Qarayazı şair oğlunu unutmur

post-img

Gürcüstanın Qardabani (Qarayazı) rayonundakı Təhsil və İnteqrasiya Mərkəzində bu elin yetirməsi olan məşhur Azərbaycan şairi İsa İsmayılzadəyə həsr olunmuş “Gözləyin, dünyaya qayıtmağım var” adlı açıq dərs keçirilib.  

Mərkəzin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevda Şahverdiyevanın keçdiyi dərsdə şairin həyat və yaradıcılığı haqqında məktəblilərə geniş məlumat verilib. Bildirilib ki, şair, tərcüməçi və publisist İsa İsmayılzadə 15 mart 1941-ci ildə Qarayazıda anadan olub. Rayonda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində ali təhsil alıb. Bir müddət doğma rayonda müəllim işləyib. Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor, “Ədəbiyyat və incəsənət” qəzetində ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, “Ulduz” jurnalı redaksiyasında şöbə müdiri  vəzifələrində çalışıb. 1981-ci ildən ömrünün sonunadək “Azərbaycan” jurnalı redaksiyasında baş redaktorun müavini olub. Eyni zamanda, teleradionun musiqili verilişlər baş redaksiyasında musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
İsa İsmayılzadənin əbəbi fəaliyyəti haqqında danışan Sevda Şahverdiyeva bildirib ki, şairin ilk poetik nümunələri hələ tələbəlik illərində “Aprel çiçəkləri” almanaxında və “Azərbaycan gəncləri” qəzetində çap edilib. Sonrakı illərdə şairin “Ulduzların ad günü”, “İşıqlı yarpaqlar”, “Torpaq nəğməsi”, “Ömrümdən keçən qatar”, “Salam, Yer kürəsi”, “Anamla söhbət” kimi şeir kitabları işıq üzü görüb və İsa İsmayılzadəni poeziya həvəskarlarına sevdirib.  
Şair poetik tərcümə ilə də məşğul olub, xarici ölkə şairlərinin əsərlərini Azərbaycan dilinə çevirib. O, sosialist ölkələri yazıçılarının Moskvada keçirilmiş 1-ci Beynəlxalq Simpoziumunda (1977), Asiya və Afrika ölkələri yazıçılarının Yurmalada keçirilmiş seminar-müşavirəsində (1978) iştirak edib. İsa İsmayılzadənin şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilib. Müasir Azərbaycan poeziyasında özünün fərqli dəst-xətti ilə seçilən şair 56 yaşında vəfat edib.
Təhsil və İnteqrasiya Mərkəzi şagirdlərinin ifasında İsa İsmayılzadənin şeirləri səsləndirilib, şairin haqqında film nümayiş etdirilib.

Paşa ƏMİRCANOV 
XQ

Mədəniyyət