Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti, bəstəkar Faiq Sücəddinovun “Zəfər” yubiley yaradıcılıq konserti keçirilib.
Möhtəşəm axşamda sarayın səhnəsində operalardan parçalar, müəllifin “Zəfər” simfonik poeması, “Şuşa” oratoriyası, romans və mahnılar ifa olunub. Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, beynəlxalq festival laureatı Mirələm Mirələmov və digər ulduzların ifaları simfonik orkestrin müşayiəti ilə səslənib.
Əsərlərin hamısı böyük qələbəmizə, işğaldan azad olunan rayonlara həsr olunub. Sözləri şair Səlim Babullaoğluna aid olan, Samir Cəfərovun (solo) və xorun ifasında təqdim edilən “Zəfər” simfonik poeması ilk dəfə 2021-ci il noyabrın 8-də – Qələbə paradı günündə efirə verilmişdir. Heydər Əliyev Sarayında isə “Zəfər” də, digər musiqilər də yenidən yüksək peşəkar səviyyədə təqdim olunaraq, ürəkləri həyəcanla döyündürüb. Qarabağın işğaldan azad olunmasına həsr olunan konsertin aparıcısı Xalq artisti Nurəddin Mehdixanlı idi.
Faiq Sücəddinov yay aylarında “Yaşıl Teatr”da daha bir möhtəşəm konsert layihəsi təqdim edəcəyini qeyd edib.
XQ