İttihamlar sübuta yetirilir

post-img

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 5-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəməyə sədrlik edən diqqətə çatdırıb ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs əvvəlki proseslərdə məhkəməyə müraciət ünvanlayaraq iclaslarda üzrlü səbəbdən iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildirən ərizələr göndəriblər.

Tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz etməyiblər və qeyd edilib ki, bugünkü iclasda həmin ifadələr səslənəcək.

Sonra iclasda zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxsin ifadələri, cinayət işi materiallarında olan ekspertiza rəyləri, protokollar və iş üzrə sübuti əhəmiyyət kəsb edən digər sənədlər elan olunub.

Məhkəmənin növbəti iclası dekabrın 8-nə təyin olunub.

XQ

Son xəbərlər