Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulan “Media və uşaq hüquqları” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.
Komitənin sədri Bahar Muradova müsəlman Şərqində ilk müstəqil cümhuriyyət quran bir ölkənin qabaqcıl ideyaları, demokratik ənənələri, hüquqları, gender bərabərliyini həm qanunlarda, həm də yaşam tərzində formalaşdıran bir xalqın öz milli mətbuatını yaradaraq örnək olduğunu bildirib.
Azərbaycançılıq və müstəqillik ideyasını siyasi konsepsiyaya çevirən ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışan komitə sədri Prezident İlham Əliyevin Azərbaycanı nəinki region və regiondan uzaqda yerləşən, köməyə ehtiyacı olan toplumlar üçün dəstəyini əsirgəməyən dövlətə çevirməyi bacardığını, hətta bir nümunə ortaya qoyduğunu vurğulayıb.
Dərs vəsaiti ilə bağlı fikirlərini bölüşən Bahar Muradova bildirib ki, komitə insan hüquqları ilə bağlı savadlılığın artırılması üçün Bakı Dövlət Universiteti ilə sıx əlaqədə işləyir. Bu gün təqdim olunan vəsait artıq birlikdə hazırlanan növbəti layihədir.
BDU-nun rektoru Elçin Babayev peşəkar medianın uşaq hüquqlarının müdafiəsində mühüm rol oynadığını vurğulayıb, mediada yetkinlik yaşına çatmayanlarla bağlı məlumatların yayılması zamanı diqqət edilməli məqamlardan danışıb.
Son 20 il ərzində Bakı Slavyan Universitetində jurnalistika ixtisaslı tələbələrin yetişdirildiyini vurğulayan BSU-nun rektoru A.Nağıyev jurnalistlərin peşə fəaliyyəti dövründə həm milli, həm də beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsinin vacibliyini bildirib.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov hazırlanan dərs vəsaitinin Azərbaycan jurnalistikası üçün bir yenilik, media nümayəndələri üçün vacib bir vəsait adlandırıb. Uşaqlara diqqət və qayğının önəmindən danışan baş redaktor mətbuatda da bu həssaslığın vacibliyini vurğulayıb.
Nəşrin müəllifi fəlsəfə üzrə fəlsəfə doktoru Cabir Məmmədli kitabın məzmunu, hansı zərurətdən yaranması barədə məlumat verib, həmçinin uşaq hüquqları barədə vacib məlumatların media nümayəndələrinə çatdırmaq məqsədi daşıdığını qeyd edib.
Müzakirələrdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva, Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova və digərləri vəsaitin mediamız üçün önəmli olduğunu, uşaqlarla bağlı yayımlanacaq materiallara daha həssas yanaşma üçün töhfə olacağını bildiriblər.
Sonda 22 İyul – Milli Mətbuat Günü münasibətilə komitə ilə əməkdaşlıq edən media nümayəndələri mükafatlandırılıb.