Donald Trampın son zərbəsi

post-img

“Amerikanın Səsi” söndürüldü

ABŞ-ın prezident komandası ilə “Amerikanın Səsi” (VOA) arasında davam edən gərginlik pik həddə çatıb. 2025-ci ilin əvvəlində ABŞ Qlobal Media Agentliyinin (USAGM) fəaliyyətini məhdudlaşdırmaqla həm VOA-nı, həm də onun üzv olduğu media şəbəkəsini maliyyə yardımından məhrum edən Donald Tramp 3 gün öncə hədəfə daha bir zərbə vurub. “The New York Times” qəzeti ABŞ Qlobal Media Agentliyinin (USAGM) rəhbəri Kari Leykə istinadən yazıb ki, ABŞ administrasiyası “Amerikanın Səsi”nin 6 xarici ölkə bürosunu və 4 marketinq ofisini bağlayıb.

Nəşrin məlumatına görə, ixtisarlar Cakarta, İslamabad, Nayrobi və Praqadakı ofisləri, həmçinin Almaniya və Tailandda yayımlanan bir neçə radio stansiyasını əhatə edir. Düzdür, USAGM rəhbərliyinin açıqlamasına görə, bağlanan strukturlar “artıq” sayılır və onların ləğvi 30 milyon dollardan çox vəsaitə qənaət imkanı yaradır. Amma uzun müddət davam edən bu prosesin gedişində üzə çıxan detallar deməyə əsas verir ki, məsələ təkcə “büdcə qənaəti” ilə bağlı deyil. Nəhəng “media imperiyasının” çökdürülməsi ABŞ üçün tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir. Məlumat üçün qeyd edək ki, ABŞ Federal Məhkəməsi mart ayında VOA-nın şikayətinə baxarkən, “onun strukturlarının saxlanılması barədə” qərar çıxarmışdı. Tramp komandasının indiki addımı həmin məhkəmə qərarı ilə uzlaşmır.

USAGM barəsində korrupsiya və səmərəsizlik iddiaları

Donald Tramp 7 federal qurumun ləğvi haqqında imzaladığı fərmanda USAGM-ın adını USAID-lə birgə çəkərək, bu iki qurumu eyni problem çərçivəsində qiymətləndirdiyini büruzə vermişdi. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) açıqlamalarında vurğulanırdı ki, ayrılan vəsaitlərin qeyri-şəffaf istifadəsinə görə USAGM və USAID üzərində ciddi korrupsiya şübhələri vardır. Məlumatlara əsasən, bu agentliklər vasitəsilə ayrılan maliyyənin təxminən 40 faizi mənimsənilib. Bu kontekstdə yanaşsaq, administrasiyanın arqumenti sadədir: ABŞ vergi ödəyicisinin pulu ilə fəaliyyət göstərən qurumların işində ciddi səmərəsizlik və sui-istifadə əlamətləri var.

Amma problem təkcə maliyyə maxinasiyaları ilə bağlı deyil. Trampın “Amerikanın Səsi” ilə konfliktinin dərin kökləri vardır. O, dəfələrlə VOA-nı “düşmənlərimizin sözçüsü olmaqda”, “Amerikanın imicini korlamaqda”, hətta Çin və İran kimi rəqiblərin narrativlərini yaymaqda ittiham etmişdi. Bu, artıq maliyyə deyil, siyasi kontekstli narazılıqdır. Tramp administrasiyası üçün VOA və RFE/RL kimi qurumlar artıq XXI əsrin informasiya müharibəsi tələblərinə cavab verməyən klassik “soyuq müharibə” alətləridir. “Azadlıq” radiosunun rəhbəri Stiven Kapusun öz açıqlamasında “bu radiolar bağlansa, İranın ayətullahları və Çin kommunistləri sevinəcək” deməsi isə, faktiki olaraq, bu qurumların neytral media deyil, məhz təbliğat resursu kimi fəaliyyət göstərdiyini etiraf edir. Bu isə həmin strukturların öz nizamnamələrində iddia etdikləri “qərəzsiz jurnalistika” tezisini tam təkzib edir.

“Amerikanın Səsi”nin səhvləri

VOA müxtəlif regionlarda, xüsusilə də postsovet məkanında obyektiv jurnalistika prinsiplərindən yayınmaqda ittiham olunub. Kontekstdən çıxarılmış fikirlər, birtərəfli ekspert seçimi, region ölkələrinin mövqelərinə yer verilməməsi və siyasi qərəz nümunələri çox olub.

Azərbaycan da uzun illər ərzində VOA materiallarında qərəzli təsvir olunmuş ölkələr siyahısında yer alıb. Azərbaycanın mövqeyi, rəsmi açıqlamaları ya ümumiyyətlə işıqlandırılmayıb, ya da məhdud şəkildə yer tutub. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı birtərəfli yanaşma sərgilənib. Ölkə daxilindəki proseslər yalnız neqativ fon üzərindən təqdim edilib və sair.

Bu səbəbdən “Amerikanın Səsi” Azərbaycanda heç zaman neytral media nümunəsi kimi qəbul edilməyib. Nəhayət, radiostansiyanın öz nizamnaməsinə zidd olaraq siyasi yönlü fəaliyyət göstərməsi ABŞ daxilində də ciddi tənqid mövzusuna çevrilib.

ABŞ-ın informasiya siyasəti dəyişir

Məsələnin ən vacib tərəfi budur ki, USAGM və ona bağlı radioların bağlanması təkcə maliyyə qənaəti ilə bağlı deyil. Müşahidə olunur ki, ABŞ-ın xarici informasiya siyasəti dəyişir. XXI əsrin rəqəmsal çağında ənənəvi radio formatının təsir gücü azalıb. Bunun əvəzində sosial media, rəqəmsal platformalar və hədəfli kommunikasiya texnologiyaları daha effektiv vasitələr sayılır.

Tramp administrasiyasının prioriteti daha ucuz, daha sürətli və daha geniş auditoriyalara çıxan yeni kommunikasiya alətləridir. Bu baxımdan ABŞ uzun illərdir istifadə etdiyi klassik təbliğat modelini modernləşdirməyə çalışır.

Tramp administrasiyası ilə “Amerikanın Səsi” radiosu arasında münaqişənin son mərhələsi bir çox gizli məqamları üzə çıxardı. İllərlə davam edən maliyyə maxinasiyaları, korrupsiya şübhələri, qeyri-obyektivlik, qərəzsizlilik elementləri ABŞ informasiya strategiyasının köhnəldiyini aşkarladı. Donald Tramp köhnə informasiya strukturlarını saxlamağın səmərəsiz olduğunu anlayıb. O, beynəlxalq informasiya siyasətində yeni mərhələnin başlanğıcını qurur.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

 



Siyasət