Dünya möhtəşəm futbol bayramına hazırlaşır

post-img

2026-cı il futbol üzrə Dünya çempionatının startına bir həftədən də az vaxt qalır. Planetin elə bir nöqtəsi yoxdur ki, orada azarkeşi olmayan bu populyar və cazibədar oyunun həyəcanını yaşamasınlar. Doğma arenalarda son məşqlərini başa vuran milli komandalar artıq yarışlara ev sahibliyi edəcək ölkələrə yola düşürlər. Yarışların keçiriləcəyi şəhərlər isə son hazırlıqlarını görür və dünyanın ən sevimli oyununun iştirakçılarını və çılğın azarkeşlərini xoş əhval-ruhiyyə ilə qarşılayırlar.

Bu populyar oyunun tarixini qeydə alan jurnalistlər və şərhçilər qarşıdakı Dünya Çempionatının indiyə qədər keçirilən ən böyük futbol turniri kimi tarixə düşəcəyini bildirirlər. Bu, həqiqətən belədir. Çünki ilk dəfədir ki, 3 ölkə - ABŞ, Kanada və Meksika – yarışa ev sahibliyi edəcək. 39 gün ərzində planetin ən yaxşı futbol komandaları Dünya Çempionatının ən yüksək mükafatı uğrunda mübarizə aparacaqlar.

Turnirin unikal xüsusiyyətlərindən biri də bu çempionatda rekord sayda komandanın iştirak etməsidir. Dünya kuboku tarixində ilk dəfə olaraq 32 komanda əvəzinə, bütün qitələri təmsil edən 48 milli komanda meydanlarda mübarizə aparacaq. Bu, əvvəllər yalnız Dünya Çempionatında yarışmağı xəyal edən bir çox ölkələr üçün yeni imkanlar açır. Ev sahibi şəhərlərin küçələrində artıq böyük idman bayramının ab-havası geniş müşahidə edilməkdədir. Stadionlar yüz minlərlə tamaşaçı qəbul etməyə hazırdır, hotellər, hava limanları və nəqliyyat sistemləri isə tam gücü ilə işləyir. Təşkilatçılar milyonlarla turist və rekord sayda televiziya auditoriyası gözləyirlər.

Bu turnirin tarixi göstərir ki, 1994-cü ildə ABŞ futbol üzrə Dünya Çempionatına ev sahibliyi edərkən 30 illik tamaşaçı rekordu qırmışdı. Dünya kubokunun həmin rekordu bu il yenilənə bilər, əlbəttə, əgər Birləşmiş Ştatlar bütün dünyadan 10 milyona qədər azarkeş cəlb edə bilsə. Etiraf edək ki, ölkənin də buna imkanları çatır. Çünki ABŞ 60-80 min arasında azarkeş tutumuna malik stadionlarla belə böyük bir tədbirə ev sahibliyi etmək üçün ideal şəkildə uyğundur. Yeri gəlmişkən, heç bir ölkə ABŞ qədər Olimpiya Oyunlarına ev sahibliyi etməyib.

Prezident Donald Tramp məhz bu səbəbdən deyib ki, “2026-cı il futbol üzrə Dünya Çempionatı idman tarixində ən böyük və ən mürəkkəb tədbirlərin keçirildiyi yarışma olacaq”. Ötən il dekabrın 5-də keçirilən püşkatmada 48 milli komanda qruplara bölünərək Şimali Amerikanın 3 ölkəsinin 16 şəhərində bütövlükdə 104 oyun keçirəcək. Oyunlar ABŞ-ın Atlanta, Boston, Dallas, Hyuston, Kanzas-Siti, Los-Anceles, Mayami, Nyu-York, Filadelfiya, San-Fransisko və Sietl, Meksikanın Qvadalaxara, Mexiko-Siti və Monterrey, Kanadanın isə Toronto və Vankuver şəhərlərində keçiriləcək.

Cədvələ əsasən 2026-cı il futbol üzrə Dünya çempionatına iyunun 11-də Bakı vaxtı ilə saat 23:00-da Mexiko şəhərində Meksika – CAR milli komandalarının qarşılaşması ilə start veriləcək, final isə 19 iyul 2026-cı ildə ABŞ-ın Nyu-Cersi ştatında baş tutacaq.

