Los-Anceles oda qalanıb

post-img

Bu, ABŞ tarixində ən “bahalı” yanğındır

Kaliforniyada ABŞ tarixində ən bahalı yanğın baş verir. “NBC News” televiziya  kanalı Los-Anceles Dairə Tibbi Ekspertiza İdarəsinin hesablamalarına istinadən məlumat yayıb: “Ən azı 24 nəfər ölüb. Onlardan 16-sı İton, 8-i Palisades bölgəsində həlak olub, 13-dən çox adam isə itkin düşüb. Yanğını hələ də söndürmək mümkün olmadığından fəlakət qurbanlarının dəqiq sayı məlum deyil. Yanan evlər arandıqca ölü sayının artması gözlənilir. 8 milyondan çox insan hazırda yüksək risk zonasındadır”.

“NBC News” sonra bildirib ki, hazırda minlərlə yanğınsöndürən 45 kvadrat mil ərazidə meşə yanğınları ilə mübarizə aparır. Yanğınsöndürənlərin səyləri alovun genişlənməsinin qarşısını almağa yönəlib, lakin əksər hallarda buna nail ola bilmirlər. Palisadesdəki ən böyük yanğınlardan birinin ərazisi genişlənir. Alovun şərqdəki Brentvud və Encino bölgələrinə keçə biləcəyi narahatlıq yaradır. Bu günədək yanğının yalnız 11 faizini söndürmək mümkün olub. Hazırda 360 min insan təxliyə edilib”.
Mütəxəssislərin fikrincə, Cənubi Kaliforniyada meşə yanğınları bu həftə daha geniş əraziyə yayıla bilər. Çünki qasırğaya yaxın olan “Santa Ana” küləkləri yenidən güclənir. Bu barədə “Fox” Hava Mərkəzinin meteoroloqu Codi Braud “The Posta” nəşrinə deyib: “Küləyin sürəti saatda 50–70 milə çatacaq ( 80-112 km/saat). O, yanğını daha geniş əraziyə yaya bilər. Ən təhlükəli gün, yəqin ki, çərşənbə axşamı olacaq”. 
Bu gün isə şəhərin üzərində od, kül və tüstüdən ibarət odlu tornadolar yüksəlir. Zərər isə milyardlarla dollarla qiymətləndirilir. “AccuWeather” şirkətinin məlumatına görə, Los-Ancelesdəki yanğınların indiyədək vurduğu ziyan 135–150 milyard dollar təşkil edir. Müqayisə üçün qeyd edək ki, payızda 6 ştatı bürüyən “Helene qasırğası” 225–250 milyard dollar maliyyə itkisinə səbəb olmuşdu. Şirkətin baş meteoroloqu Conatan Porter sonra deyib: “Bu, müasir Kaliforniya tarixində ən bahalı meşə yanğınıdır. Çünki yanğınlar ölkənin ən bahalı daşınmaz əmlaklarının yerləşdiyi Los-Anceles şəhəri ətrafında, əhalinin sıx məskunlaşdığı ərazilərdə baş verir. Bu rəqəm yekun deyil, çünki yanğınsöndürənlər yanğınlara nəzarət edə bilmirlər. Yanğınların ümumi sahəsi 16 min hektarı keçib”. 
Yanmış ərazilərdəki vəziyyət haqqında danışan ABŞ Prezidenti Co Bayden qeyd edib ki, baş verənlər “ona daha çox müharibə səhnələrini və müəyyən hədəflərin bombalanmasının nəticələrini xatırladır”.  
...Yanğınların söndürülməsinə cəlb olunanların sayı isə hər gün artır. Hazırda onların sayı 12 min nəfərdir. Vəziyyət o yerə çatıb ki, məhbusların köməyindən də istifadə edilir və onların sayı 939 nəfəri keçib. 
Qeyd edək ki, ABŞ-də məhbusları yanğınsöndürmə düşərgələrinə cəlb etməyə imkan verən xüsusi proqram var. Onlar gündə 5,8–10,2 dollar, fövqəladə hallar zamanı isə saatda 1 dollar alırlar. COVID-19 pandemiyasından əvvəl məhbuslar ştat üzrə yanğınsöndürənlərin təxminən 30 faizini təşkil edirdilər, lakin həyata keçirilən islahatlardan sonra bu rəqəm 10–15 faizə düşüb. Bu briqadalar gecə-gündüz işləyə bilsələr də, onların hazırlıq səviyyəsi peşəkarlardan aşağıdır.
