Görkəmli televiziya rejissoru, Əməkdar incəsənət xadimi, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, “Humay” və “Qızıl Dərviş” mükafatı laureatı Məhərrəm Bədirzadənin adı uzun illər bədii televiziya verilişlərinin sonluq titrlərində yazılıb. İnamla demək olar ki, ölkə əhalisinin bütün yaşlı və orta nəsil nümayəndələri onu, ən azı, ekran vasitəsi ilə tanıyıb. Ortaya qoyduğu proqramlar, teletamaşalarla yadda qalıb.
Mən Məhərrəm müəllimlə televiziyada işə düzələndən sonra yaxından tanış olmuşam. Daimi işgüzarlıq onun vərdişi idi. Teleradionun çayxanasına gələndə də bir stəkan çay içib: “Mən qaçdım”, – deyirdi. – “Studiya qurulmalıdır”. İşinə olduqca ciddi yanaşan, şirkətin pillələrini sürətlə qalxıb-enən, gənclərə çox tələbkar və qayğıkeş münasibət sərgiləyən əsl ustad idi.
Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda dünyaya göz açıb. Uşaqlıq çağları Novxanı bağlarında, Xəzərin qumsal sahillərində keçib. İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. 1971-ci ildən televiziyada çalışmağa başlayıb və Azərbaycanda teletamaşaların ilk nümunələrini yaradan sənətkarlardan olub. O zamanlar televiziyada dövrün bir neçə baxımlı verilişi məhz Məhərrəmin adı ilə bağlıdır: “Səhər görüşləri”, “Dalğa”, “Gəlin, birlikdə gülək”, “Gəzdim Azərbaycanı”, “Günaydın”, “Ocaq başı”... “Sarı gəlin” televiziya filminə görə o, “Qızıl qılınc” mükafatı ilə təltif edilib. “Qaçaq Süleyman”, “Qaynana” əməliyyatı”, “Bağdada putyovka var”, “Mən sənin dayınam”, “Gəlinlər”, “Sonuncu şahid”, “Təlatüm”, “Dələduzlar” kimi 20-dən artıq film və teletamaşanın müəllifi olub. 2006-cı ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Televiziyada çalışmaqla bərabər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dosent kimi dərs deyib, bilik və təcrübəsini tələbələrə həvəslə öyrədib.
Məhərrəm Bədirzadə 8 aprel 2021-ci ildə – 76 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. Ömrü filmotekanın lentlərində, fondun “yaddaş”ında davam edir.
Xalq artisti, professor İlham Namiq Kamalın unudulmaz dostu haqqında dedikləri:
– Gənclik illərindən son gününə qədər həmişə ayaqda görməyə adət etdiyim Məhərrəm qardaşıma nə “vida”, nə də “ölüm” sözünü yaraşdıra bilmirəm. Tanışlığımızın tarixi yarım əsrdən yuxarı olsa da, mənə elə gəlir ki mən ömrüm boyu bu pozitiv insanı tanımışam. Onunla saysız-hesabsız layihələrimiz olub. O, uşaqlıq illərindən son günlərinə qədər, az qala, hər bir ideyayasını mənimlə müzakirə edərdi. Elə ölümündən bir gün qabaq da zəng vurmuşdu. Bəzən də özü dediyi kimi “elə-belə”, hal-əhval tutmaq üçün zəng edərdi. Onun zəngləri insana pozitiv əhval bəxş edərdi. Məhərrəm daim axtarışda olan, nəsə etmək istəyən və həmişə nəsə edən, bir də teatr tarixini yaddaşında saxlayan nadir bir insan idi.
İstənilən tamaşa haqqında ondan dəqiq məlumat almaq olardı. Dostların əhatəsində olmaqdan xüsusi zövq alardı.
Məhərrəm peşəkar səviyyəli televiziya rejissoru olmaqla yanaşı, həm də maraqlı bir aktyor idi. Onun M.F.Axundovun “Mürafiə vəkilləri”ndə yaratdığı Ağakərim obrazı dediyimin bariz nümunəsidir.
Onun nişan mərasimindən başlayaraq, övladlarının və nəvələrinin bütün xeyir işlərində iştirak etmişəm. O, mənim və qardaşımın haqqında “Sənətkar ömrü” verilişlərinin müəllifi olub. Bizim yaradıcılığımıza yüksək qiymət verib. Məhərrəm istedadlı və peşəkar səviyyəli insan olaraq istedada və peşəkarlığa həmişə yüksək qiymət verib. Görkəmli sənətkarımız Nəsibə xanım Zeynalovanın son günlərini belə tarix üçün çəkməyə çalışırdı... Bir gün öz ömrü də sona yetdi. Məhərrəm Bədirzadəyə ulu tanrı 76 illik ömür payı qismət etdi. Təskinlik bundadır ki, o, adını Azərbaycan televiziya tarixinə yaza bilib...
Telerejissor Nadir Diridağlı:
– Səmimi, dürüst, çalışqan insan, sənətinin əsl fədaisi idi Məhərrəm müəllim. Ondan çox şeyi görüb-götürmüşük, ən başlıcası isə iş üçün, sənət üçün can yandırmağı. Məhərrəm Bədirzadənin yoxluğu bizim telerejissuramız üçün böyük itkidir. Onu daim xoş xatirələrlə yad edirik.
Quruluşçu rəssam Rəfael Əsədov:
– Biz gözəl telerejissor olan Məhərrəm müəllimlə çoxsaylı Yeni il, Novruz bayramı verilişlərində, “Yumoristik novellalar”ın ekran təcəssümündə, “Mürafiə vəkilləri”ndə birgə çalışmışıq. Vəfatından 4 il keçir, amma indi də hər studiyaya girəndə elə bilirəm ki, qarşıma çıxacaq, yaradıcılıqla bağlı nəsə bir maraqlı fikir söyləyəcək, təşəbbüs irəli sürəcək. Məhərrəm bütün varlığı ilə sənətə, ekrana, rejissuraya bağlı insan idi. Allah ona rəhmət eləsin...
Əli NƏCƏFXANLI
XQ