Aşura günündə qanvermə aksiyası

post-img

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Milli QHT Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə aşura günündə keçirilən ümumölkə aksiyada Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatının üzvləri, idmançılar, könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə ölkə­mizdə Məhərrəm ayında kütləvi olaraq təşkil edilən könüllü qanvermə ənənəsinin əhəmiyyəti vurğulanıb. Aşura günündə zora­kılıq etmək, özünə xə­sarət yetirmək əvəzinə, qanvermənin daha mütərəqqi seçim oldu­ğunu bildirərək Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi təşəbbü­sünün cəmiyyətdə təq­dir edildiyi diqqətə çatdırılıb. 

Milli Hematologiya və Transfuziologi­ya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqlarının apardıqları humanist prosesdə toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insan­ların müalicəsində istifadə olunacaq.

Qanvermə aksiyaları Dini Qurum­larla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi, ölkənin müxtəlif bölgələrini əhatə edən 35 (ali təhsil müəssisələri, xəstəxana, məscid və ziyarətgahlar) ünvanda keçi­rilib.

***

Aşura günündə Naxçıvan Muxtar Respublikasında da könüllü qanvermə aksiyası təşkil edilib. 

Muxtar Respublika Səhiyyə Nazir­liyindən verilən məlumata görə, aksiya Naxçıvan şəhəri üzrə 3 məsciddə və rayon mərkəzi xəstəxanalarında həyata keçirilib. “Həyat bəxş et” şüarı altında keçirilən aksiyada vətəndaşlar fəal işti­rak ediblər. Könüllü aksiyada, ümumilik­də, 359 nəfərdən götürülən 179,5 litr qan “Qan Bankı və Qan Köçürmə Mərkəzi” Publik Hüquqi Şəxsinə təhvil verilib.

***

Dünən Gəncənin “İmamzadə” məs­cid ziyarətgah kompleksindədə könüllü qanvermə aksiyası keçirilib. 

Səhər saatlarından başlayan qanver­mə aksiyasında Gəncə Şəhər İcra Haki­miyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Gəncə Şəhər İcra Hakimiyyəti başçı­sı Aparatının məsul əməkdaşları, bələ­diyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbrələri və ictima­iyyət nümayəndələri iştirak ediblər.

Aksiya zamanı həkim-hematoloq­lar hər bir donorun sağlamlıq imkan­larını əvvəlcədən müəyyənləşdiriblər. Hərtərəfli tibbi müa­yinədən sonra onlar­dan qan götürülüb. Toplanan qan ehti­yatı yoxlanılaraq talassemiya, hemofili­ya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq. 

Qeyd edək ki, aksiya günün sonuna qədər davam edib. Qan vermək istəyən şəxslər növbəti 40 gün ərzində də Mərkəzi Qan Bankının Gəncə Bölməsinə müraciət edə bilərlər.

XQ





Sosial həyat