Ulu Şeyx Nizami yurdunda doğulub boya-başa çatdığımdan, xüsusilə də valideynlərim olan, mərhum Xalq artistləri Məhəmməd Burcəliyev və Sədayə xanım Mustafayevanın həyatları məhz Gəncə Dövlət Dram Teatrı ilə sıx bağlı olduğundan, bu sənət məbədinə tez-tez getməli olur, burada çalışan müqtədir sənətkarlar haqqında söhbətlərə şahidlik edirdim. Həmin söhbətlərdə Xalq artistləri Əşrəf Yusifzadənin və həyat yoldaşı Rəmziyyə Veysəlovanın da adları tez-tez çəkilirdi.
Bu yazıda yaradıcılığının ən parlaq mərhələsi Gəncə Dövlət Dram Teatrı ilə bağlı olan Əşrəf Yusifzadəni xatırlamaq istəyirəm. 1906-cı ildə Şərur rayonunun Sərxanlı kəndində dünyaya gəlib. Beşillik təhsilini kənddə başa vuraraq İrəvana gedib, fəhlə fakültəsinə daxil olub. Paralel olaraq Yunis Nurinin dram dərnəyində epizodik rollarda, kütləvi səhnələrdə oynayıb. Sonra ustadının zəmanəti ilə İrəvanda Azərbaycan teatr dəstəsinin aktyor heyətinə qəbul olunub. 1928-ci ildə bu kollektivin əsasında İrəvan Dövlət Azərbaycan Dram Teatrı yarananda isə bədii kollektivin heyətinə daxil edilib. İlk olaraq Jan Batist Molyerin “Zorən təbib” komediyasında Nökər obrazını yaradıb. Sonra Cəfər Cabbarlının “Aydın” pyesində Dövlət bəy, “Pepo” pyesində isə Pepo rollarında maraqlı cıxışları ilə yadda qalıb.
1930-cu ildə Əşrəf Yusifzadə teatrdan ayrılaraq, Bakıya ali təhsil almağa gəlib. Politexnik İnstitutuna daxil olub. Məşhur aktyor Rza Təhmasib və şair-dramaturq Hüseyn Cavidlə dostluğu onu yenidən teatr sənətinə bağlayıb. 1932-ci ilin oktyabrında Bakı Türk İşçi Teatrının truppasına qəbul olunub. Kollektivlə birgə elə həmin ilin sonunda Gəncəyə gəlib və burada qalaraq ömrünün sonuna qədər yerli Dövlət Dram teatrında aktyor kimi fəaliyyət göstərib. Teatrın repertuarının əsas ağırlığını cəsarətlə çiyinləri üzərində çəkən, demək olar, bütün qəhrəmanları və əsas rolları oynayan barmaqla sayılacaq aparıcı aktyorlardan biri də o, olub. Rejissorlardan Həbib İsmayılovun, Mehdi Məmmədovun, Həsən Ağayevin, Yusif Yulduzun, Hüseyn Sultanovun, Tofiq Kazımovun, Nəsir Sadıqzadənin, Yusif Bağırovun, Vaqif Şərifovun, Əşrəf Quliyevin bədii cəhətdən kamil quruluşlarında əsas rolları məhz Əşrəf Yusifzadə oynayıb.
Coşqun səhnə ehtirası, daxili temperamenti, gur səsi, qaynar psixoloji aləmi, pafoslu danışıq ahəngi olan aktyor klassik faciə obrazlarının mahir ifaçısı kimi bu gün də yaddaşlarda yaşayır. Əşrəf Yusifzadə realist səpkili tamaşalarda da romantik monumentalizmə meyil göstərib. Mürəkkəb psixoloji personajları da məharətlə oynaya bilib. Məhz daxili aktyorluq harmoniyasını plastik hərəkətlərdə ustalıqla təcəssüm etdirməyi bacarıb. Qabil sənətkar kimi Gəncə Dövlət Dram Teatrının səhnəsində bir-birindən maraqlı, rəngarəng obrazlar qaleriyası yaradıb.
