Musiqili səhnədə “Nəsillərin birliyi”

post-img

Bakı Musiqi Akademiyasının böyük zalında “Nəsillərin birliyi” adlı konsert təşkil edilib. Sənət ocağında hər hansı şənliyin olması təbii haldır və bu, tez-tez baş verir. “Nəsillərin birliyi” ideyası isə tələbələrlə müəllimlərin eyni vaxtda bir səhnəni paylaşmasını nəzərdə tutması ilə maraq kəsb edir.

Bu adlı növbəti konsertin ideya müəl­lifi Akademiyanın konsertmeyster ustalığı kafedrasının baş müəllimi Yuliya Kəri­movadır. Layihəyə solo oxuma və opera hazırlığı kafedrasının baş müəllimləri – Əməkdar artistlər Fəridə Məmmədova və İlham Nəzərov (o, həm də sənətşünaslıq üzrə fəlsəfə doktorudur) ilk qoşulanlar­dan olublar. Akademiyanın 2 kafedrası­nın 3 müəlliminin 11 yetirməsi öz ustadla­rı ilə birlikdə “Nəsillərin birliyi” silsiləsinin təməlini qoyublar. Onlardan biri – Ramal İbişov T.Quliyev adına 12 nömrəli musiqi məktəbinin 10-cu sinif şagirdi, qalan 10 nəfər isə musiqi akademiyasının tələbə­sidir).

Konsertdə akademiyanın tələbələri G.F.Hendelin, V.A.Motsartın, F.Şubertin, İ.S.Baxın, S.A.Küinin, E.Qriqin, A.Rubin­şteynin, G.Gerşvinin, G.Abdullazadənin opera və oratoriyalarından ariyaları, ro­mansları ifa ediblər. Ramal İbişov, Mər­yəm Vəliyeva, Nuray İsmayılova, İsmayıl Əsədli, Nargül Aslanova, Aysun Mahmu­dzadə, Ülkər Rüstəmli, Gültəkin Məmmə­dova, Kənan Rəhmanzadə, Emiliya Hü­seynzadə və Süsən Abasovadan sonra səhnəyə müəllimlər çıxıblar. 

Əməkdar artistlər Fəridə Məmmədo­va və İlham Nəzərov Yuliya Kərimova­nın müşayiəti ilə çıxış ediblər. Müəllimlər L.Van Bethovenin, M.Balakirevin, S.Rax­maninovun və N.Rimski-Korsakovun ya­radıcılıqlarından seçmələri təqdim edib­lər.

“Nəsillərin birliyi” konsertindən sonra Azərbaycanın Əməkdar artisti Fəridə Məmmədova təəssüratını “XQ” ilə bölüşdü: 

– Yuliya xanım “Nəsillərin birliyi” kon­sert ideyasını bizimlə bölüşəndə çox həvəslə razılaşdıq. Həm də Yuliya xa­nım istəyirdi ki, vokal sənətinə yiyələnən tələbələr onun tələbələri olan gələcək konsertmeysterlərin müşayiəti ilə çıxış etsinlər, konsertin finalında isə biz müəl­limlər çıxış edək. Həqiqətən də, çox ma­raqlı idi: əvvəlcə tələbələrimizdən ötrü həyəcan keçirdik, sonra da öz ifalarımız oldu. Deyim ki, konsert çox uğurla keçdi. Akademiyanın rəhbərliyi, müəllim və tələ­bələri ilə yanaşı, jurnalistlər, musiqisevər­lər, xarici qonaqlar bizi diqqətlə dinlədilər. Yaxşı olardı ki, bu təşəbbüs bir konsertlə bitməsin. Solo oxuma və vokal hazırlığı kafedrasının digər müəllimləri, həmçinin, başqa kafedralarda çalışan həmkarları­mız da təşəbbüsə qoşulsalar, şad olarıq. Belə konsertlər həm müəllim və tələbələri daha da yaxınlaşdırır, həm də gənc ifaçı­lar hələ tələbə ikən hansı konsertmeyster ilə daha yaxşı anlaşacaqlarını hiss edirlər ki, bu da onların gələcək yaradıcı fəaliy­yətləri üçün uğurlu başlanğıc ola bilər. 

İnanırıq ki, “Nəsillərin birliyi” kimi ya­radıcılıq vəhdətləri növbəti sənət uğurla­rına vəsilə olacaq.

Gülcahan MİRMƏMMƏD

Mədəniyyət