Erməni baş nazir özü də günahkardır
Məlum olduğu kimi, bir neçə gün əvvəl rəsmi İrəvan “Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesi sənədləri” adlanan toplunu açıqlayıb. Ermənistanın baş naziri Nikol Paşinyannın iki gün əvvəl söylədikləri isə həmin sənədlərdə yazılanların ictimai şüurda möhkəmləndirilməsi məqsədi daşıyır. Daha doğrusu, Nikol mövcud istiqamətdə ciddi cəhd göstərir.
Paşinyan istəyir ki, 44 günlük müharibədəki məğlubiyyətə, Qarabağ itkisinə görə günahlandırılmasın. Axı qarşıdan parlament seçiləri gəlir və Ermənistanda Nikolu xalqa xain obrazında təqdim edən qaragüruh var. Ancaq ortaya daha vacib sual çıxır və bu suala obyektiv cavab Paşinyanı da istər-istəməz, günahkara çevirir. Sual və ona cavab barədə sonda söz açacağıq. Hələlik isə...
***
Deməli, N.Paşinyan hesab edir ki, Qarabağ məsələsi 1996-cı ildə faktiki olaraq həll edilib, sadəcə, Ermənistan cəmiyyətinə bu barədə açıq şəkildə deyilməyib. Nikol həmin ildə keçirilmiş ATƏT-in Lissabon sammitini nəzərdə tutur və üzünü erməni parlamentinin müxalif kəsiminin təmsilçilərinə tutaraq xatırladır: “Dağlıq Qarabağın hansı status ala biləcəyi həmin 1996-cı il Lissabon sammitinin paketində öz əksini tapıb. Orada beynəlxalq ictimaiyyətin mövqeyi belə təqdim olunub: Dağlıq Qarabağ öz müqəddəratını təyinetmə hüququndan istifadə etməli və Azərbaycanın tərkibində özünüidarəetmə statusu almalıdır. Sizin bu illər boyu danışdıqlarınız isə Ermənistanda 20–25 il aparılan təbliğat söhbətidir və nə dərc olunmuş paketlə, nə də reallıqla əlaqəsi var”.
Bəli, 1996-cı il ATƏT-in Lissabon sammiti Qarabağ məsələsinin beynəlxalq müstəvidə tanınması baxımından Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biridir. Çünki həmin sammitdə ulu öndər Heydər Əliyevin sayəsində ölkəmizin ərazi bütövlüyünü açıq və rəsmi şəkildə dəstəkləyən prinsiplər qəbul edildi. Bu prinsipləri ATƏT-in 53 üzvündən 52-si dəstəklədi, yalnız Ermənistan əleyhinə çıxdı. Beləliklə, beynəlxalq birlik Qarabağı Azərbaycanın ayrılmaz hissəsi qismində tanıdı.
Detallara gəlincə, Lissabon sammitinin qərarında bildirildi ki, Dağlıq Qarabağ öz müqəddəratını təyin etməlidir, amma bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Bu, eyni zamanda, Dağlıq Qarabağın müstəqillik hüququnun beynəlxalq səviyyədə tanınmaması demək idi. Həmçinin, vurğulandı ki, Qarabağa yalnız Azərbaycanın daxilində geniş muxtariyyət verilə bilər. Yəni maksimum status muxtariyyətdir, ayrıca dövlətdən söhbət gedə bilməz.
Lissabon sammitində Qarabağda referendum məsələsinin çərçivəsi də Azərbaycanın xeyrinə müəyyənləşdirildi. Belə ki, sammitin yekun sənədində, prosesin yalnız Qarabağda keçiriləcəyi yazılmadı. Orada “Dağlıq Qarabağın bütün əhalisinin iradəsi” üzərində dayanıldı. Bu isə o demək idi ki, azərbaycanlı icma da referendumda iştirak etməli, eyni zamanda, proses bütün ölkə üzrə keçirilməlidir. Deməli, Qarabağın Azərbaycandan ayrılmasından söhbət gedə bilməzdi.
Lissabon sammitinin başlıca nəticələri və yekun qərarı Qarabağ danışıqlarının sonrakı mərhələlərinin də ayrılmaz preambluasını təşkil etdi. Ona görə də indi N.Paşinyan mahiyyət etibarilə yuxarıda sadaladıqlarımıza söykənir və illər boyu irəli sürülmüş həll proseslərinə diqqət çəkir. “Bütün danışıqlar heç vaxt, bir saniyə, bir an belə Qarabağ probleminin həllinə yönəlməyib. Proses Ermənistanı və müəyyən mənada Azərbaycanı tələdə saxlamağa xidmət edib. Məqsəd Qarabağ probleminin həlli deyil, Ermənistan Respublikasını müstəqil dövlətə çevrilmək imkanından məhrum etmək idi”, - deyən erməni baş nazir bu reallığın etirafının çətin olduğunu, amma irəliləmək üçün zəruriliyini vurğulayıb və ölkəsinin “geosiyasi tələdən çıxması” barədə əvvəlki fikirlərini xatırladıb.
Hansı fikirlər bu barədə söz açacaq. İndilik onu deyək ki, onsuz da başlıca məqam Qarabağ problemini həll etmək ola bilməzdi. Axı problem köklü deyildi, qondarılmış mahiyyət daşıyırdı. Aydın idi ki, söhbət ərazi iddiasından gedir. Yəni Lissabon sammitində mühüm nüans dünya birliyinin məhz ərazi iddiasına “yox” deməsidir. Paşinyan bir qədər səmimi olsa, bildirərdi ki, beynəlxalq aləm Ermənistanın haqsız istəyini nəzərə almayıb və doğru davranıb. Hərçənd, həmin beynəlxalq birliyin 1996-cı ildən 2020-ci ilədək necə ədalətsiz davrandığını da görmüşük.
Paşinyanın “geosiyasi tələ” məntiqi yerindədir. Bununla əlaqədar müxtəlif cəhətlərə toxunmaq mümkündür, əhahəzrət fakt isə odur ki, Ermənistan həmin “tələ” nəticəsində pataloji xəstəlik tapdı və bu hal, bütövlükdə müasir erməni dövlətçiliyinin ahəngini müəyyənləşdirdi. O xəstəlik ki, simptomları yenə müşahidə olunmaqdadır və buna görə Nikol hazırda “geosiyasi tələdən” çıxmaqla yanaşı, Azərbaycanla sülhün qurulmasına maneələrdən söz açır. “Bu gün səslənən “vətənpərvər” narahatlıqlar əslində tam başqa şeydən xəbər verir. Onlar Ermənistanın yenidən o tələyə qaytarılmasını istəyir, başqa heç nəyi yox”, - deyən Paşinyan indi ölkəsində dövlətçiliyin gücləndiyini iddia edir və müxtəlif arqumentlər gətirir ki, onlardan bəzilərinin əhəmiyyəti yoxdur. Məsələn, Nikol deyir ki, Ermənistan Respublikası son 500 ildə tarixinin ən çox ümidverici və ən perspektivli dövrünü yaşayır. Axı Ermənistanın 500 illik tarixi yoxdur...
Qeyd edək ki, Paşinyan 2019-cu ildə Qarabağ münaqişəsinin həlli baxımdan daha sərfəli paket variantının olduğuna dair geniş yayılmış fikirlərə də münasibət bildirib. O, belə bir durumun olmadığını deyib və əlavə edib ki, əgər əvvəlki illərdə həqiqətən yaxşı təklif var idisə, o zaman məsuliyyət həmin təklifə məhəl qoymayan hakimiyyətin üzərinə düşür. Yəni əvvəlki erməni iqtidarı məqbul varianta söykənib məsələni həll etməli idi. Bilavasitə 2019-cu ildə masada olduğu bildirilən sənədə gəlincə, Nikol onun da əvvəlki dövrün məntiqini, yəni Lissabon prinsiplərini əks etdirdiyini vurğulayıb.
