İstanbulda bir məscid var...

post-img

“Came tikdirə bilərsən, amma insanları cəm edə bilməzsən”

Bir müddət əvvəl İstanbulda səfərdəydik. Boş vaxtımızda şəhərin görməli yerlərini gəzməyə qərar verdik. “Taksim” meydanı, “İstiqlal Caddesi”, “Eyyubsultan ilçesi” deyilən əraziləri gəzdik. Qarşımıza müxtəlif modern üslubda inşa olunmuş binalar və onların arasından boylanan tarixi məsçidlər çıxırdı. İstanbulun hər guşəsi məscid, camiə kimi müsəlman memarlıq sənətinin inciləri ilə dolu idi. 

Zöhr namazının vaxtında hər tərəfdən azan səsləri gəlirdi. Hər məscidin önündə bir qələbə­lik müşahidə edirdim. Təbii ki, bura uzun əsrlər İslam dünyası­nın paytaxtı olmuş İstanbul idi. Belə olmağı təbiidir. Lakin növ­bəti məscidin yanından keçərkən oradan azan səsinin gəlmədiyi, ətrafında seyrək adamların ol­ması diqqətimi çəkdi. Bunu dostlarıma deyəndə o qədər də əhəmiyyət vermədilər. Maraq məni bürüdü və məscidin qar­şısında eynəkli, ziyalı görkəmli bir nəfərə yaxınlaşıb soruşdum: 

– Nə səbəbdən digər məs­cidlərdəki qələbəlik burada gözə dəymir? 

O, nabələdliyimi duyub belə cavab verdi: 

– Hər gün buradan da xey­li adam keçir. Məscidi ziyarət edənlər də, ibadət edənlər də olur. Amma kütləvi ibadət ol­mur. Yəni kənardan gələnlər, məscid haqqında məlumatı ol­mayanlar namaz qılar, ancaq yerli əhali burada namaz qılmaz. 

Sonra o, təfsilata keçdi:

– Hadisə Sultan Süleymanın hakimiyyəti illərində baş verib. Osmanlının mübaliğəsiz olaraq qüdrətli hökmdarı hesab edilən Süleymanın hakimiyyəti ilərində qarşısına çıxan bir çox əngəlləri amansızcasına aradan götürür. Əlbəttə, dövlət başçısı, əlində hüdudsuz hakimiyyət cəmləşən birisinin bunu etməsi bəlkə də Orta əsrlər təfəkküründə normal qəbul olunur. Hakimiyyətini və dövləti qorumaq naminə, özü­nün təbirincə desək, ibrəti-aləmə dərs olsun deyə, atdığı qəddar addımları da anlamaq olar. 

Amma məsələ bununla bit­mir. Süleyman bu qəddarlığı təkcə kənarlara deyil, öz ailə üzvlərinə qarşı da etməkdən çə­kinməmişdir. Belə ki, oğlu Mus­tafanın ölümünə fərman vermiş­dir. Əlbəttə, şahzadə Mustafanın xalq və xüsusilə, Osmanlı ordu­sunun ən güclü alaylarının ol­duğu yeniçərilər arasında nüfu­zundan və oğlunun bir gün onu devirəcəyindən narahatlıq ke­çirən Süleyman onu qaralamağa başlayır. Mustafanın hər bir cə­sarətli hərəkəti Süleymanı daha da narahat edir. 

Bir sıra tarixçilərin iddiasına görə, baş hərəmi Xürrəm sultan da atanı oğula qarşı qızışdıran vəsvəsələr edir. Çünki Xürrəm sultan Süleymanın ilk həyat yol­daşı Mahidevran sultanın deyil, məhz özünün dünyaya gətirdiyi oğulların hakimiyyət başına keç­məsini arzulayırdı. Bunun üçün isə hər dəfə hiyləyə, məkrə baş vurmağı mübah hesab edirdi. Belə də olur. 

