Mingəçevir Dövlət Universitetində (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş mərasim keçirilib.
MDU-dan “XQ”yə verilən məlumata görə, mərasim “Azərbaycan xalqının tarixi yaddaşından silinməyən soyqırımı” mövzusuna həsr olunub. Universitetin humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova 1918-ci ildə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrdən, tarix boyu ermənilərin öz havadarlarına söykənərək azərbaycanlılara qarşı təcavüzkar siyasət yeritdiklərindən, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla soyqırımı hadisələrinə hüquqi qiymət verilməsindən bəhs edib. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın haqq səsi artıq dünya ictimaiyyəti tərəfindən qəbul olunur.
Mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib. Sonra humanitar fənlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Aygün Qədirovanın mühazirəsi dinlənilib. O, 31 Mart soyqırımının ermənilərin xalqımıza qarşı həyata keçirdiyi böyükmiqyaslı terror aktlarından biri kimi tarixə yazıldığını söyləyib. Qeyd edilib ki, bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələri aradan qaldırılıb, respublikamızın ərazi bütövlüyü və suverenliyi təmin olunub, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.
Mövzu ətrafında aparılan müzakirələrdən sonra iştirakçıların sualları cavablandırılıb.
XQ