Çörçil: “Qədim Roma imperiyası süqut etdiyi kimi, müasir Avropa sivilizasiyası da çökə bilər”
İslam dinamik inkişaf edən bir dindir və dünyada onun tərəfdarlarının sayı günbəgün artır. Ona görə də Avropada müsəlmanların sayının artması həm maraq, həm də narahatlıq doğurur. Qədim qitənin qarşıdan gələn total islamlaşması ilə bağlı analitiklərin proqnozları elmi və siyasi dairələrdə ciddi müzakirə və mübahisələrə yol açır.
Bu narahatlıq dünənin, bugünün məsələsi deyil. Məsələn, Böyük Britaniyanın siyasət nəhəngi sayılan Uinston Çörçil hələ 1899-cu ildə nəşr edilən “Çay üzərində müharibə” əsərində ingilislərə xəbərdalıq edirdi ki, bir vaxtlar barbarlar Romanı təhdid etdiyi kimi, indi İslam Avropa üçün təhlükə yaradır. Çörçill yazırdı: “Məhəmmədlik öz tərəfinə yeni dindarları cəlb etməyi hədəfləyən mübariz bir dindir. Dünyada ondan daha güclü hərəkət edən qüvvə yoxdur... Qədim Roma sivilizasiyası çökdüyü kimi, müasir Avropa sivilizasiyası da çökə bilər”. Bundan 70 il sonra ingilis siyasətinin daha bir nümayəndəsi Con Enox Pauell özünün məşhur “qanlı çaylar” adlı nitqində ciddi xəbərdarlıq edirdi ki, İngiltərə hədsiz emiqrasiyaya imkan verdiyi üçün “özünə dəfn tonqalı hazırlayır”.
İtaliyan yazıçısı Umberto Eko isə bu həyəcanını daha obrazlı şəkildə belə ifadə edir: “Üçüncü dünya Avropanın qapılarını döyür və hətta “Köhnə qitə” onları içəri buraxmağa razı olmasa belə, onlar daxil olurlar. Növbəti minillikdə Avropa çoxirqli, ya da arzu etsəniz, çoxrəngli məkana çevriləcək”.
Avropanın bu və digər ictimai-siyasi xadimlərinin həyəcanı səbəbsiz deyil. Bu gün əksər tədqiqatlar göstərir ki, XX əsrin son üçdə biri - XXI əsrin əvvəllərində Avropada müsəlmanların sayının artımı həndəsi silsilə xarakteri daşıyır. Bu tendensiya davam edərsə, o zaman 2050-ci ilə qədər Avropa İttifaqında İslam ölkələrindən olan mühacirlərin payı, bəzi proqnozlara görə, onun əhalisinin üçdə birinə, hətta yarısına çata bilər.
Buna baxmayaraq, 2017-ci ildən başlayaraq Amerika sosioloqları daha ehtiyatlı proqnozlar verirlər. “Pew Research Center” Amerika sosioloji mərkəzinin keçirdiyi tədqiqatların nəticəsində onlar bu qənaətə gəlmişdilər ki, yaxın 30 ildə Avropada müsəlmanların sayı, həqiqətən, sürətlə artacaq. Sosioloqlar o zaman qitədə müsəlmanların artmasının 3 mümkün inkişaf variantını təklif edirdilər.
Birinci variantda Avropaya emiqrasiyanın tamamilə dayanacağı nəzərdə tutulur və yalnız təbii artımdan danışılırdı. Sosioloqlar müsəlman ailələrində yüksək doğum səviyyəsi ilə əlaqədar olaraq, Avropa sakinlərinin ümumi sayında İslam tərəfdarlarının sayının həmin dövr üçün 4,9 faizdən 7,4 faizə yüksələcəyini bildirirdilər.
İkinci variantda yalnız Avropa ölkələrinə müntəzəm, işləyən emiqrasiya nəzərdə tutulurdu. Belə olarsa, 2050-ci ildə Avropada 11,2 faiz müsəlmanın olacağı ehtimal edilirdi. Alimlər bildirirdilər ki, İslam ölkələrindən Avropaya qaçqın axınının sürəti 2014-2016-cı illər səviyyəsində qalarsa, 32 ildə Avropada müsəlman əhalinin payı 14 faiz çatacaq.
Mərkəzin ozamankı araşdırması 28 Aİ ölkəsini, həmçinin Norveç və İsveçrəni əhatə edirdi. Tədqiqatçılar bildirirdilər ki, onların proqnozları yalnız təxmini parametrlər hesab edilə bilər. Siyasi və iqtisadi proseslərin gözlənilməz olması səbəbindən gələcəkdə Avropada məskunlaşacaq miqrantların sayını dəqiq proqnozlaşdırmağı isə mümkün hesab etmirdilər.
