Müalicə üçün ziyarət edilməli olan məkanlardan biri də bu gün insanlar arasında getdikcə populyarlaşan duz mağaralarıdır. Duz mağaralarının bronxial və ağciyər xəstəlikləri, ürək və qan dövranı sistemi, yuxu problemləri kimi bəzi xəstəliklərin müalicəsi, immun sisteminin gücləndirilməsi, yorğunluq və stress kimi vəziyyətlərdə təsiri olduqca böyükdür. Dünyanın bir çox yerlərində belə mağaraların sayı kifayət qədərdir.
Türkiyənin şərqində, İğdırın Tuzluca rayonunda yerləşən Duz mağarası 55 hektar əraziyə malikdir. Mağaranın içərisində olan qaya duzu təbəqəsinin təxminən 24–37 milyon il yaşı olduğu qeyd olunur. Dağın içində, yerin bir neçə metr altında yerləşən müalicə mərkəzinin divarları, tavanları və döşəmələri tamamilə duzdan hazırlanmış, ziyarətçi sayını artırmaq üçün isə mağaranın içərisinə işıqlandırma qurğuları da əlavə edilmişdir. Xüsusilə tənəffüs problemi olan və bronxial-astma xəstəliklərindən əziyyət çəkənlər üçün bu mağaranın faydası olduqca böyükdür.
Dünyanın ən böyük duz ehtiyatlarından biri də Türkiyənin Mərkəzi Anadolu bölgəsindəki Çankırı vilayətində yerləşir. Burada 500 milyon ton duz ehtiyatı olduğu bildirilir. Hər il 150 min tonadək duz çıxarılan Çankırıdakı qaya duzu mağarası Türkiyənin duza olan ehtiyacını qarşılamaqdadır. Bu məkan, eyni zamanda şəhər turizminə böyük töhfələr verir. 5 min ilə yaxındır ki, istifadə edildiyi təxmin olunan mağara Çankırıdan 20 kilometr məsafədə yerləşir. Uzunluğu 8 kilometrdir. Mağaranın içərisində bir çox qalereyalar da yer alır.
Azərbaycanın qədim diyarı olan Naxçıvan da özünün nadir duz mağarası ilə məşhurdur. Babək rayonu ərazisində yerləşən və astma xəstəliyinin müalicəsi üçün istifadə edilən mağara hazırda günün tələblərinə tam cavab verən müasir sağlamlıq mərkəzinə çevrilmişdir. Buraya gələnlər təxminən bir həftə gecələri duz mağarasında keçirdikdən sonra yenidən sağlamlıqlarına qovuşurlar. Naxçıvanımızın simvoluna çevrilən Duzdağ mağarasında 90 milyon ton təbii qaya duzu mövcuddur. Müalicəvi əhəmiyyətli duz mədənləri dəniz səviyyəsindən 1173 metr hündürlükdə, girişdən cəmi 300 metr aralıda, 110 metr dərinlikdə yerləşir. Sovetlər dövründə SSRİ-ni idarə edənlərin böyük əksəriyyəti bu mağarada şəfa tapmışdır. Hətta rus çarlarının belə buraya müalicə üçün gəldiyi deyilir. Bu dağ ölkəmizdə təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınmışdır. Naxçıvan duzu qaya duzu olduğundan özündə 84 mineralı birləşdirən ən qiymətli və faydalı duz hesab edilir. Hələ 6 min il bundan əvvəl – Nuh peyğəmbərin dövründən buradan duz çıxarılıb.
Məlumatlara görə, 1866-cı
ildə Naxçıvanda 11 min ton duz çıxarılırdı. 1880-cı illərdə isə Naxçıvanda orta hesabla hər il 4800 ton duz istahsal edilirdi. O zaman məşhur “Duz yolu” mövcud olmuş, Naxçıvan duzu nəinki Şumerlərə bütün Şərqə, Osmanlı dövlətinə daşınmışdır. Bu mübadilə mədəniyyətlərin də mübadiləsinə təsir göstərmişdir.
XIX əsrin 2-ci yarısından başlayaraq burada çalışan bir sıra mühəndislər qədim duz mağaraları və oradan aşkar edilmiş daş alətlərlə maraqlanmışlar. 1870-ci ildə burada çalışan Bayer bir neçə daş balta tapmışdır. K.A. Nikitinin məlumatından aydın olur ki, o tapdığı baltalardan ikisini Naxçıvan şəhər məktəbinə bağışlamış, qalanlarını Tiflis və Sankt-Peterburq muzeylərinə göndərmişdir.
Sonrakı dövrlərdə İ.S.Polyakov və P.N.Nadejdin buradan bir neçə daş balta və digər tapıntılar əldə etmişlər. Duzdağ mədənlərinin arxeoloji cəhətdən tədqiqi keçən əsrin 70-ci illərində yenidən başlanmışdır. Bunlar da təsadüfi tapıntılarla bağlı olmuşdur. 1967-ci ildə uçqun zamanı və 1976-cı ildə Duzdağda qazma işləri apararkən qədim şaxta aşkar edilmişdir.
Fidan SALMANOVA
XQ