Hər bir ölkənin musiqi mədəniyyətində elə şəxsiyyətlər var ki, adları çəkilən kimi söhbətin çox sənətkarlardan getdiyi bəlli olur. Onların sırasında Fidan və Xuraman Qasımovaların xüsusi yeri var. Sözün əsl mənasında, parlaq ulduz olan soprano bacılar dünya opera səhnələrini bəzəmələri ilə Azərbaycanın şöhrətini daha da artırıblar.
Fidan və Xuraman Qasımovalar onlara məxsus peşəkarlığı, səhnə mədəniyyəti, yüksək mənəviyyatlari ilə seçilən əsl örnəklərdir. Bütün yaradıcılıqları boyu onlar doğma Azərbaycanı dünyada layiqincə təmsil və təbliğ edərək, mötəbər musabiqələrdə qalib gələrək, “Vətənin bir daşı” – vətəndaşı olmaları ilə fəxr ediblər.
Onların nəsli haqqında yazarkən “Ot kökü üstə bitər” atalar sözü yada düşür. XX əsrin tanınmış Azərbaycan ziyalı nəsilləri arasında onların ailəsi də ehtiramla xatırlanır. Bacılara qədər Qasımzadələrin ən parlaq nümayəndəsi onların əmisi, görkəmli memar, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, vaxtilə Politexnik İnstitutunun rektoru olmuş, Əməkdar inşaatçı Ənvər Qasımzadə idi. Gənc Fidan və Xuramanın musiqi zövqü böyük ziyalı mühitində formalaşıb. Fidan skripka üzrə təhsil alırdı, Xuraman isə jurnalist olmaq arzusunda idi. Onların qeyri-adi səsi evlərində tez-tez qonaq olan görkəmli musiqiçilərimiz – Niyazi, Qara Qarayev, Soltan Hacıbəyovun diqqətini cəlb edərək, peşəkar musiqi təhsili almalarına qətirib çıxarmışdır. Fidan məktəbdə skripka üzrə xalq artisti, professor Tahir Atakişiyev, konservatoriyada isə professor Sərvər Qəniyevin tələbəsi olub. Onun gözəl səsinin olduğunu öyrənən ADK-nın ovaxtkı rektoru, görkəmli bəstəkar Cövdət Hacıyev Fidana 2-ci kursdan skripka ilə paralel olaraq vokal ixtisası üzrə də təhsil almağa icazə verir və Fidan ixtisas üzrə A.Lvoviçdən dərs alır. Xuraman isə SSRİ xalq artisti, professor Şövkət Məmmədovanın sinfində təhsilinə başlayır, Şövkət xanım dünyasını dəyişdikdən sonra onun da ixtisas üzrə müəllimi dosent İ.A.Lvoviç olur.
Peşəkar səhnədə atdıqları ilk addımlar onlarda özlərinə inamı artırıb. Xarici ölkələrdən əvvəl Qasımova bacıları Zaqafqaziya müsabiqələrində laureat adını qazanıb, ümumittifaq müsabiqələrində qalib olaraq böyük uğurlar əldə ediblər ki, bu da istedadlı gənclərimizin vokal sənətinə axın etməsinə səbəb olub. Fidan Qasımova 1979-cu ildə İsveçrənin Cenevrə şəhərində, sonra isə İtaliyada keçirilən vokal müsabiqələrinin laureatı, Xuraman xanım isə Afinada keçirilən Mariya Kallas müsabiqəsində 1-ci yerin və Qran-Prinin sahibi, sonra isə dünyada ən nüfuzlu müsabiqələrdən biri sayılan Moskvada keçirilən VII P.İ.Çaykovski adına müsabiqənin yeganə azərbaycanlı musiqiçisi kimi qalibi olub.
