Ramiz Əskərin 100-cü kitabının xatirə günündə təqdimatı
Bir il əvvəl doğmalar-dostlar onun 70 illik yubileyini, ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsinin sevincini səmimi bir məclisdə qeyd etmişdilər. Bir il sonra isə həmin adamlar tanınmış türkoloq, filologiya professoru, Əməkdar jurnalist Ramiz Əskərin növbəti ad günündə onun 100-cü kitabının təqdimatına həm də xatirə mərasimi kimi toplaşdılar.
Ötənilki məslisdə həmkarımızın yarım əsrlik fəal elmi-publisistik yaradıcılığı dövründə 94 yüksək dəyərli kitab ərsəyə gətirdiyi dönə-dönə vurğulanmışdı. Onun bu davamlı və gərgin fəaliyyəti milli elmi-mədəni irsimizi, türkologiyamızı zənginləşdirməyə fədakar xidmət kimi qiymətləndirilmişdi. Həmin gün sonda çıxış edib xoş sözlərə, verilən dəyərə görə razılığını bildirən yubiliyar söz vermişdi ki, növbəti ad günündə kitablar serialını 100-ə çatdıracaq.
4 ay sonra məhsuldar və yazıb-yaratmaq həvəsi tükənməyən alim-publisistin ömrü bu vədə vəfa etmədi. Lakin Ramiz Əskərin zəngin yaradıcılıq yolu onun yubiley öhdəliyinə sadiq çıxdı. Özünü milli məfkurənin və qələmin sıravi əsgəri sayan bu ziyalılıq generalının irsi onun builki ad gününə söz verdiyi 100-cü kitabla yetişdi.
Builki xatirə mərasimində dostumuzun sağlığında “sandıq ədəbiyyatı” adlandırıb çapını lap axıra saxladığı şeirlərindən ibarət 100-cü kitabla görüş ramizsevərlərin qəlbinə təsəlli və toxtaqlıq gətirdi, hüznlü duyğu-düşüncələrdən Ramiz sevgisi pərvazlandı.
Mərasimdə Ramiz Əskərlə yarım əsrə yaxın müddətdə birgə məfkurə yolçuluğu etmiş, onun misilsiz uğurlarına hamıdan artıq sevinmiş folklorşünas-türkoloq Əli Şamil məslək dostunun qoyub getdiyi qiymətli irsin bütöv bir kitabxana təşkil etdiyindən öyünclə söz açdı. O, mərhum alimin irsinin qoruyucusu, qardaşının poetik yaradıcılığını kitab halında oxuculara təqdim edən bacısı Nailə Əskərə dostlar adından təşəkkürünü bildirdi.
Kitabın tərtibçisi dosent Nailə Əskər, nəşrin redaktoru və ön söz müəllifi professor Avtandil Ağbaba toplunun ərsəyəyə gəlməsi, burada yer almış poetik nümunələrin Ramiz Əsrərin çoxyönlü fəaliyyətinin daha bir mükəmməl sahəsinə işıq saldığını söylədilər.
Ramiz Əskərin tələbə yoldaşları və dostlarından şair-filoloq Adil Cəmil, jurnalistlər Əzizə Şamil, Adil İrşadoğlu, Şərif Kərimli, Tahir Rüstəmli, yazıçı Səfər Alışarlı, şair Tahir Talıblı, dövlət qulluqçusu İsrafil Qurbanov, şərqşünas-diplomat Abbasəli Həsənov, diaspor fəalı Qənimət Səfərov və digər çıxış edənlər Ramiz Əskərin parlaq və unudulmaz xatirəsini sevg-sayğı ilə yada saldılar, onun məfkurə xəzinəsi olan irsinin ölməzliyini söylədilər. Bildirildi ki, təqdim edilən kitab Ramiz Əskərin həm də istedadlı şair, incə ruhlu söz ustası olduğunu gündəmə gətirdiyinə görə ramizsevərlərə qiymətli töhfədir.
Sonda qardaşının xatirəsinə göstərilən ehtirama görə razılığını bildirən Nailə Əskər qeyd etdi ki, onun dram əsərlərindən və arxivində qalan materiallardan ibarət nəşrlər də tezliklə işıq üzü görəcək.
Sonda xatırladaq ki, zəngin və mənalı ömür yaşamış Ramiz Əskər 1954-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdu. Bakı və Moskva Dövlət universitetlərinin jurnalistika fakültəsində ali təhsil almışdı. Yaradıcılığının ilk onilliklərində o, Azərbaycan Radiosunun şöbə redaktoru, "Azərbaycan bu gün" jurnalının, "Odlar yurdu" və "XXI əsr" qəzetlərinin baş redaktoru, Türkiyənin "Hürriyet" qəzetinin və "Yeni Forum" jurnalının Azərbaycan müxbiri, Xarici Turizm Şurasının idarə rəisi olmuşdu.
Sonrakı illərdə Ramiz müəllim Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, 2003-cü ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi – müdiri, 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdı. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru idi. Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair çoxsaylı kitablar yazmışdı. Türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən tərcümələr etmişdi. Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilmişdi.
Ramiz Əskər Əməkdar jurnalist fəxri adına layiq görülmüş, “Şöhrət” və Vətənə xidmətə görə" ordenləri ilə təltif edilmişdi. Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatlarını almışdı. Özbəkistanın “Dostluq” ordeninə və Babur mükafatına, Ukraynanın Bəkir Çobanzadə mükafatına, Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdü. Yazıçılar və Jurnalistlər birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun üzvü idi.
Tahir AYDINOĞLU
XQ