Özbəkistanda Bəxtiyar Vahabzadənin adını daşıyan Azərbaycanşünaslıq auditoriyasının açılışı olub

post-img

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə keçirilən “Azərbaycan sənət və ədəbiyyat günləri” çərçivəsində Fərqanə Dövlət Universitetində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin adını daşıyan Azərbaycanşünaslıq auditoriyasının açılışı olub.

Tədbiri universitetin rektoru Bahodirjon Şerməhəmmədov açaraq deyib ki, ölkə arasında humanitar və mədəni əməkdaşlığın genişlənməsi, xüsusilə universitetlərarası əlaqələrin möhkəmlənməsi gənclərin bir-birinin dilini, ədəbiyyatını və mədəniyyətini daha yaxından tanımasına xidmət edir. Rektor qeyd edib ki, B.Vahabzadə yaradıcılığı iki qardaş xalqın ortaq ədəbi dünyagörüşünün mühüm tərkib hissəsidir.

AMM-nin direktoru Akif Marifli çıxışında bildirib ki, Bəxtiyar Vahabzadə adına Azərbaycanşünaslıq auditoriyasının yaradılması iki ölkə arasında dostluq, qardaşlıq və humanitar əməkdaşlıq üçün yeni bir körpü rolunu oynayacaq. Direktor vurğulayıb ki, Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən irəli sürülən yüksək səviyyəli siyasi dialoq bu kimi mədəni layihələrin həyata keçirilməsinə güclü dəstək verir və qarşılıqlı əməkdaşlığın davamlılığını təmin edir. Onun sözlərinə görə, bu məkan yalnız simvolik əhəmiyyət daşımır, həm də tələbələr üçün Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyəti üzrə dərslərin və elmi müzakirələrin aparılacağı praktik tədris mühiti kimi fəaliyyət göstərəcək. Direktor əlavə edib ki, auditoriya, həmçinin, birgə layihələrin və ədəbi müzakirələrin keçirilməsi üçün açıq platforma olacaq.

Bəxtiyar Vahabzadə adına Azərbaycanşünaslıq auditoriyası həm tədris, həm də mədəni təqdimat məkanı kimi xüsusi zövqlə formalaşdırılıb. Auditoriyanın vizual tərtibatında Azərbaycan və Özbəkistan arasındakı dostluq və əməkdaşlığı simvolik şəkildə ifadə edən Azərbaycan və Özbəkistan prezidentlərinin portretləri, dövlət bayraqları, Azərbaycanın xəritəsi, gerb və himninin bədii təqdimatı xüsusi konseptual əhəmiyyət kəsb edir.

Burada Xalq şairi Bəxtiyar Vahabzadənin portreti və yaradıcılığını tanıdan məlumatlar, görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin fotoları, eləcə də Azərbaycan mədəni irsinin incəliklərini ifadə edən xalça və kəlağayı nümunələri auditoriyanın estetik ruhunu tamamlayır.

Kitab rəflərində Azərbaycan ədəbiyyatı, tarixi, musiqisi və humanitar əlaqələrinə dair g nəşrlər yer alıb. Auditoriyada, həmçinin, Azərbaycan mədəniyyətini simvolizə edən dekorativ-tətbiqi sənət nümunələri və xatirə suvenirləri nümayiş etdirilir.

Azərbaycan musiqi ənənəsini yaşadan tar, kamança və qaval kimi milli musiqi alətləri auditoriyanın mədəni təqdimatını daha da zənginləşdirir və bu məkanı tələbələr üçün həm mənəvi, həm də maarifləndirici bir mərkəzə çevirir.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd







Mədəniyyət