Bu günlərdə Ankaradakı “Bengü” yayın evində 20-ci əsr Azərbaycan şeirinin böyük isimlərindən olan Mirzə Ələkbər Sabirin “Hophopnamə” kitabı işıq üzü görüb. Kitabı nəşrə filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Altaylı hazırlayıb.
Sanballı həcmdə – 446 səhifədən ibarət olan kitabın təqdimat yazısında bildirilib ki, şeirləri əsasən 1903–1911-ci illərdə “Molla Nəsrəddin” jurnalında dərc olunmuş Mirzə Ələkbər Sabir böyük satirik şair kimi tanınıb. “Hophopnamə” adı altında toplanan şeirləri ilk dəfə 1912-ci ildə təqdim olunub, sonralar Azərbaycanda dəfələrlə çap edilib. Türkiyədə isə 1975-ci ildə Mecit Doğru “Hophopnamə”nin populyar bir nəşrini buraxıb. Seçmələr şəklində olan başqa bir nəşri isə 2007-ci ildə “Türkiye İş Bankası” gerçəkləşdirib.
Seyfəddin Altaylının hazırladığı yeni toplu Türkiyədə orijinala uyğun şəkildə buraxılan ilk nəşrdir. Şeirlərin hamısı olduğu kimi, Azərbaycanın hazırkı rəsmi latin qrafikası ilə nəşr edilib. Tam anlaşılsın deyə, səhifələrin aşağısında şeirlərin tarixçəsi və ayrı-ayrı sözlərin izahları verilib. Kitabın sonunda isə azərbaycanca sözlərin qarşılıqları yer alıb. Bu da əsər üzərində çalışmaq istəyənlərə bir köməkdir. Bir sözlə, göstərilən şəkildə ərsəyə gətirilmiş “Hophopnamə”nin bu yeni nəşri həm tədqiqatçılar, həm də poeziyasevərlər üçün dəyərli bir qaynaqdır.
“Hophopnamə”nin ilk yayımından bir əsrdən çox vaxt keçsə də, Sabirin tənqid etdiyi, qamçıladığı mənfi hallara bu gün də dünyada rast gəlinir. Deməli, Sabir poeziyası 100 il sonra da aktuallığını saxlayacaq”.
Qardaş Türkiyədə oxucuların marağına səbəb olacağı şübhə doğurmayan kitabın redaktorları Ülkər Hüseynova və Akif Əhmədgildir. Tədqiqat işi Bakı Avrasiya Universitetinin “Türkoloji araşdırmalar Mərkəzi”ndə icra olunub.
Ə.NƏCƏFXANLI
XQ