İyulun 26-da Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları start götürəcək. Yarışda Azərbaycanı 48 nəfər 15 idman növü üzrə təmsil edəcək. Son Oyunlarda – Tokio Olimpiadasında idmançı sayında (44 idmançı) eniş tempi bu dəfə artımla əvəz olunub. Komandamızın heyətində 48 idmançıdan 19-u qadındır. Bundan əvvəlki mötəbər yarışda Azərbaycanı 16 qadın idmançı təmsil edib.
Yığmamızın heyətində 48 idmançıdan 29 nəfəri Olimpiya Oyunlarında ilk dəfə iştirak edir. Olimpiada təcrübəsi olan 24 idmançıdan 6 nəfəri bundan əvvəlki yarışda medallara da sahib olub.
Olimpiadaya güləşçilər geniş heyətlə (12 nəfər) gedəcəklər. Güləş yarışları avqustun 5–11-də keçiriləcək. Sərbəst güləş üzrə yığmamız tam heyətlə – 6 güləşçi ilə təmsil olunacaq. Komandanın heyətinə Olimpiya Oyunlarının gümüş və bürünc medalçısı, 3 qat Dünya və 4 qat Avropa çempionu Hacı Əliyev, son Dünya və Avropa çempionatlarının finalçıları Osman Nurməhəmmədov və Məhəmmədxan Məhəmmədov, 2023-cü il Avropa çempionatının qalibi Əliabbas Rzazadə, son Avropa çempionatının bürünc medalçıları Turan Bayramov və Giorgi Meşvildişvili daxil edilib.
Yunan-Roma güləşi üzrə isə son Olimpiya Oyunlarının bürünc medalçısı, 2 qat Dünya və 3 qat Avropa çempionu Rafiq Hüseynov, son 2 Avropa çempionatının qalibi Həsrət Cəfərov, son Avropa çempionatının qızıl medalçısı Murad Məmmədov, 2020-ci il Avropa çempionatının qalibi Sənan Süleymanov və 2016-cı il Rio Olimpiadasının bürünc medalçısı Sabah Şəriəti daxil edilib.
Qadın güləşi üzrə təmsilçimiz isə Olimpiya Oyunlarının 4 qat mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu Marina Stadnikdir. Bütün olimpiadalarda medal qazanan güləş yığmamız, mükafat sayına görə də həmişə fərqlənib. Bu növdə Sidney, Afina və London Oyunlarında qızıl medal qazanmışıq. Ən çox medalı isə “Rio-2016”da 9 mükafat əldə etmişik.
Ölkəmizi cüdo yarışlarında 9 çəki dərəcəsi üzrə 2 qadın və maksimum sayda – 7 kişi idmançı təmsil edəcək. Kişilərdən ibarət heyətdə dünya Olimpiya reytinqinin lideri, Dünya çempionu, Avropa çempionatının 4 qat qalibi Hidayət Heydərov (73 kq), öz çəkisində Olimpiya reytinqinin 1-cisi, Dünya və Avropa çempionu Zelim Kotsoyev (100 kq), eləcə də komandanın digər istedadlı tatami ustaları Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Uşangi Kokauri (+100 kq) yer alıblar. Qadınların yarışında Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) qüvvələrini sınayacaqlar.
Azərbaycan bayrağı altında cüdo üzrə yeganə qızıl medal “Pekin-2008”də kişilərin yarışında əldə edilib.
Parisdə boks yarışları iyulun 27-dən avqustun 10-dək keçiriləcək. Kainatın güclü dəri əlcək ustalarının yarışına Azərbaycandan 5 boksçu qatılacaq. Boksçularımızdan 2-si – Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) 2-ci dəfə Olimpiya Oyunlarında iştirak edəcəklər. Tokio Olimpiadasının bürünc medalçısı Alfonso Dominqes Dünya çempionatının qalibi və gümüş mükafatçısıdır. Məhəmməd Abdullayev dünya çempionatlarının 2 qat bürünc medalçısıdır.
Komandamızın digər üzvlərindən Nicat Hüseynov (51 kq) 2 qat Avropa çempionu, Malik Həsənov (63,5 kq) Avropa çempionatının bürünc, Avropa kubokunun gümüş mükafatçısıdır. Millimizin gənc üzvü Murad Allahverdiyev (80 kq) olimpiadaya lisenziyanı III Avropa Oyunlarında təmin edib. “Atlanta-1996” istisna olmaqla bütün olimpiadalarda mükafat qazanan komandamızın aktivində, hələ ki, qızıl medal yoxdur. Boks komandamızın ən yaxşı nəticəsi Rio Oyunlarında (1 gümüş, 1 bürünc medal) olub.
Paris Olimpiadasında bədii gimnastların yarışında Zöhrə Ağamirova və qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina) iştirak edəcək. Zöhrə Ağamirova 2023-cü ildə bədii gimnastların Avropa çempionatında bürünc medala sahib olmaqla bu idman növü üzrə qitə çempionatlarında medala sahib olan birinci azərbaycanlı gimnast oldu. 2020-ci il olimpiadasında da Azərbaycan gimnastları qrup turnirlərində mübarizə aparıb. Qrup hərəkətləri komandamız 2022-ci ildə Dünya çempionatının bürünc medalını, 1 il sonra Avropa çempionatının qızıl medalını qazanıb. Selcan Mahsudova isə batut gimnastikası üzrə yarışda iştirak edəcək.
Eləcə də basketbol, taekvondo, atıcılıq, badminton, qılıncoynatma, kamandan oxatma, üzgüçülük, atletika, triatlon üzrə idmançılarımız Paris Olimpiadasında mükafat uğrunda mübarizə aparacaqlar. Onu da qeyd edək ki, ölkəmiz bu mötəbər yarışda ilk dəfə komanda idman növündə iştirak edəcək. Basketbolçularımız Parisə lisenziyanı Olimpiya Təsnifat turnirində qazanıblar. Atıcılıq və taekvondoda olimpiadalar tarixində böyük uğurlarımız olub. Hər 2 növdə Olimpiya qızılı qazanmağa nail olmuşuq.
Budəfəki Olimpiya Oyunlarında da idmançılarımız yüksək səviyyədə iştirak etmək əzmindədirlər. Yolunuz açıq, uğurlarınız bol olsun, əziz olimpiyaçılarımız!
Leyla QURBANOVA
XQ