Bəs Los-Anceles yanğınları necə başlayıb? Səlahiyyətlilər bildirirlər ki, meşə yanğınlarının əsas səbəbləri güclü külək, quraqlıq, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi və elektrik naqillərinin qırılmasıdır. Bu arada, amerikalılar arasında UFO və ya dronlarla bağlı sui-qəsd versiyası da yayılıb.
Qeyd edək ki, payızın ortalarından ABŞ üzərində səmada naməlum işıq saçan obyektlər müşahidə olunur. Vəziyyətə, hətta rəsmilər münasibət bildirib. Onlar bu obyektlərin əhali üçün təhlükə yaratmadığını iddia ediblər. Maraqlıdır ki, belə obyektlərdən biri “Trump International Hotel”in yaxınlığında müşahidə edilib, az sonra binanın girişində “Tesla Cybertruck” avtomobili partlayıb. Tramp hakimiyyətə gəldikdən sonra Amerika səmasında naməlum dronlarla bağlı hesabat dərc edəcəyinə söz verib.
Göründüyü kimi, yanğının başvermə səbəbləri kimi müxtəlif versiyalar irəli sürülür. Ən əsası odur ki, onun söndürülməsi üçün əvvəlcədən lazımi tədbirlər görülməyib. Əksinə meşə yanğınlarının qarşısını almaq üçün nəzərdə tutulan maliyyə azaldılıb. Məsələn, ştat rəhbərliyi meşə yanğınlarının qarşısının alınması üçün xərcləri 100 milyon dollar azaldıb, lakin qeyri-qanuni mühacirlərin pulsuz səhiyyə xidməti üçün 3 milyard dollar ayırıb. 
Los-Anceles meri Karen Bass da yanğınsöndürmə idarəsinin maliyyəsini 17,6 milyon dollar azaldıb, evsizlərə dəstək üçün daha çox pul ayırıb. Yanğınlar başlayanda o, ölkədən kənarda olub, qayıdandan sonra vəziyyətlə bağlı heç bir məlumatı olmayıb. Yanğınsöndürənlər isə əldəqayırma vasitələrlə yanğını söndürməli olublar. Bundan başqa, maliyyənin kəsilməsi səbəbindən yanğınsöndürmə texnikasının bir hissəsi yararsız hala düşüb.
Yanğının söndürülməsinə başlayandan cəmi 15 saat sonra məlum olub ki, hidrantları (yanğınların söndürülməsi və s. üçün su xəttinə quraşdırılmış su kranı) su ilə təmin edən anbarda su tükənib. Bu, quraqlıqla bağlı olub. Los-Ancelesin yerləşdiyi Cənubi Kaliforniyaya may ayından bu yana cəmi 2,5 millimetr yağıntı düşüb. Nəticədə anbarda suyun həcmi çox aşağı səviyyədə olub. Amma qabaqlayıcı tədbirlər görülməyib.
Bu arada, Demokratlar partiyasından olan qubernator Gavin Nyusom su anbarının niyə boş olduğunu araşdıracağını bildirib. Hələ payızda o, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən su ehtiyatlarından səmərəsiz istifadəyə və şirin suyun okeana buraxılmasına görə tənqid edilmişdi. Tramp deyib: “Minlərlə gözəl evlər itirildi və çoxları da tezliklə itiriləcək. Hər yerdə ölüm var. Bu, bizim ölkənin tarixindəki ən dəhşətli fəlakətlərdən biridir. Onların nə günahı var?”
Beləlikə, yanğınları söndürmək hələlik mümkün olmur. Yanğınların nə vaxt tam söndürüləcəyi isə məlum deyil.

P.ƏFƏNDİYEV 
XQ

Dünya