Səməd Vurğunun “Vaqif” tarixi dramında Xalq artisti Əşrəf Yusifzadənin yaratdığı Ağa Məhəmməd şah Qacar surəti maraqla izlənilən obrazlarından biri kimi diqqəti cəlb edirdi. Onun Qacarı yalnız qanicən bir fateh kimi təqdim olunmurdu. Aktyor böyük məharətlə Qacarın ruhi əzablarını da, ətrafında olanlara münasibətini də, yırtıcı təbiətini də, bir sözlə, xarakterini hərtərəfli göstərməyə müvəffəq olurdu.
Xalq artisti Rəmziyyə Veysəlova xatirələrində aktyorun Qacar obrazı haqqında yazırdı: “Əşrəf Qacar obrazı üzərində işləyərkən məsləhət üçün Naxcıvanda yaşayan əmisinə məktubla müraciət etdi. Çox savadlı bir adam olan əmisi ona cavab yazıb bildirdi ki, “Əşrəf, sən calış, Qacarı savadlı, geniş dünyagörüşlü sərkərdə kimi göstər”. Əşrəf də pyesdə Qacarı bu səpkidə işıqlandırmağa calışırdı. Cəsarətlə deyə bilərəm ki, Qacar obrazını Azərbaycan səhnəsində Sidqi Ruhulladan sonra mükəmməl yaradan aktyor Əşrəf olub. Bu obrazda Əşrəf Qacarı bütün eybəcərliyi ilə yanaşı, ağıllı, bilikli bir şəxsiyyət, sərkərdə olaraq göstərməyə nail olub”.
Onu da əlavə edim ki, xəsis, qorxaq, pul üçün insanlıq şərəfini itirən Hacı Qaranı, qəlbi, vicdanı kömür kimi qara olan, xəyanət mücəssiməsi Yaqonu, eləçə də Şeyx Sənanın daxili dünyasını acıb göstərmək və tamaşaçılara sevdirmək qabiliyyəti aktyorun böyük səhnə uğurlarına gözəl təqdimat olub. Onun məharətlə yaratdığı obrazlardan biri də rejissor, Əməkdar incəsənət xadimi Hüseyn Sultanovun quruluşunda Gilerma Fiqeyredonun “Tülkü və üzüm” pyesindəki Ezop roludur. Bu obraz Əşrəf Yusifzadənin Gəncə teatrında oynadığı ən yadda qalan, maraqlı və bitkin obrazları silsiləsinə daxildir. Aktyor Ezopu da fərqli cizgilərlə göstərməyə müvəffəq olaraq, onu səhnə fəaliyyətinin uğurlu surətlərindən biri kimi təqdim edə bilirdi. Rejissor Nəsir Sadıqzadə “Bakı” qəzetində Əşrəf Yusifzadənin Ezop obrazı haqqında yazırdı: “Əşrəf Yusifzadə öz oyununda qulun azadlıq ehtirası ilə cırpınan qəlbinin hiss və həyacanlarını gözəl təçəssüm etdirirdi”.
Xalq artisti Əşrəf Yusifzadə eləcə də “Azərbaycanfilm”in istehsalı olan bir sıra filmlərdə yaddaqalan, maraqlı obrazlar yaradıb. Mirzə Fətəli Axundzadənin eyni adlı komediyası əsasında Cəfər Cabbarlının ssenariləşdirdiyi və 1929-cu ildə quruluşçu rejissor Abbas Mirzə Şərifzadə və quruluşçu operator İvan Tartakovski tərəfindən ekranlaşdırılan “Hacı Qara”, daha sonra 1958-ci ildə ssenari müəllifi Qılman Musayev, quruluşçu rejissorları İsmayıl Əfəndiyev, Şüa Şeyxov, quruluşçu operatoru Əsgər İsmayılov olan “Kölgələr sürünür”, 1960-cı ildə Mehdi Hüseynin ssenari müəllifi, Ağarza Quliyevin quruluşçu rejissor və Dmitri Feldmanın quruluşçu operatoru olduğu “Səhər” tammetrajlı bədii filmlərində yaratdığı obrazları Azərbaycan kino səlnaməsinə rəngarənglik və fərqlilik gətirə bilib.
Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas