Daşbulaq – daşı da, bulağı da sevinən kənd

post-img

Xocalının bu cənnət məkanına həyat yenidən qayıdıb

İki tərəfdən ağaclarla əhatələnmiş rahat, asfalt yolla Daşbulağa yaxınlaşdıqca, Xocalı faciəsinin ürək dağlayan dəhşətli kadrları gözlərim önündən keçir. Və o görüntülərdən birində jurnalistin “haradan gəlmisən” sualına titrək səslə “Daşbulaqdan” cavabını verən balaca qızcığazı – Ləfxanımı xatırlayıram.

Qürurla düşünürəm ki, çoxumuzun məhz məsum çöhrəsində qorxu və təlaş donmuş Ləfxanım sayəsində tanıdığımız Daşbulaq daha illərlə qaysaq bağlamayan yaralarımızın, dərdlərimizin adlarından biri deyil, qəhrəman oğulların azadlığına qovuşdurduğu torpaqlarımıza həyatın yenidən qayıdışının, dirçələn yurd yerlərimizin növbəti ünvanıdır. İndi Xocalının daşı-qayası, dağı-dərəsi, gülü-çiçəyi, insanları kimi saf, can dərmanı suları, bulaqları sevinən bu cənnət məkanı illərlə həsrətini çəkən doğma, əzəli sakinlərinə, əsl sahiblərinə qovuşmağın sevincini, xoşbəxtliyini yaşayır...

“Mən səni sevirəm, Daşbulaq”

Rəşadətli ordumuzun ilahi ədaləti bərqərar etməsi sayəsində Daşbulağın sakinləri kimi, tarixi adı da geri qayıdıb. Çünki ötən əsrin 90-cı illərinin əvvəllərindən Vətən müharibəsinə, Qarabağda separatçı rejimə qarşı keçirilmiş antiterror tədbirlərinə qədər kənd mənfur düşmənlər tərəfindən Astxaşen adlandırılırdı. Bu eybəcər ad çoxdan cəhənnəmə gedib. Ermənilərin həmin dövrlərdə törətdikləri cinayətlərin, vəhşiliklərin izləri isə Daşbulaqda hələ də qalır.

Kəndin girişindəki bulağı keçər-keçməz asfalt yolun bir hissəsini mişar daşlarının döşəndiyi yol əvəzləyir. Bu daşlar işğal zamanı erməni vandalları tərəfindən azərbaycanlılara məxsus evlərdən azərbaycanlı əsirlərə sökdürülərək buraya gətirdilib, çoxlarının taleyi bəlli olmayan həmin əsirlər düşmənin min-bir işgəncəsi altında daşları bu yola döşəməli olublar...

Xoş, günəşli bir payız günündə Daşbulaq bizi xoş əhval-ruhiyyə və kəndin mərkəzində yerləşdirilmiş “I love you Daşbulaq” yazısı ilə qarşılayır. Bu yazı artıq bir neçə aydır öz doğma ata-baba yurdlarına qayıtmış sakinlərin Daşbulağa olan sonsuz sevgilərini ifadə edir. Girişdəki kiçik parkda dalğalanan müqəddəs üçrəngli bayrağımızı da həyəcansız seyr etmək mümkün deyil. Kənddə əməlli-başlı canlanma hiss olunur. Təzə təmir edilmiş evlərin həyətlərindən torpaqda işləyən, qapı-bacasını sahmana salanların səs-küyləri eşidilir, küçələrdən tez-tez maşınlar şütüyür.

