Bir həftə sonra 75 illik yubileyi olacaq Xalq şairi Zəlimxan Yaqubun “Məqalələr. Müsahibələr” adlı yeni kitabı işıq üzü görüb.
Topluda şairin bundan əvvəl çap olunmuş kitablarında yer almayan, ömrünün son illərində ayrı-ayrı görkəmli dövlət və ictimai xadimlər, elm və sənət adamları haqqında yazdığı məqalələri, müxtəlif kitablara yazdığı “Ön söz”lər və müsahibələri dərc edilib.
Kitabı nəşrə hazırlayan və redaktoru Zəlimxan Yaqub ədəbi irsinin araşdırıcısı, “Ozan dünyası” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. Xatırladaq ki, M.Nəbioğlu illər öncə çıxmış “Zəlimxan Yaqub ədəbi düçüncədə”, “Sözün Zəlimxan zirvəsi” kitab və monoqrafiyalarını da araya-ərsəyə gətirib.
Yeni kitab bulaq kimi çağlar təbi, şeirə, sənətə sıx bağlılığı olan Zəlimxan Yaqubun sağlıq durumunun çətin vaxtlarında belə yazı-pozudan ayrılmadığını, ədəbiyyata bacardığı qədər xidmət etdiyini göstərən daha bir tutalğadır. Təsadüfi deyil ki, bu yolda “yolçuların yoldaşına çevrilən” şair deyirdi:
Sevgisiz, ilhamsız, sözsüz, nəğməsiz,
Şairin bircə gün həyatı yoxdur.
Toplu ədəbiyyyat tədqiqatçıları və kitabsevərlər üçün sanballı mənbədir.
XQ