Azərbaycan–Amerika birgə ekspedisiyası Yardımlı rayonunda arxeoloji çöl-tədqiqat işləri aparır. Beynəlxalq ekspedisiyaya Amerika tərəfdən Hamilton Kollecinin professor yardımçısı, doktor Hannah Lau rəhbərlik edir.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun monitorinq qrupu dağlar diyarında ekspedisiyanın gördüyü işlərlə tanış olub. Qrupun üzvləri “Azərbaycanın cənub-şərq dağlıq ərazilərinin Antik dövr abidələrinin tədqiqi” layihəsi çərçivəsində Urağaran kəndi ərazisində yerləşən Bilgə nekropolunda, eyni adlı kənd ərazisində yeni aşkara çıxarılmış antik dövr yaşayış yerində, həmçinin Gilar kəndi ərazisində aparılan çöl-tədqiqatlarını yerində yaxından izləyiblər.
Bilgə nekropolunda tədqiqatlar 5 ildir ki, davam edir. Orada meqalit örtüklü daş qutu, küp və torpaq qəbirlər tapılıb. Məlum olub ki, 1 hektardan böyük ərazisi olan nekropol e.ə. 3-cü əsrdən eramızın 3-cü əsrinə qədərki 600 illik xronoloji çərçivəni əhatə edir. Nekropol daxilində, həmçinin ardıcıl olaraq eyni istiqamətdə dəfn olunmuş 8 ədəd at qəbirləri üzə çıxıb. Atların bu cür dəfn edilməsi xüsusi ritualdan xəbər verir. Bilgədən təxminən 300 metr cənub-qərbdə tikili qalıqlarının aşkarlanması da diqqət çəkir. Görülən işlər kəşfiyyat xarakterli olsa da, uğurlu nəticə sayılır. Möhkəm özüllü təməl və divarları olan bu tikililərin müdafiə istehkamı olması istisna edilmir.
Sözügedən ərazilərdə tədqiqatlara rəhbərlik edən azərbaycanlı arxeoloq Ceyhun Eminlinin dediyinə görə, Gilarda araşdırmalar ekspedisiyanın builki tədqiqat planına daxil olub. Sevindirici haldır ki, burada da Antik dövrə aid tikili qalıqları aşkara çıxarılaraq tədqiq olunmaqdadır. Çay daşlarından hörülmüş divar qalıqlarının qarşısında isə küp və daş qutu qəbirlər müəyyən edilib. Qeyd edək ki, Yardımlı ərazisi Antik dövrdə mövcud olmuş Atropatena dövlətinin sərhədləri daxilində olub. ekspedisiyanın aşkara çıxartdığı və tədqiq etdiyi yaşayış yerləri və qəbir abidələri Atropatenanın arxeoloji cəhətdən öyrənilməsi üçün olduqca vacibdir. Aşkar edilmiş abidələri konservasiya etməklə burada gələcəkdə arxeoloji turizmin inkişafı üçün real imkanlar vardır. Monitorinq komissiyası ekspedisiyanın fəaliyyətini yüksək qiymətləndirib.
XQ