N.Paşinyanın sözlərindən gəlinən qənaət onu deməyə əsas verir ki, baş nazirin rəhbərlik etdiyi komanda hakimiyyətə gəldikdən sonra Qarabağ məsələsi ilə bağlı hansısa işlər görməyə çalışıb və danışıqlar paketinin məzmununa diqqət yetirib. Bu zaman Qarabağda referendumun keçirilməsinə razılığın verilib-verilməməsi dilemması yaranıb. “Orada sual verdim: bu paketə görə Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmaya bilərmi? Mənə cavab verdilər: mümkündür, əgər Azərbaycan razılaşsa. Bütün paketlər Dağlıq Qarabağın həmin anda mövcud statusunun ləğvini nəzərdə tuturdu”, - deyən Paşinyan həmçinin qeyd edib ki, Ermənistan tərəfi gələcək referendumla statusun müəyyənləşdirilməsinə razılaşdığı anda 1991-ci il 10 dekabr referendumunun siyasi mənası aradan qalxırdı.
Məlumat üçün bildirək ki, 1991-ci il dekabrın 10-da Qarabağda keçirilmiş referendum bölgədə yaşayan erməni icmasının Azərbaycandan ayrılıb, ayrıca müstəqil dövlət yaratmaq istəyinin ifadəsi idi. Həmin vaxt Azərbaycan tərəfi prosesi qanunsuz saydı. Əvvəla, referendumda bir nəfər də olsa, azərbaycanlı iştirak etməmişdi. İkincisi isə ölkəmiz həmin il noyabrın 26-da öz ərazisindəki Qarabağın muxtar vilayət statusunu ləğv etmişdi. Paşinyanın gətirdiyi arqument isə yersiz və səmimiyyətdən uzaqdır. Sən demə, 2019-cu ildə 1996-cı ilin Lissabon sammitinin qərarında və digər həll paketlərində yer alan referendum məsələsi ilə razılaşmaq Qarabağın erməni əhalisinin 1991-ci il dekabrın 10-dakı referendumda nümayiş etdirdiyi iradəni heçə saymaq imiş və buna görə də Nikolun rəhbərlik etdiyi iqtidar durumla razılaşmayıb.
Göründüyü kimi, N.Paşinyanın nə demək istədiyi anlaşılmazdır. Əlbəttə, o, daxili auditoriya üçün danışır. Amma yaxşı olar ki, səmimi olsun. Yəni Nikol beynəlxalq birliyin Lissabon sammiti ilə Azərbaycanın tərəfində dayandığını vurğulayırsa, Ermənistanın haqsız olduğunu da diqqətə çatdırmalı, separatçı mahiyyət daşıyan 1991-ci il referendumunu az qala erməni xalqının iradəsi kimi qələmə verməməlidir.
Digər tərəfdən, əgər söhbət referendumdan gedirsə, Paşinyan Ermənistanda keçirməli olan analoji prosesə köklənməlidir. O proses ki, işğalçılığı Ermənistan konstitusiyasından çıxarmalı, daha doğrusu, erməni əsas qanununun işğalçı İstiqlaliyyət Bəyannaməsinə istinadının aradan qaldırılmasını təmin etməlidir. Nəzərə alaq ki, sözügedən bəyannamədə “Dağlıq Qarabağ Muxtar Vilayəti” ifadəsi və onun “Milli Şurası” adlandırılmış saxta təsisatın adı çəkilir. Nəhayət, Ermənistanda həm də ona görə referendum olmalıdır ki, Nikolun erməni xalqının iradəsinin təcəssümü kimi göstərdiyi 1991-ci il 10 dekabr “referendumu” da tarixin zibilliyinə göndərilsin.
***
Sonda əvvəldə vurğuladığımız kimi, Paşinyanın nə üçün günahkar olduğuna aydınlıq gətirək. Nikol 2019-cu ildə də indiki kimi ölkəsinin haqsız durumda olduğunu, beynəlxalq birlik tərəfindən dəstəklənmədiyini bilirdisə, niyə “Qarabağ Ermənistandır, nöqtə” bəyanatını verdi və müharibəyə səbəb oldu? O müharibəyə ki, orada minlərlə erməni gənci həyatını itirdi. Hər halda, bunun günahkarı sarkisyanlar, koçaryanlar və başqaları yox, elə Paşinyanın özüdür.
Ə.CAHANGİROĞLU
XQ