Bizə bu hadisəni danışan tarixçi alimin də iddiasına görə, Xürrəm sultan kürəkəni Rüstəm paşayla əlbir olur Mustafanın, guya, atasına və dövlətə xəyanət etməsi planını qururlar. Guya, şahzadə Mustafa Səfəvi hökm­darı Şah Təhmasiblə gizli ittifaq qurur, yazışır və atasını devir­mək üçün ondan kömək istəyir. Süleyman bu xəyanət ittihamına inanır və oğlunun ölüm fərma­nını verib çadırına çağırtdırır. Mustafa günahsız olduğunu bildirmək üçün ağ libasda, ta­mamilə silahsız, qoşunsuz onun yanına – qərargahına gəlir. Lakin atası artıq onun ölüm fərmanını vermişdi. Oğlunu dinləmək belə istəmir və beləliklə, Mustafa ça­dırda cəlladlar tərəfindən boğdu­rulur. Təkbaşına onların hamısı ilə əliyalın savaşan, onlara güc gələn Mustafa çadırdan bayıra çıxmağa çalışanda Süleymanın mühafizəçilərinin başçısı cüssəli pəhləvan olan Zal Mahmud paşa üstünə atılır və onu iplə boğma­ğa başlayır. Nəticədə, şahzadə Mustafa qətlə yetirilir. 

İstanbulda olanda bir sıra böyük camilər gördüm. Bunların ən gözəllərini, ən ehtişamlılarını Süleymanın dövründə imperiya­nın baş memarı çalışmış Sinan tikmişdi. Bu dəfə qarşısında olduğum və bir qədər sönük görünən Zal Mahmud Paşa ca­misinin də məhz memar Sinan tərəfindən tikildiyini öyrəndim. Rəvayətə görə, Mustafanın ölü­mü xalq kütlələrini və yeniçəri qoşunlarını çox sarsıdır. Günlər­lə, aylarla ona matəm saxlayır­lar. Heç kəs Mustafanın xəyanət etməsinə inanmır. Günlərin bi­rində Zal Mahmud paşa Memar Sinana bir məscid tikməsi üçün sifariş göndərir. O isə hər vəch­lə bundan yayınırmış. Hətta bir neçə il bu məsələni uzada bilir. Həmin illərdə Qanuni Sultan Sü­leyman vəfat edir və Sinan dü­şünür ki, yeni gələn sultan Zalı azad edəcək və bu sifariş baş tutmayacaq. Bununla da könül­süz yanaşdığı bu sifarişdən canı qurtulacaq. Ancaq belə olmur. Süleymandan sonra hakimiyyətə gələn Sarı Səlim Zalı bir qədər də yüksəldərək ona vəzirlik ve­rir. Belə olan təqdirdə gördüyü­müz bu cami 1577-ci ildə inşa edilir. 

Əlbəttə, Mustafa kimi xalq sevgisini qazanmış şahzadəni əl­ləri ilə boğan bir caninin sifarişi­ni yerinə yetirmək onun ürəyincə ola bilməzdi. Amma məcbur idi. Çünki Mustafa ilə bağlı qərar sultanın fərmanı idi və müzakirə olunmurdu. Lakin Zal Mahmuda nifrət o qədər kəskin olmuşdur ki, uzun illər o məscidə bir insan addımını belə atmamışdır. Hətta, indi də turistlər və bəzi dindar­lar ibadətləri üçün gəlirlər. La­kin digər camilərə gələn kütləni burada görmək olmur. Sanki hər kəsin qulağına pıçıldayırlar ki, baxın ha, məscidi tikdirən Zal Mahmud şahzadə Mustafanı qət­lə yetirən həmin canidir. 

Sonda tarixçi alim üzünü bizə tutaraq dedi: Bəli, dəyərli dostlar, ona görə də bizdə belə bir məsəl var. Deyirlər ki, cami də tikərsən, amma camaatı ora cəm edə bilməzsən. 

Anar TURAN
XQ

Sosial həyat