Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yerli istehsalçıların xarici bazarlara, xüsusilə də Çin bazarına çıxışının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə XQ-yə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki,Çinin milli qanunvericiliyinə əsasən, bu ölkəyə qida məhsulları ixrac edən xarici istehsalçı müəssisələrin CIFER (China Import Food Enterprises Registration) sistemi üzərindən qeydiyyatdan keçməsi məcburidir. Bu prosesdə AQTA Azərbaycan üzrə səlahiyyətli qurum qismində çıxış edir. Hazırda şərab, qənnadı məhsulları, meyvə-tərəvəz, un məmulatları və digər qida məhsullarının istehsalı ilə məşğul olan 66 müəssisə bu sistemdə qeydiyyatdan keçib. Qeydiyyat zamanı yarana biləcək texniki və inzibati məsələlərin operativ həlli məqsədilə AQTA-da xüsusi İşçi qrup fəaliyyət göstərir və sahibkarlara metodiki dəstək göstərir.
Bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə agentliyin əməkdaşları və yerli sahibkarlar üçün CIFER sistemi ilə bağlı onlayn təlim təşkil olunub. Təlim çərçivəsində qeydiyyat prosedurları, müraciətlərin hazırlanması qaydaları, texniki tələblər və qarşıya çıxa biləcək məsələlərin həlli mexanizmləri barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.


