Replika
Səkilər birmənalı olaraq piyadalar üçündür. Təəssüf ki, bəzən onlar səkilərlə rahat və sakit yeriyə bilmirlər. Bir də görürsən ki, sən yeridiyin yerdə böyük qaya parçası kimi bir avtomobil qarşına çıxdı və az qala səni vurdu. Həmin yerdə piyadalar toqquşmalı olur, “tıxac” yaranır və əsəblər korlanır.
Doğrudur, əvvəllər belə hallar daha çox olurdu, indi azalıb. Buna görə də bənzər məzərəyə rast gələndə təəccüblənirik, sakinlər bir yana, paytaxtımızda bol olan xarici turistlərin haqqımızda nə düşünəcəkləri də bizi narahat edir. Şəkillərdə gördüyünüz mənzərələrin orada 2 gün dalbadal şahidi olmuşuq, özü də eyni yerdə – şəhərin mərkəzi ərazilərindən sayılan Şəmsi Bədəlbəyli küçəsindəki səkidə, “28 Mall” ticarət mərkəzi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında.
Bu yerdə Vaqif Bəhmənlinin hələ ötən əsrin 70-ci illərində yazdığı bir şeir yada düşür: “Ehey, kim saxlayıb bu səkidə maşını?” Sətiraltı mənaları başqa olsa da, şair hələ maşınların qarışqa kimi qaynaşmadığı o vaxt səkiləri zəbt edən sürücülərə etirazını şeirə gətirmişdi. Görünür, şeir hərfi mənasında bu gün də aktual olaraq qalır.
Yaxşı, bəs, yol polisi nə üçün həmin maşınları cərimə meydançasına aparıb, özbaşına sürücüləri cərimələmir? Axı, onlar maşınlarını xəlvət guşədə deyil, məhz, necə deyərlər, göz deşən yerdə saxlamaqla piyadalara etinasızlıq göstərirlər! İradımız həm də Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinədir. İnanmazsınız, fotoları düz həmin nümayəndəliyin qarşısında çəkmişik. Bəs, onlar buna necə göz yumurlar?
Onu da deyək ki, sözügedən küçənin aşağı başında da belə xoşagəlməz mənzərə olur, özü də, necə deyərlər, “qanuniləşmiş” şəkildə. Dəmiryol vağzalı ilə “28 May” metro stansiyasının qarşısındakı meydanda, görkəmli dramaturq Cəfər Cabbarlının abidəsinin düz arxa tərəfində rəsmi pullu dayanacaq fəaliyyət göstərir. Bu da günün istənilən vaxtında böyük piyada sıxlığı müşahidə olunan bir yer üçün tamamilə qəbuledilməzdir. Hələ onu demirik ki, bu azmış kimi, həmin dayanacağın ətrafında da minik avtomobilləri “park” edilməklə daha acınacaqlı vəziyyət yaradır. “Parkinq”in yerində gül-çiçəkli park və ya xiyaban yaradılsa, daha məqsədəuyğun olmazmı?
P.S.: Bu yazıda biz yalnız eyni yerdə 2 gün ardıcıl şahidi olduğumuz faktları qabartdıq. Sözsüz ki, paytaxtın digər yerlərində də belə narahatedici mənzərələr var. Əlaqədar qurumların bu barədə düşünüb, təsirli tədbirlər görməsi günün tələbidir.
Əli ƏLİYEV
XQ