Milli rəngkarlığımızın nadir sənətkarı

post-img

Nadir Əbdürrəhmanov – 100

Tanınmış Azərbaycan rəssamı Nadir Əbdürrəhmanov düz 1 əsr əvvəl, dekabrın 5-də Laçın rayonunun Abdallar kəndində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra sənət sevgisi onu Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə gətirib. İkinci Dünya müharibəsi zamanı burada, davadan sonra isə Repin adına Leninqrad boyakarlıq, heykəltəraşlıq və memarlıq İnstitutunda təhsil alıb. Rəssamın gərgin yaradıcılıq fəaliyyətinin məhsulları olan əsərləri ölkəmizin və dünyanın muzeylərini bəzəyir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət televiziyasının ədəbi-dram verilişləri baş redaksiyasının “İncəsənət” şöbəsində çalışırdım. Bir gün Rəssamlar İttifaqında Nadir Əbdürrəhmanovla görüşdüm və onun kimi, mənim anamın da laçınlı olduğunu, özümünsə o dağlar diyarına çox getdiyimi bildirdim. Gözləri yol çəkən rəssam “Nə gözəl!” – dedi və Laçın haqqında duyğu dolu söhbətlər etdi. Erkən yaşlardan məhz o dağların “diktə”si ilə rəssamlığa könül verdiyini söylədi. Sonda isə bildirdi ki, həyatda qazandığı hər şeyə görə dağlara borcludur.

Rəssamın ata yurdu Abdallar kəndi bu adlı qədim türk tayfasına aid məskəndir. Zamanında duyğulu insanlar kimi tanınan abdallara “haqq aşıqləri”, “taxta qılınclı divanə dərvişlər” deyiblər. Bir vaxtlar qısa müddətdə olsa da, Laçın Abdallar adlanıb. Nadir Əbdürrəhmanovun təsəvvüfdə mənəvi baxımdan yüksək məqama yetmiş insanların nəslindən olması onun istedadının əsl mənbəyinin haradan gəldiyinə dəlalət edir.

Ailəsi Bakıya köçəndən sonra dağlar üçün darıxan gənc xəyalındakı təbiət möcüzələri ilə daim “həmsöhbət” olub. Çəmbərəkənddəki birotaqlı dar evlərində rəssamlığa bağlılığı onu rahat buraxmayıb və anasının icazəsi ilə döşəmədə təbaşirlə rəsmlər çəkib. Ondan 11 yaş böyük olan yaxın qohumu – rəssam və gələcəyin böyük heykəltaraşı Cəlal Qaryağdı ilə birgə eskizlər hazırlayıb. Orta məktəbi bitirdikdən sonra da elə onun xeyir-duası ilə bu sənətin arxasınca gedib. Məşhur rəssamlar Mikayıl Abdullayev və Böyükağa Mirzəzadədən dərs alıb.

Nadir Əbdürrəhmanov həm özünün nadir əsərlərini yaradıb, həm də 30 il Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, gənc fırça ustalarının yetişməsində müstəsna xidmətlər göstərib. O, 1984-cü ildən İncəsənət İnstitutunun professoru kimi çalışıb, Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olub. Əməkdar incəsənət xadimi, Xalq rəssamı fəxri adlarını alıb. Respublika Ali Sovetinin deputatı olub. “Şöhrət” ordeninə layiq görülüb. Ağsaqqal yaşında Prezidentin fərdi təqaüdçüsü olub.

Sənət yolunda qazandığı ilk uğurları həmin dövrdən Nadir Əbdürrəhmanovu istedadlı fırça ustası kimi tanıdıb. Təsvirlərindən boy göstərən yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəst-xətti, kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynayıb. Onun müxtəlif janrlarda yaratdığı iriformatlı süjetli lövhələr qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olub. Palitra əlvanlığı ilə “gəl-gəl” deyən və geniş diapazona malik olan bu əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyinin, eləcə də sərgi və qalereyaların ekspozisiyalarında nümayiş etdirilib.

