Şux təsniflər ifaçısı

post-img

Ötən əsrin yetmişinci illərinin sonları idi. Mərhum xanəndə Əlibaba Məmmədovun rəhbərlik etdiyi “Humayun” Xalq Çalğı Alətləri Ansamblının solisti, həmyerlimiz və bir az uzaq olsa da, qohumumuz Təhmiraz Şirinovla harasa getməli idik. O, yaxın qohumu olan Oktay Kərimova demişdi ki, filarmoniyada məşqimiz var, əmidən icazə alım (onlar hamısı Əlibaba Məmmədova əmi deyirdilər) məşqdə oturun (filarmoniya rəhbərliyi məşq zamanı zala heç kəsi buraxmasa da, Oktay “əmi”nin köməyi ilə bizim üçün icazə almışdı), iş saatı qurtaran kimi gedək. 

Oturduq. Məmmədbağır Bağırzadənin, Zümrüd Məm­mədovanın və Təhmiraz Şi­rinovun (həmin gün Səxavət Məmmədov yox idi) çıxışla­rından sonra Teymur Mus­tafayevlə də bir təsnifi məşq etdilər. Hərçənd, Teymur o ansamblın solisti deyildi. Əli­baba müəllimin bir neçə irad, məsləhət və tövsiyəsindən, nəhayət, məmnunluqla gü­lümsəməsindən sonra məşq bitdi və Teymur Mustafayev çevrilib konsertmeysterə nə isə dedi (Biz o qədər də gözə çarpmayaq deyə, zalın arxa yerlərində oturduğumuza görə onun nə dediyini eşidə bilmədim). Sən demə, xanən­də “Qaytağı” rəqsini sifariş edirmiş. Muğam ansamb­lının ifasında “Qaytağı”nın ecazkar şəkildə səslənməsi bir heyranlıq idisə, xanəndə­nin peşəkar rəqqaslardan da gözəl performans nümayiş etdirməsi başqa bir məmnun­luq idi…Rəqs bitənə qədər Əlibaba müəllimin üzündən təbəssüm əksilmədi.

O cümlələri bir də təkrarla 

…1999-cu il idi. Bakıda­kı Əbilov adına Mədəniyyət evində mərhum həmkarımız Rafiq Salmanovun 50 illiyi münasibətilə geniş musiqi­li tədbir təşkil olunmuşdu. Çoxsaylı sənət adamları və jurnalistlər iştirak edirdilər. Teymur Mustafayev də orada idi. Söz mənə veriləndə Nəri­man Nərimanovun bir sualını və həmin suala özünün verdi­yi cavabı bir az təhrif edərək dilə gətirdim. Nərimanovun sual və cavabı belə idi: “Bi­zim uşaqlar Şekspiri, Puşki­ni, Tolstoyu oxumalıdırlarmı? Əlbəttə, oxumalıdırlar, ancaq Nizamini, Füzulini və Axun­dovu oxuduqdan sonra”. O arqumenti müasir günlərimizə uyğunlaşdıraraq təkrar etdim: 

“Bizim gənclərimiz rok, pop, rep kimi əcnəbi mu­siqilərə qulaq asmalıdırlarmı? Əlbəttə, Əlbəttə, dinləməlidir­lər. Ancaq Seyidin, Cabbarın, Xanın, Ağabalanın, Teymurun ifalarını dinləyib öyrənəndən sonra. Zalda gənclər daha çox idi və hamısı bu münasi­bəti alqışladılar. 

Bunu eşidən Teymur Mus­tafayev kiməsə nə isə dedi. Həmin adam qalxıb getdi və əlində maqnitofon qayıtdı. Tədbir qurtaranda xanəndə məndən xahiş etdi ki, çıxışı­mın həmin cümlələrini maqni­tofon üçün təkrar edim. Tək­rarladım. 

Şairi görəndə özünə deyərsən

Teymur Mustafayevin oxuduğu toylardan birində həmkarımız Mübariz Süley­manlıya dedim: “Azərbaycan dilində “sariban” sözü yoxdur, sarvan sözü var. Bəs Teymur müəllim niyə muğamda “sari­ban” deyir? Mübariz də gedib bu sualı xanəndənin özünə verdi. Cavab çox qısa oldu: “O sualı şairi görəndə özünə verərsən!”. 

İttifaq MİRZƏBƏYLİ

 

Mədəniyyət