Böyük Qayıdışla yeni dövrü başlayan Daşbulağa gəlişimin əsas səbəbi olan ünvana baş çəkməzdən əvvəl bir cüt qoltuğağacına söykənərək yavaş-yavaş mərkəzə doğru irəliləyən kənd sakini ilə həmsöhbət olmağa çalışıram. Çalışıram ona görə ki, 66 yaşlı Vahid Əliyev sözün əsl mənasında yaşadığı acı günlərdən sonra ata yurduna qayıtmağın bəxş etdiyi xoşbəxtlik duyğularını sözlə ifadə etməkdə çətinlik çəkir. Daşbulağa köçdüyü heç bir ay deyil. Evində yaradılan şəraitlə maraqlanıram, razılıqla “hər şey yaxşıdır” deyir. Bir də deyir ki, sağ olsun Prezidentimiz, bizi kəndimizə, keçmişimizə, gələcəyimizə qovuşdurdu!

Qapıdakı həmin avtomobil, “Alişa”, Məzahiruçan qaya...

Daşbulaqda qapısını döydüyüm evin sahibini – Məzahiri neçə illərdir tanıyıram, dostluğumuz var. Məcburi köçkünlük illərində dəfələrlə Bakıda görüşmüşdük, dərdləşmişdik. Həyətdə dayanan avtomobili də məndən alıb. O zaman nə vaxtsa Xocalıda, Daşbulaqda qarşılacağımızla bağlı sadəcə xəyallar, arzular qura bilirdik. Bu günsə həmin arzularımız reallığa çevrilib.

Üstəlik, acılı-şirinli xatirələrimi oyadan avtomobil də azad Qarabağımızda qarşımda dayanıb. Ona görə də, bu anı jurnalist soyuqqanlılığı ilə yaşamaq mənim üçün asan deyil. Ən əsası, Daşbulağın ilk sakinlərindən olan Məzahir Novruzovun yaşadığı bu evə 2025-ci il sentyabrın 12-də Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev şəxsən baş çəkib, ailə üzvləri ilə söhbət edib, onlar üçün yaradılmış şəraitlə maraqlanıb.

...Həyətdə təmizlik işləri aparan, ağaclara qulluq edən ailə üzvləri gəlişimlə işlərini dayandırırlar. Səmimi görüşdən sonra yarlı-yaraşıqlı evin geniş eyvanında oturub söhbətə başlamaq istəyirik ki, özünü darta-darta gəlib küncdəki rahat yerində uzanan pişik diqqətimi çəkir. Əvvəllər evdə heyvan saxlamadıqlarını bildiyim üçün təəccüblə “sizindir?”, - deyə soruşuram. Cavab verirlər ki, Daşbulağa gələn gündən bu pişik də kəsdirib qapılarını, heç yerə getməyib. Onlar da adını “Alişa” qoyduqları pişiyə sahib çıxıblar. Yeməyini verib, qulluq edib saxlayırlar.

1989-cu ildə, 12 yaşı olanda tərk etməyə məcbur olduğu Daşbulağa indi anası, həyat yoldaşı və 3 övladı ilə qayıtmış Məzahir söhbət əsnasında uşaqlığından yadında qalanları, kəndlə bağlı xatirələrini bölüşür. Deyir, ilk gəlişimdə övladlarımla ata-baba yurdumuzu qarış-qarış gəzmişik. Onlara hər yeri tanıtmışam. Balaca olanda uçduğum (yıxıldığım – M.R.) qayanı da göstərmişəm. Əli ilə kəndin girişindəki həmin qayanı mənə də göstərib hadisəni danışır:

- Qayğısız, dəcəl uşaqlığımızı yaşayırdıq. Dostumla məftil arabamızı sürə-sürə gedib ora çıxmışdıq. Məni itələdi, yuvarlanıb aşağıdakı yola qədər uçdum. Niyə itələdi? Günah özümdə oldu Əvvəl mən onu hədələdim ki, səni burdan aşağı ataram. Dedim, ancaq eləmədim. O isə mənə ikiəllə zərbə endirib cavab verdi ki, bax, itələmək belə olar (gülür – M.R.). Bugünlərdə həmin dostum gəlmişdi. Hərbçidi. Ötən günləri yada saldıq. Dedi, indi növbə sənindi, gedək, bu dəfə sən məni oradan aşağı at...

“Prezidentimizlə görüşü heç vaxt unutmayacağıq!”

Məzahir Novruzov 2 dəfə məcuri köçkün düşüb. Əvvəl Daşbulaqdan Xocalıya, ermənilərin Xocalıda törətdikləri qanlı faciədən sonra isə Şəkiyə, daha sonralar Bakıya pənah aparıb. Deyir ki, o ağır günlərdə dövlətimiz hər zaman bizə sahib çıxıb:

- 2013-cü ildə Abşeron Gənclər Şəhərçiyində müvəqqəti yeni mənzillə təmin olunmuşduq. Şəraitimiz yaxşı olsa da ürəyimiz doğma yurd həsrəti ilə döyünürdü. Odur ki, Daşbulağa ilk köçənlərin sırasında olmaq bizim üçün böyük xöşbəxtlikdir. Bizə bu torpaqlara qayıtmağı bəxş edən Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin evimizə gəlişini, bizimlə səmimi söhbətini isə ailəmiz heç vaxt unutmayacaq! Həmin vaxt keçirdiyimiz hisslər sanki şirin bir yuxudur, sözlə ifadə etmək olmur. Allah möhtərəm Prezidentimizi qorusun! Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

Söhbətimizə Məzahirin 22 yaşlı oğlu Sənan da qoşularaq əlavə edir ki, dövlət başçısının onların evinə gəlişi həyatında ən xoş hadisə kimi yadında qalacaq. Çünki belə bir xoşbəxtlik hamıya qismət olmur.

Bakıda doğulub-böyümüş bir gəncin kənd həyatına necə uyğunlaşmasına gəlincə, Sənan özünü Daşbulaqda çox yaxşı hiss etdiyini bildirir:

- Yəqin uşaqlığımdan evimizdə Vətənlə, torpaqla, ata-baba yurdumuzla bağlı gedən söhbətlərin nəticəsidir ki, ilk gəlişimdən bu yerləri özümə doğma bilirəm. Qısa vaxtda kəndimizə elə bağlanmışam, Bakıya gedəndə Daşbulaq üçün darıxıram. Buranın havası da, suyu da sanki möcüzədir. İnsanın bütün ağrı-

acıları canlarından çıxır. Bundan sonra ən böyük arzum Qarabağımızda çalışmaq, bu yerləri yenidən qurub-yaratmaqa iştirak etməkdir.

Sənan reklam istehsalı üzrə təhsili alsa da, uşaqlığından zərgər peşəsinin sirlərini öyrənib. İndi Xankəndidə və ya yenidən qurulan Ağdamda peşəsi üzrə işləməyi planlaşdırır. Bir sözlə, ailə azad Daşbulaqda yenidən azad, xoşbəxt yaşamağın planlarını qururlar – Məzahir həyətdə ağaclar əkir, torpaqda işləyir, evin qayğıları ilə məşğul olan həyat yoldaşı da hərdən ona kömək edir, qızları həvəslə dərslərini oxuyur, oğlanları gələcək fəaliyyətləri üçün addımlar atmağa hazırlaşırlar.

Bütün xoş diləklərinin reallaşması arzusu ilə sağollaşdığımız Novruzovlar ailəsinin timsalında isə Daşbulağın yenidən inkişaf edəcəyi, tezliklə daha gözəl, daha cazibədar yaşayış məskəninə çevriləcəyi şübhə doğurmur. Bütün bunlar həm də ona görə baş verəcək ki, Daşbulağın əsl sahibləri geri qayıdıblar! Qırxqız dağının ətəyində yerləşən ecazkar mənzərəli bu kənd bundan sonra Xocalı faciəsinin dəhşətli kadrlarındakı Ləfxanımın ürək dağlayan görüntüsü ilə deyil, xoş soraqları ilə xatırlanacaq.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı, Daşbulaq





Sosial həyat