Bakının ən gözəl iki bağının qonşuluğunda yerləşən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının mart repertuarı elə ilk baxışdan diqqət çəkir. Sanki, baharın gəlişindən ruhlanan yaradıcı kollektiv ardıcıl olaraq bir-birindən maraqlı tamaşaları ilə sənətsevərləri sevindirir.
Cümə günü – martın 1-də teatrda rus dramaturq Petr Qladilinin ikipərdəli “Afina axşamları” lirik komediyası göstərilib. Xtırladaq ki, bu tamaşanın premyerası 2016-cı ildə olsa da, repertuardan düşməyib. Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
Pyesin süjeti bizi keçmiş zamanlara aparır, ailənin atası Boris Oleqoviçlə onun qızı, pianoçu Nataşa arasında ixtilafa toxunur. Baxışların ziddiyyətini Nataşanın nənəsi – knyaginya Rastopçina özünəməxsus tərzdə aradan qaldırır. Qeyd edək ki, ibrətamiz ruhlu tamaşa seyrçilərin marağına səbəb olub və dəfələrlə alqışlanıb.
Dünən – şənbə günü ingilis dramaturq Rey Kuninin pyesi əsasında hazırlanan “Kişi, qadın, pəncərə... məşuq” oynanılıb. Bu tamaşanın premyerası Azərbaycanın Xalq artisti İranə Tağızadənin quruluşunda 2018-ci ildə olub. Tamaşa çox qəribə vəziyyətlər kaleydoskopuna çevrilir ki, buraya pyesin bütün qəhrəmanları düşür. Hər şey isə ondan başlayır ki, mötəbər centlmen, Britaniya parlamentinin üzvü ser Uilli “Vestminster” beşulduzlu otelində otaq götürür. 13 nömrəli otağın pəncərələri Biq-Benə açılır. Məhz bütün gərginlik “nəhs rəqəm” ucbatından başlayır...
“Kişi, qadın, pəncərə... məşuq” tamaşası bu dəfə də könülləri fəth edə bilib.
Bu gün oynanılacaq 3-cü tamaşa isə rus dramaturq Leon Aqulyanskinin pyesi əsasında səhnələşdirilmiş “Sevgi, @ nöqtə.RU”-dur. Adı elektron ünvan kimi təqdim olunan bu komediya özündə həyatın daimi məsələlərini, çoxsaylı komik səhnələri və parlaq aktyorların mənasız davranışını birləşdirir. Premyerası 2022-ci ildə keçirilmiş bu səhnə əsəri Azərbaycanın Xalq artisti Aleksandra Nikuşinanın 70 illik yubileyinə həsr olunub və yubilyar özü baş rolda oynayıb. Bu tamaşanın da quruluşçu rejissoru Aleksandr Şarovskidir.
Əsərin qəhrəmanları – uğurlu işgüzar qadın və tanınmış plastik cərrah uzun müddət şəbəkə vasitəsilə ünsiyyət qururlar və nəhayət, şəxsən tanış olmağa qərar verirlər. Gedişat göstərir ki, onlar sanki bir-biri üçün doğulublar. Tamaşaçılar virtual sevgi oyunu ilə başlayan bu əsərdə bir çox maraqlı səhnələrə şahid ola bilərlər.
Ə.DOSTƏLİ
XQ