Mingəçevir şəhərinin ərazilərində aparılan abadlıq-quruculuq və əsaslı təmir işlərinə baxış keçirilib.
Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılovun, aparatın məsul əməkdaşlarının, kommunal xidmət müəssisələri təmsilçilərinin, media nümayəndələrinin iştirak etdiyi tədbir 20 Yanvar küçəsində 2003-cü ildə istifadəyə verilən, şəhid ailələrinin, Qarabağ müharibəsi qazilərinin, veteranların yaşadığı 4 mərtəbəli, 72 mənzilli binadan başlayıb. Binada əsaslı təmir işləri gedir. Ümumi giriş dəhlizlərində və fasadda suvaq işləri aparılır. Ümumən, göz oxşayan və qeyri-adi layihə ilə inşa olunan binanın giriş dəhlizlərinə plastik pəncərə çərçivələri, seyf qapılar qoyulacaq, ərazidə yeni işıqlandırma dayaqları quraşdırılacaq. Görüşə gələn sakinlərin problemlər barədə dedirdiklərini dinləyən şəhər rəhbəri müvafiq tapşırıqlar verərək bildirib ki, ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, şəhidlərin ailə üzvlərinin, qazilərin, veteranların sosial-məişət məsələləri daim diqqət mərkəzində saxlanılır. Sakinlərin istəyinə uyğun olaraq, onların bütün mövcud problemləri həllini tapacaq, istirahət guşələrinə oturacaqlar qoyulacaqdır.
Mətbuat işçilərinin suallarını cavablandıran icra başçısı bildirdi ki, şəhərin bütün ərazilərində əsaslı təmir işləri davam etdirilir. Mingəçevirin gözəlləşməsi, sakinlərin rahatlığı üçün küçə və məhəllələrdə yeni layihələrə başlanılıb, nümunəvi məhəllələr yaradılır, yaşıllığın qorunması üçün suvarma işləri aparılır.
Sonra energetiklər yaşayış massivində – Fazil Əzimov küçəsindəki 31 və 33 saylı binaların vəziyyəti ilə tanışlıq olub. Bu ərazidə də əsaslı təmir işlərinə start verilib. İlk olaraq, bu məhəllədə yeni və müasir kanalizasiya borularının çəkilişi aparılır, sonra ərazidə asfaltlama işləri aparılacaq, səki daşları qoyulacaq və burada nümunəvi məhəllə yaradılacaq. Ərazidəki binaların hər birinin ümumi istifadə sahələri təmir ediləcək. Oturacaqlar qoymaq, kölgəliklər yaratmaq, işıqlanma nöqtələri quraşdırmaq, yaşıllıqlar üçün su boruları çəkmək nəzərdə tutulub. Eyni zamanda, uşaq və gənclərin əylənməsi, fiziki sağlamlığı üçün idman qurğuları quraşdırılacaq.
İlham İsmayılov ölkə Prezidenti İlham Əliyevin müvafiq tapşırıqları ilə ölkəmizin hər bir bölgəsində həyata keçirilən tikinti-quruculuq işlərinin, yeni infrastruktur layihələrinin icra olunmasının əsas məqsədinin məhz vətəndaş məmnunluğuna nail olunması olduğunu bildirib və icraçılara tapşırıqlar verib.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Mingəçevir