Rəssamın xalqımızın tarixi keçmişini rənglərin dili ilə dolğun əks etdirən tabloları yurd sevgisi və milli qürur hissi aşılayır. Onun kompozisiya yığcamlığı və emosional təsir gücü ilə fərqlənən əsərlərini başqaları ilə dəyişik salmaq mümkün deyil. Nadir Əbdürrəhmanovun Azərbaycan incəsənətinin xaricdə tanıdılmasında xidmətləri təqdirəlayiq olub. Xarici ölkələrə yaradıcılıq səfərlərinin məhsulu kimi meydana çıxan silsilə rəsmləri Azərbaycan incəsənətinə şöhrət gətirib. Zaman keçdikcə, dünyagörüşü nə qədər genişlənsə də, Laçının gözəl təbiəti - dağları, meşələri, çayları və bulaqları onu əsrarəngiz rənglər aləmi ilə hər vaxt bağrıbadaş saxlayıb.

Eyni zamanda, Nadir Əbdürrəhmanov özünü incəsənətin müxtəlif janrlarında uğurla sınayıb. Bu baxımdam sənaye mövzularını, portretləri, müxtəlif tarixi və müasir mövzulara həsr olunmuş kompozisiyalarını qeyd etmək olar. Amma yenə də onun yaradıcılığında mənzərə janrı əsas rol oynayıb, lirik əhval-ruhiyyəli tabloları ilə “təbiətşünas”lığını daim göstərib. Özü bu barədə deyirdi: “Tez-tez Laçına, digər gözəl diyarlara səfərlər edir, təbiətlə nəfəs alır, dağ adamlarının həyatını, gündəlik məşğuliyyətlərini, istirahətlərini müşahidə edirdim. Sonra gözümdə, könlümdə yer tutanları kətana köçürürdüm”.

Ziyarətçilər Milli İncəsənət Muzeyində qorunub saxlanılan “Dağlarda alaqaranlıq” əsərini görən kimi istər-istəməz ayaq saxlayırlar. Rəssam təbiətə səyahətləri zamanı çəkdiyi etüdlərdən də istifadə edərək bu möhdəşəm əsəri yaradıb. Yağlı boya ilə işlənmiş rəsmdə dağ həyatının ruhu, insanla təbiətin sıx təması özünü bariz göstərir. Rəssam öz qəhrəmanlarını axşam çağı istirahət zamanı təsvir edib. Dərin düşüncələrə dalmış başı çalmalı xanımların gözləri uzaqlara dikilib. Burada dağ yerlərinə xas element kimi xalça da var, arxa planda çəmənlik və dağlar da.

Nadir Əbdürrəhmanovun Moskva Dövlət Tretyakov Qalereyasında saxlanılan “Laçın” tablosu rəngli çalarların vəhdəti ilə diqqət çəkir. Əsər ən doğma, ən munis duyğuların məhsuludur. Təbiət fonu, landşaft özəlliyi rəsmin əzəmətini daha da artırır. Qarlı dağların ətəyində təsvir olunmuş evlər görünür. Adam bir anlıq özünü o yerlərdə hiss edir.

Rəssamın Qarabağa, Şuşaya həsr etdiyi tabloları, “Minkənd”, “Zəngilan”, “Laçın dağlarında axşam” əsərləri həm təbiət mənzərələrini, həm də kənd həyatının əlvan rənglərini əks etdirir. Buradaca deyək ki, o gözəl yerləri nankor qonşuların işğal etməsini sənətkar öz şəxsi faciəsi kimi qəbul edirdi. 2008-ci ildə dünyasını dəyişən Nadir Əbdürrəhmanov əzəli torpaqlarımızın azadlığa qovuşmasını görə bilmədi. Amma əminik ki, bu, ona əyan olub və ruhu şaddır.

Əli NƏCƏFXANLI
XQ





Mədəniyyət