Qarabağ zəfəri Gəncə səhnəsində

post-img

Vətən müharibəsində tarixi zəfərin bədii-estetik düşüncədə yaşadılması müasir Azərbaycan ədəbiyyatının və teatr sənətinin qarşısında duran mühüm vəzifələrdəndir. Gənc yazar Vaqif Əmiraslanın “Gülüstan” pyesi də bu missiyaya xidmət edən səhnə əsərlərindəndir.

Əsərin əsas üstünlüklərindən biri onun real həyat hadisələri üzərində qurulmasıdır. Müəllif döyüş meydanında yaşanan həqiqətləri canlı insan taleləri fonunda təqdim etməyə nail olub. Pyesdə hadisələr Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizə fonunda inkişaf edir. Müəllif obrazların daxili dünyasını açmaqla müharibənin yalnız cəbhədə deyil, insanların ruhunda da yaşandığını göstərir. Əsərdə şəhid analarının ağrısı, qazilərin mənəvi gücü, əsgərlərin vətən sevgisi və xalqın bir amal ətrafında birləşməsi yüksək emosional təsir vasitəsilə təqdim olunur. Təbii ki, “Gülüstan” adının seçilməsi də rəmzi məna daşıyır, həm milli yaddaş, həm də tarixi faciə və mübarizə ilə assosiasiya olunur.

Əsərin səhnə təcəssümü də maraq doğurur. Pyesin quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadov, döyüş səhnələrinin qurulması üzrə məsləhətçisi isə Vətən müharibəsi iştirakçısı, teatrın rejissoru Şahmar Məmmədovdur.

Tamaşaçı burada özünü, öz ağrısını, öz qürurunu görür. Çünki bu əsər xalqın yaşadığı gerçək tarixdən doğub. Əsərdə vətənpərvərlik hissi təbliğat xarakteri daşımır, əksinə obrazların taleyi və insan münasibətləri üzərindən təbii şəkildə təqdim olunur. Bu isə tamaşanın təsir gücünü daha da artırır.

Əsərdə yalnız müharibə deyil, həm də insanın mənəvi gücü, vətənə bağlılığı və milli kimliyi ön plana çıxır. “Gülüstan” həm dramaturji məziyyətləri, həm də səhnə həlli baxımından müasir Azərbaycan teatrında mühüm hadisə hesab oluna bilər. 44 günlük Vətən müharibəsinin ruhunu yaşadan, şəhidlərimizin xatirəsini ucaldan və gələcək nəsillərə vətən sevgisi aşılayan bu sənət nümunəsi bir daha sübut edir ki, teatr yalnız əyləncə vasitəsi deyil, həm də xalqın yaddaşını yaşadan, tarixini qoruyan və milli ruhunu formalaşdıran mənəvi gücdür.

Pyesdə İlqar Həşimov obrazı tamaşanın ideya yükünü daşıyan, Vətən müharibəsinin ruhunu, Azərbaycan əsgərinin mənəvi dünyasını və xalqın qələbə əzmini özündə birləşdirən simvollardan biri kimi təqdim olunur. O, müasir Azərbaycan gəncinin ümumiləşdirilmiş və bədii şəkildə ideallaşdırılmış xarakteridir. İlqar üçün Vətən, sadəcə, torpaq anlayışı deyil; bu məfhum onun kimliyi, mənəvi borcu və həyat amalına çevrilmişdir. O, müharibəyə doğma torpaqların azadlığı naminə gedir. İlqar Həşimov obrazında müəllif Azərbaycan əsgərinin xarakterik keyfiyyətlərini ümumiləşdirib. O, qorxunu dəf etməyi bacaran, məsuliyyət hissi yüksək olan, döyüş yoldaşlarına sədaqətli və ailəsinə bağlı bir gənc olaraq təqdim edilir. Obrazın gücü onun pafoslu çıxışlarında deyil, davranışlarında və mənəvi möhkəmliyində üzə çıxır.

Pyesdə diqqətçəkən qadın obrazlarından biri İlqarın sevgilisi Dilguşədir. Tarix müəllimi obrazı əsərin ideya istiqamətini müəyyənləşdirən mühüm personajlardandır. Təsirli və ideya baxımından ən yaddaqalan obrazlardan biri də Gülüstan ana obrazıdır. Gülüstan ana Vətən uğrunda övladlarını qurban verən Azərbaycan analarının bədii timsalıdır. Dədə Qorqud obrazı isə tamaşada yalnız folklor personajı kimi deyil, xalqın milli yaddaşının, mənəvi köklərinin və tarixi davamlılığının rəmzi kimi təqdim olunur. Müəllif Dədə Qorqud vasitəsilə keçmişlə bu günü birləşdirir, qədim türk qəhrəmanlıq ruhunun müasir Ata obrazında vətənpərvərlik hissi xüsusi yer tutur. Məktəb səhnəsində diqqəti çəkən şagird obrazları əsərin əsas ideyasını daşıyan vətənpərvərliyi əks etdirir.

Pyesdə erməni surətləri əsərin konflikt xəttinin formalaşmasında mühüm yer tutur. Bu obrazlar yalnız qarşı tərəfi təmsil edən personajlar kimi deyil, həm də müharibənin mahiyyətini, işğalçılıq siyasətini və insan faciəsini göstərən dramaturji vasitə kimi təqdim olunur.

Rejissor əsərin yalnız mətnini səhnəyə köçürməklə kifayətlənmir, eyni zamanda, onun daxili ritmini, emosional atmosferini və fəlsəfi məzmununu teatr dili vasitəsilə açmağa çalışır. Musiqi tərtibatı rejissor konsepsiyasının vacib hissəsidir. Qəhrəmanlıq ruhunu ifadə edən ritmik musiqilər döyüş səhnələrinə dinamika verir, lirizm və həsrət hissi daşıyan melodiyalar isə ailə və sevgi səhnələrinin emosional təsirini artırır. Səhnə tərtibatı yalnız dekor funksiyası daşımır, həm də əsərin fəlsəfi məzmununu vizual dillə ifadə edən mühüm dramaturji vasitəyə çevrilir.

Nəticə etibarilə, “Gülüstan” pyesi çoxqatlı konflikt sistemi üzərində qurulmuş və milli-mənəvi ideyanı ön plana çıxaran uğurlu səhnə əsəridir. Əsərin bədii nəticəsi göstərir ki, Vətən müharibəsi yalnız hərbi qələbə deyil, həm də milli yaddaşın, mənəvi gücün və xalq birliyinin təntənəsidir.

Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas
Gəncə

Mədəniyyət