Dünya Çempionatına ev sahibliyi edəcək ABŞ-ın 11 şəhərinin, bir çox ölkənin əvvəllər etdiyi kimi, yeni stadionlar tikməsinə ehtiyac yoxdur: Amerika futbolu üçün nəzərdə tutulan meydançalar futbolçular və onların azarkeşləri üçün dünya səviyyəli şəraiti təmin edir.

FIFA ilə tərəfdaşlıq çərçivəsində Miçiqan Dövlət Universiteti və Tennessi Universiteti Şimali Amerikanın turnirə ev sahibliyi edəcək şəhərlərinin müxtəlif iqlim şəraitində, o cümlədən Amerika futbolunda geniş yayılmış qapalı stadionlarda uğurla istifadə edilə bilən təbii ot meydançaları hazırlamış və sınaqdan keçirmişlər. Qapalı meydançalar üçün uyğun ot növlərini sınaqdan keçirmək üçün innovativ texnologiyadan istifadə edərək ultramüasir pavilyon inşa edilmişdir.

Meydançalarda ot örtüyü yaradan ABŞ universitetləri ilə əməkdaşlıq edən FIFA nümayəndəsi Alan Ferqyuson deyib: “Bu meydançaların mümkün qədər təbii görünməsi və onlarda əsl ot örtüyündə oynana bilməsi çox vacibdir. İstər Kanadadakı, istər Orta Qərbdəki, istərsə də Meksika dağlarındakı stadionlar olsun, oyunçuların özlərini əsl ot üzərində hiss etmələrini istəyirik”.

Yerli hakimiyyət orqanları ziyarətçilərin stadionlara yol tapmasını asanlaşdırmaq, çoxdilli lövhələr quraşdırmaq və nəqliyyatın əlçatanlığını yaxşılaşdırmaq üçün hər şey edirlər. Məsələn, Atlantada azarkeşləri şəhərdə keçiriləcək 8 oyuna daşımağa kömək etmək üçün yeni sürücüsüz avtobuslar təşkil ediblər.

Los-Anceles azarkeşlərin şəhərdə hərəkət etməsinə kömək etmək üçün yeni mobil tətbiq proqramları və işçi heyəti təqdim edir. 2026-cı il futbol üzrə Dünya çempionatı zamanı şəhərdə əlavə 330 avtobus hərəkət edəcək. Yeri gəlmişkən, Los-Anceles həm də 2028-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşır.

Təşkilatçılar bildirirlər ki, matçlara bilet ala bilməyən azarkeşlər belə futbol tamaşasından zövq ala biləcəklər. Turnirin sehrini daha geniş auditoriyaya çatdırmaq üçün təşkilatçılar Nyu-Cersi ştatındakı “Meadowlands” stadionu yaxınlığında festival keçirməyi planlaşdırırlar. Burada valideynlər oyunları nəhəng ekranlarda izləyə, uşaqları isə xüsusi təchiz olunmuş meydançalarda futbol oynaya bilərlər.

Ümumiyyətlə, futbol üzrə 2026-cı il Dünya Çempionatı tarixə həm də bir çox yenilkləri, xüsusilə də rəqəmsal texnologiyaların geniş tətbiqi ilə daxil olacaq. Bu baxımdan FIFA Şimali Amerikada bu Dünya Çempionatının başlamasına hazırlaşarkən həm oyunun özünü, həm də azarkeş təcrübəsini təkmilləşdirmək üçün yeni texnologiyaların tətbiqinə sadiqlik nümayiş etdirir.

Əvvəla, süni intellektlə yaradılan oyunçu avatarlarından və sensorla təchiz olunmuş matç toplarından tutmuş, komanda təhlili üçün generativ süni intellektlə işləyən platformaya qədər dünya futbolunun rəhbər idarəetmə orqanı FIFA hakimlərə, komandalara və yayımçılara kömək etmək, azarkeşlərin oyunu meydanda və meydandan kənarda yaşama tərzini dəyişdirmək üçün hazırlanmış alətlər təqdim edir. FIFA prezidenti Canni İnfantino hələ yanvar ayında Las-Veqasda keçirilən tədbirdə bildirmişdi ki, “biz innovasiyanın hər bir oyunçuya, hər komandaya və hər bir azarkeşə fayda verməsini təmin edirik... və bu, əlbəttə ki, ən böyük oyuna - futbola xidmət edir”.