Xarici səfərlərin birində – 1989-cu ildə Kubada keçirilən beynəlxalq festivalda Xuraman xanımın “Aida” operasında Aleksandr Dediklə birgə çıxışları haqqında bu ölkənin mərkəzi qəzetlərindən biri onun Azərbaycandan gəlməsi və tamaşaçıları öz möhtəşəm soprano səsi ilə valeh etməsi haqqında böyük məqalə dərc etmişdir. Belə yazılara çox rast gəlmək olar. Milanın məşhur La Skala və Moskvanın Böyük Teatr kimi qurumları Fidan və Xuraman Qasımovaları öz səhnələrində görmək arzusu ilə onları daimi işə dəvət edirdilər.
Fikrət Əmirovun Azərbaycanın musiqi aləmində böyük əks-səda doğurmuş “Sevil” operasının premyerası 1998-ci ildə Heydər Əliyevin təşəbbüsü və “Azərbaycan Mədəniyyətinin Dostları” Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə uzun müddətdən sonra yeni quruluşda baş tutmuşdur. Ümumiyyətlə qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə musiqi mədəniyyətinin inkişafına diqqət daha da artırılmış və incəsənət xadimlərinə qayğı gücləndirilmişdir. Yenidən opera və balet tamaşalarının səhnəyə qoyulması prosesi onun göstərişləri sayəsində geniş vüsət almışdır. Ümummilli lider şəxsən “Sevil” operasının premyerasına baxmaq üçün Akademik Opera və Balet Teatrına təşrif buyurmuşdu. Tamaşadan sonra o, həmişəki kimi, artistlərlə görüşdü və təəssüratlarını bölüşdü. H.Əliyevin sözlərindən: “Şübhəsiz ki, əsərin əsasını musiqi təşkil edir. Orkestr də dirijorun idarəçiliyi ilə yaxşı ifa edirdi. Ancaq, sözsüz ki, səhnədə baş verənləri siz, ifaçılar təqdim etdiniz. Bu gün Xuraman Qasımova həmişəki kimi bizi heyran edərək, çox sevindirdi. Xuraman xanım bir çox rolları peşəkar səviyyədə ifa edib. Mən onları çox yüksək dəyərləndirirəm...”
Musiqi sənətinə dərindən bələd olan Heydər Əliyevin digər çıxışı isə Qasımova bacılarının Respublika sarayında 25 illik səhnə fəaliyyətləri ilə bağlı keçirilən tədbirdə olmuşdu. Sitat: “70-ci ilin ortalarından bu xanımlar Azərbaycan səhnəsindədilər. Məhz onların fəaliyyəti ilə ölkəmizdə müasir vokal məktəbinin mövcudluğu haqda danışmağa başladılar. Onların sənətindən dünya şöhrətli korifeylər – İrina Arxipova, Yelena Obraztsova, Yevqeni Nesterenko, Mariya Biyeşu, Anatoli Solovyanenko, İrina Miroşniçenko və başqaları dəfələrlə heyran qaldıqlarını söyləyirdilər. Təsadüfi deyil ki, bu gün Fidan Qasımova dünyanın 10 ən yaxşı soprano vokalçılarının siyahısına daxildir”. – Bu sözləri Heydər Əliyev kimi dahi şəxsiyyətin dilindən eşitmək böyük xoşbəxtlik idi. Qasımova bacılarını Heydər Əliyevlə səmimi və qarşılıqlı hörmət hissləri bağlayırdı.
Burada digər önəmli faktı da əlavə etmək yerinə düşər. 2015-ci ildə İngiltərənin nüfuzlu Kembric Universitetin tədqiqatçılarının hazırladıqları “Dünya ensiklopediyası”nın 38-ci cildinə məhşur musiqiçilərin siyahısına Fidan Qasımovanın adı yeganə azərbaycanlı musiqi ifaçısı kimi daxil edilmişdir. Bu, əlbəttə ki, Azərbaycan musiqi mədəniyyəti üçün olduqca böyük hadisədir.
