həm NATO daxilində, həm də Avropada daha sərbəst və özünəinamlı mövqeyini gücləndirir.
Beləliklə, “Akhisar”ın Rumıniya donanmasına daxil olması, sadəcə, bir gəminin satışı deyil, Türkiyənin müdafiə sənayesinin yetkinliyə çatdığını, regional gücdən qlobal aktora çevrilmək prosesində yeni mərhələyə qədəm qoyduğunu göstərən simvolik hadisədir. Ankara texnoloji müstəqilliyini geosiyasi alətə çevirərək həm qlobal silah bazarında, həm də beynəlxalq siyasətdə təsir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.
S.MƏMMƏDOV
XQ