Maraqlıdır ki, texnologiya futbol matçının ən vacib elementinə - topa belə tətbiq edilib. “Adidas” şirkəti tərəfindən FIFA yarışları üçün yaradılan “Trionda” topu, 500 herslik hərəkət sensoru çipi ilə təchiz olunub və məlumatları saniyədə 500 dəfə qeydə alır. Bu da onun hər hərəkətini dəqiq izləməyə imkan verir. Belə ki, bu texnologiya hakimlərə zərbənin dəqiq anını – oyunçunun topa toxunduğu vaxtı müəyyən etməyə kömək edir, daha sürətli və daha dəqiq ofsayd qərarlarına imkan verir.

FIFA belə qənaətdədir ki, bu, həmçinin hərəkət zamanı topa əl ilə hər hansı bir təması qeyd etməklə cərimə zərbələrinin aşkarlanmasını da asanlaşdıracaq. Çünki hakimlərin belə qayda pozuntularını yalnız videogörüntülərdən istifadə edərək aşkarlaması ənənəvi olaraq çətin olan bir işdir.

Qatı futbol azarkeşlərində təbii bir sual yaranır: bu, hakim səhvlərini azaldacaqmı? Əlbəttə, buna indi müsbət cavab vermək doğru olmazdı. Bunu yalnız meydanlarda izləyəcəyimiz gərgin mübarizələrdə aydın görə və qiymətləndirə bilərik.

İnfantino onu da qeyd edib ki, FIFA həmçinin hakimlərin “daha sürətli qərar verməsinə” və meydandakı mübahisəli vəziyyətləri daha aydın başa düşməsinə kömək etmək üçün qarşılaşmalarda meydana çıxacaq bütün 1248 oyunçunun rəqəmsal avatarlarını yaradacaq.

Oyun zamanı hər bir oyunçunun sürətli və ya qismən bağlı qalan hərəkətlərini izləməkdə hakimlərə kömək etmək üçün turnir başlamazdan əvvəl onun “yüksək dəqiqlikli” 3D modelini yaratmaq məqsədilə bir saniyəlik bədən quruluşunu çəkəcəklər. 3D modellər, topun və oyunçuların vəziyyətini saniyədə 50 dəfə izləmək üçün stadiona quraşdırılmış kameralardan istifadə edən mövcud yarımavtomatlaşdırılmış ofsayd aşkarlama texnologiyasını tamamlayacaq. Top potensial ofsaydda olan hücumçuya ötürüldükdə, videobaxış otağındakı hakimlərə avtomatik olaraq bildiriş göndərilir, onlar meydandakı hakimə məlumat verməzdən əvvəl oyunçunun mövqeyini təsdiqləyə və ya inkar edə bilərlər.

3D modellər rəsmi matç yayımı zamanı həm stadiondakı azarkeşlər, həm də oyunu evdə izləyənlər üçün təkrarlara inteqrasiya ediləcək. Matçlar zamanı süni intellektdən istifadənin digər bir tətbiqi “Referee View” − hakim görüntüsü sistemidir: kamera süni intellektin köməyi ilə oyunun sabitləşdirilmiş görüntüsünü evdə və stadiondakı tamaşaçılara ötürəcək. Tamaşaçı özünü meydanın mərkəzində oyunçularla birlikdə hiss edəcək.

FIFA-nın qarşıdakı Dünya çempionatında əsas layihələrindən biri də bütün iştirakçı komandalar üçün süni intellektlə işləyən köməkçi – “Futbol AI Pro”nun yaradılması olacaq. Bu köməkçi taktiki anlayışlar, performans təhlili və strateji tövsiyələr vermək üçün matçları təhlil edəcək.

“Futbol AI Pro” matç haqqında “çiy” məlumatları tətbiq edilə bilən tövsiyələrə çevirməklə menecerlərə və məşqçilərə daha səmərəli işləməyə kömək etmək üçün hazırlanmışdır. İnfantino bildirir ki, bu köməkçi həmçinin 48 iştirakçı komanda və azarkeşə futbol analitikası təqdim etməklə “məlumatlara çıxışı demokratikləşdirəcək”. O, mətn xülasələri, video təhlilləri və oyun məlumatlarının qrafik vizuallaşdırmalarını yarada biləcək, komandalara rəqiblərin taktiki gedişlərinə hazırlaşmağa və öz çıxışlarını təhlil etməyə kömək edəcək.

Süni intellektlə və ilk dəfə tətbiq ediləcək bir çox oyun qaydaları ilə bağlı yeniliklər barədə daha əvvəl məlumatlandırılan milli komandalar artıq cümə axşamından başlayaraq, düşdükləri qruplara uyğun 39 gün davam edəcək 2026-cı il Dünya Çempionatının keçiriləcəyi şəhərlərə yola düşməyə başlayıblar. Dünya mediasının yazdığına görə, bir çox ölkələrdə yolasalma mərasimləri olduqca möhtəşəm və ekzotik keçib.

Futbolun ikinci Vətəni hesab edilən Braziliya milli komandası birbaşa Rio hava limanında “xaç suyu” ilə uğurlanıb! Təyyarə havaya qalxmazdan əvvəl qarşı-qarşıya dayanmış iki yanğınsöndürən maşının su şırnağının altından keçib. Aviasiyada bu ənənə “xaç suyuna salma” adlanır və təyyarənin xeyir-dua ilə uğurlanması kimi simvolizə edilir. Milli televiziya ilə yayımlanan bu mərasim həm də Braziliya millisinin altıncı titul arzusunu gerçəkləşdirməyə ruhlandırmaq təsiri bağışlayıb.

Türkiyə millisinin yolasalma mərasimi də möhtəşəm görüntülərlə diqqət çəkib. Qardaş ölkənin futbolçularının hava limanına gedişi möhtəşəm bir tamaşaya çevrilib. Milli futbol klubununun avtobusunu onlarla qırmızı avtomobil və motosikletdən ibarət möhtəşəm bir kortej müşayiət edib.

Şotlandiya yığma komandası isə milli adət-ənənəyə uyğun yola salınıb. Cəsarət simvolu olan kilt geyinmiş şotlandiyalı azarkeşlər komandalarını tuluğ zurnalarının təntənəli melodiyası altında hava limanına qədər müşayiət ediblər.

İsveçrədə də milli komandanın azarkeşləri məxsusi yolasalma törəni ilə tarixə düşüblər. Onlar komandanın yola düşəcəyi hava limanını oyunçulara arzuları həkk edilmiş 18 metr uzunluğunda milli komanda forması ilə bəzəyiblər.

İranda isə müharibə dövrünə uyğun yolasalma mərasimi keçirilib. Tədbir Tehranın mərkəzi meydanında yüzlərlə insanın bayraqlar dalğalandırdığı və şüarlar səsləndirdiyi bir şəraitdə baş tutub. İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib ki, “Milli komandanın oyunçuları Dünya çempionatında xalqı, əsgərlərimizi, liderimizi və ölkəmizi təmsil edəcəklər. Milli komandamız müharibə dövrü komandasıdır. Onlar nüfuz və müqavimətə dayaq olacaqlar”.

Posterlərdən birində yazılıb: “Şəhidlərin qanının xatirəsinə himni qətiyyətlə və tərəddüd etmədən oxuyun”.

Kurasao yığma komandası turnir öncəsi təlim-məşq toplanışını qeyri-adi şəkildə başa vurub: oyunçular ailələri ilə birlikdə dua oxuyublar.

Seneqal birbaşa Dakardakı stadionun yaşıl meydanında vida şam yeməyi təşkil edib. Oyunçular, məşqçilər və milli komanda heyəti uzun bir stolun başına toplaşıb.

Beləliklə, milyonlarla insana həyəcan yaşadacaq möhtəşəm futbol şənliyi yaxınlaşır.

İlqar RÜSTƏMOV
XQ



İdman