Kainatın ən uzun "rəqsi" : "Büllur kürə"nin indiyədək görünməyən tərəfi qeydə alınıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ-nin Milli Optik-İnfraqırmızı Astronomiya Tədqiqat Laboratoriyası və Milli Elm Fondunun astronomları kosmosun ən sirli nöqtələrindən birinə işıq salıblar. Havay adalarında, Maunakea zirvəsində yerləşən güclü "Gemini North" yerüstü teleskopu elmdə NGC 1514 adlandırılan, lakin formasına görə "Büllur kürə" kimi tanınan planetar dumanlığın heyrətamiz fotosunu çəkib. Müasir spektroqraf vasitəsilə əldə olunan bu yeni görüntü unikal detalları ilə dünya elmi ictimaiyyətinin diqqətini cəlb edib. Maraqlıdır ki, bu şəkil məşhur "Ceyms Uebb" kosmik teleskopunun ötən il qeydə aldığı infraqırmızı təsvirdən köklü surətdə fərqlənir, çünki hər iki cihaz kosmoza tamamilə fərqli işıq dalğaları diapazonundan baxır.

Bu ecazkar kosmik obyekt ilk dəfə hələ 1790-cı ildə dahi astronom Uilyam Herşel tərəfindən kəşf edilib. Həmin dövrdə obyekti parlaq işıq saçan planetə bənzədən Herşel ona "planetar dumanlıq" adını versə də, müasir elm sübut edir ki, bu bənzətmə sadəcə vizual xarakter daşıyır və planetlərlə heç bir əlaqəsi yoxdur. Məhz NGC 1514 dumanlığının kəşfi vaxtilə astronomiyada böyük çevrilişə səbəb olub və kosmosda ulduz topalarından fərqli olaraq tamamilə unikal qaz sistemlərinin mövcudluğunu sübat edib.

"Büllur kürə"ni öz sinfindəki digər kosmik cisimlərdən fərqləndirən ən əsas xüsusiyyət onun düzgün və hamar formaya malik olmamasıdır. Astronomların son tədqiqatları göstərir ki, dumanlığın mərkəzində bir-biri ilə sıx təmasda olan unikal qoşa ulduz sistemi yerləşir. Bu iki ulduz bir-birinin ətrafında tam dövrəni təxminən doqquz ilə başa vurur. Elm adamları vurğulayırlar ki, bu, indiyədək kosmik dumanlıqların daxilində kəşf edilən qoşa ulduzlar arasında qeydə alınmış ən uzun orbital dövr kimi rəsmi rekordu təmsil edir. Vaxtilə Günəşdən bir neçə dəfə böyük olan ulduzlardan birinin təkamülünün son mərhələsində öz xarici təbəqələrini kosmosa atması və digər ulduzla cazibə mübarizəsi hazırkı asimmetrik, füsunkar qaz laylarını formalaşdırıb.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Maraqlı