Statistikaya görə, 2016-cı ilin ortalarında müsəlmanlar Avropanın ümumi əhalisinin 4,9 faizini təşkil ediblər ki, bu da 2010-cu illə müqayisədə 19,5 milyon, və ya 3,8 faiz çox idi. Sosioloqlar düşünrdülər ki, emiqrasiya olmasa, Avropa əhalisi doğum nisbətinin azalması və əhalinin getdikcə daha sürətli qocalması səbəbindən əhəmiyyətli dərəcədə azalma ilə üzləşəcək. Müsəlman emiqrasiyasının “orta” proqnozu ilə Avropanın əhalisi sabit səviyyədə qalacaq və üçüncü ssenari ilə Aİ ölkələrinin, eləcə də İsveçrə və Norveçin sakinlərinin ümumi sayı isə artacaq, amma çox az.
Bundan əlavə, tədqiqatçılar İsveçin bu ölkədə müsəlmanların payının son dərəcə ciddi artımı ilə üzləşəcəyini xüsusi qeyd edirdilər. İslama etiqad edən yeni insanların gəlişinin tamamilə dayandırılması şərti ilə 2050-ci ilə qədər müsəlmanların sayı ölkədəki əhalinin 11 faizini, “orta” variantda 21 faizini, miqrasiya səviyyəsi 2015-2016-cı illərdəki səviyyədə qalarsa – daha çox 31 faizini təşkil edəcək.
Tədqiqat mərkəzinin hesablamalarına görə müsəlmanların sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilən üçüncü ölkə Fransa hesab edilirdi. Ssenaridən asılı olaraq, 2050-ci ilə qədər İslama inananların sayı müvafiq olaraq 12,7 faiz, 17 faiz və ya 18 faiz təşkil edəcək. Ekspertlər bunu Fransada yaxın gələcəkdə valideyn olacaq çoxlu müsəlman yeniyetmələrin olması ilə əlaqələndirirdilər.
Proqnoza əhəmiyyətli düzəlişlər edə biləcək başqa bir amil Avropa ölkələrində nə qədər miqrantın tezliklə hüquqi status alacağı idi. Statistika göstərirdi ki, 2010-2016-cı illərdə Avropaya 3,7 milyon müsəlman miqrant gəlib, lakin 2017-ci ildə onlardan yalnız 2,5 milyonunun hüquqi statusu var idi.
Sual oluna bilər ki, bəs hazırda vəziyyət necədir?
Bu günlərdə “American Thinker” nəşrində dərc edilmiş məqalədə qeyd edilir ki, 2050-ci ilə qədər Avropada müsəlmanların payı 11,2 və ya 14 faiz təşkil edə bilər.
Nəşrin yazdığına görə, qaçqın axını əvvəlki bir neçə onilliyin orta göstəricisi ilə müqayisədə son bir neçə ildə olduqca yüksək olmuşdur . Lakin Aİ və onun ayrı-ayrı üzvləri indi öz miqrasiya siyasətlərini daha məhdudlaşdırıcı istiqamətə uyğunlaşdırdıqları üçün artıq qitəyə axın azalmağa başlamışdır.
Sosioloqlar etiraf edirlər ki, miqrasiyanın gələcək səviyyələrini proqnozlaşdırmaq mümkün deyil, çünki bu, təkcə Avropadankənar siyasi və iqtisadi şəraitdən deyil, həm də qitə daxilində dəyişən iqtisadi şəraitdən və hökumət siyasətindən asılıdır.
Bu ssenarilərin heç biri tam olaraq proqnozlaşdırıldığı kimi özünü göstərməsə də, hamısı fərqli bir nəticəni təsəvvür etmək üçün bir sıra ehtimallar söyləməyə əsas verir. Məsələn, əgər müntəzəm miqrasiya hazırkı səviyyədə qalarsa və sığınacaq axtaranlar gəlməyə və qaçqın statusu almağa davam edərsə - 2014-2016-cı illərdəki müstəsna miqrasiya böhranı zamanı olduğu miqyasda qalarsa - o zaman 2050-ci ilə qədər Avropadakı müsəlmanların sayı 11,2 faizlə 14 faiz arasında olacaq.
Müsəlmanların miqrasiyası artdıqca münaqişə ehtimalı da artır. Hələ 2008-ci ildə “The Washington Post” nəşri Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Maykl Haydenə istinadla yazmışdı ki, Avropanın müsəlman əhalisi sürətlə artmaqda davam edəcək. Eyni zamanda, Avropanın yerli əhalisinin doğum səviyyəsi daha da azalacaq. Müsəlman miqrantların inteqrasiyası Avropa dövlətləri üçün ciddi problemlər yaradacaq və vətəndaş müharibələri və ekstremizm potensialı təhlükəsini əhəmiyyətli dərəcədə artıracaq.
Nəşr yazır ki, “kafir” avropalılara qarşı vətəndaş müharibəsi çoxdan başlayıb. “Tarixçi Bernard Lyuisin sözləri ilə desək, “Avropa qalası”na hücumların tarixi üçüncü dalğası İslamın müasir dövrdəki ən uğurlu fəth kampaniyasıdır. Müsəlmanlar nəinki qitəmizi islamlaşdırmaq istəklərini gizlətmirlər, hər yerdə bunu yüksək səslə bəyan edirlər”, deyə “The Washington Post” nəşri yazır.
(ardı var)
İlqar RÜSTƏMOV
XQ