Keçən il ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransda Xuraman Qasımovanın parlaq çıxışı hamıya böyük təsir bağışladı. O danışdıqca dahi şəxsiyyətin işıqlı obrazı gözümüzün önündə canlandı. Xuraman xanım H.Əliyevlə bağlı xatirələrini danışarkən iri, gözəl gözləri təbii şəkildə parıldayırdı... AzTV kanalında yayımlanan “Sən, elə bir zirvəsən!” adlı verilişdə iştirak edən Fidan Qasımova da özünəməxsus mülayim təbiəti və ecazkar təbəssümü ilə bu dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşərək onun karyerasında Heydər Əliyevin mühüm rol oynadığını vurğulamışdır. Qeyd etmək lazımdır ki, Sovet ittifaqında incəsənət xadimlərinə ən yüksək – SSRİ Xalq artisti fəxri adının verilməsi üçün İttifaq Respublikalarının I şəxsin təqdimatı mütləq lazım idi. Bu mənada, əlbəttə ki, Fidan Qasımovaya da həmin fəxri adın verilməsində Heydər Əliyevin böyük xidməti olmuşdur.
Dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayev də bir müsahibəsində Qasımovalar haqqında çox yüksək fikirlər söyləmişdir: “Fidan və Xuraman bizim qürur yerimizdir və mən bunu məmnuniyyətlə geniş publika qarşısında demişəm. Bəli, onlar erkən yaşlarından anladılar ki, müvəffəqiyyət məsuliyyətsiz insanlara gəlmir”.
Digər dünyaşöhrətli musiqiçi – BMA-nın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli xatirələrində yazır: “Azərbaycanın Qarabağ kimi qan yarasına dünya ictimaiyyətinin diqqətini cəlb etmək məqsədilə xarici ölkələrdə konsertlər verirdik. Əldə olunan gəlirdən Fidan və Xuraman Qasımovalar tələb olunan zəruri məişət məhsullarını alaraq bunları şəxsən özləri qaçqın düşərgələrində, uşaq evlərində paylamışdılar”. Bu səhnə ulduzlarını tez-tez xaricdə böyük ustalıqla müşaiət etmiş Fərhad Bədəlbəyli “Azərbaycan qadını” jurnalında dərc edilmiş məqalədə də onların haqqında dəyərli fikirlərini bölüşüb: “Qasımova bacıları fenomeni Azərbaycan musiqisinin açılmamış sirlərindəndir. Azərbaycan opera sənətinin sayılan nümayəndələri, parlaq ulduzları, müasir milli klassik vokal məktəbini beynəlxalq aləmdə ilk dəfə tanıtmış Fidan xanım və Xuraman xanım sanki bir çərçivədə iki brilyantdır. Hər biri öz təkrar olunmaz parlaqlığı ilə işıq saçaraq digərinə kölgə salır, biri digərini tamamlayır”.
Bir müddət Türkiyədə çalışdıqdan sonra Fidan və Xuraman Qasımovalar doğma ocaqlarına qayıdaraq Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətlərini davam etdirmişlər. Onların yetirmələri arasında hazırda Rusiyanın Bolşoy Teatrının solisti Dinara Əliyeva, öndə olan xalq artistləri – Əvəz Abdullayev, Gülnaz İsmayılova, Samir Cəfərov, əməkdar artistlər – Fəridə Məmmədova, Həsən Enami, Afaq Abbasova, Səidə Şərifəliyeva, Zaur Əmiraslanov, Aqşin Abdullayev, Əli İbrahimov, eyni zamanda, bir çox beynəlxalq müsabiqələrin laureatları və tanınmış müğənnilər onların siniflərinin məzunları olublar. Yorulmaq bilməyən Xuraman Qasımova hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiridir. Bütün gənc ifaçıları şəxsən özu dinləyir və heç bir tələbədən öz təcrübəsindən gələn bilik və bacarığını əsirgəmir. Fidan xanımın dərsləri isə ayrıca bir mövzudur. Tələbələri deyir ki, o, bizimlə məşğul olarkən var gücünü sərf edir, yumşaq səsi və təbiəti ilə çox dəyərli məsləhətlər verməsindən zövq alırıq.
Nuridə İSMAYILZADƏ,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent