Ötən əsrin 20 ci illərinin sonundan etibarən keçmiş SSRİ-də kollektivləşmə siyasətinə başlanıldı. Qolçomaqlara qarşı mübarizə gücləndi. Bütün əkin torpaqları kollektiv təsərrüfatlarda cəmləşdirildi. Sovetləşmə siyasəti ədəbiyyat və incəsənətə də şamil edildi. Kinomuz da da bu siyasətdən kənarda qalmadı.
Kollektivləşməyə qarşı Şəki üsyanının baş verdiyi 1930 cu ildə kinorejissor Mikayıl Mikayılov “Lətif” adlı ilk səssiz bədii filmini ekranlaşdırıb. Lətif Azərbaycanda ilk uşaq filmi kimi xarakterzə olunur. Filmin qəhrəmanı Lətif (Lətif Səfərov) qolçomaq Hacı Səmədin (A. Bəzirganov) muzdurudur. Onun üçün uzunqulaqla su daşıyır. Sözsüz ki, balaca qəhrəmanın bu əməyinin elə yüksək qiyməti yoxdur. Biz bunu anası ilə olan səssiz dioloqundan da hiss edirik. Evdə yaranmış çətin şərait Lətifin anasının əhvalına büsbütün təsir edir. Buradan dövrün sosial sifarişi özünü qabarıq göstərir.
Filmdə traktor kollektivləşmənin rəmzi “obraz”ıdır. Hacı Səməd üçün ən qorxulu məsələ kollektivləşmə olduğuna görə, kəndə traktor gətiriləndə siravi kəndlilər sevinsələr də, o, xofa düşür. Traktoru sıradan çıxarmaq kimi məkrli plan cızır. Hacı Səməd düşünür ki, traktorları dağıdıb hissələrini sıradan çıxarmaqla kollektivləşmənin qarşısını ala, və cəmiyyətdə özünün əvvəlki məqamını qoruyub saxlaya bilər.
Lətifdə isə texnikaya güclü maraq oyanır. O, gələcəkdə traktorçu olmaq istəyir. Filmin uşaq qəhrəmanı konsepsiyası bununla qurulmağa başlayır. Əvvəl sahibi Hacı Səməddən qorxan Lətif bu dəfə ürəklənərək, ondan zəhməthaqqını almaq istəyir. Film səssiz olsa da, sanki Lətifin Hacı Səmədin evinə yaxınlaşmasının səsini eşidirik. Kollektivləşmənin xofunu yaşayan qolçomaq hər an qapılarının döyülməsindən qorxur. (Əslində, bu epizod 37-ci il represiyyalarının başlanacağını qabaqcadan xəbər verir). Hacı Səməd qapıda onu həbs edəcək şəxsləri görməsə də, niyyətini bildirən uşağın timsalında zərbə alır. Lətif ağasından pul alaraq şəhərdə traktorçuluq kursuna gedəcəyini anladır. Muzdurun traktorçu olmaq arzusu Hacı səmədlərin labüd sonunun çatması deməkdir.
Qolçomaq muzdurunu şərləmək yolu tutur. Traktorların hissəslərini sıradan çıxartdırı ki, Lətif cəzalandırılsın. Kolxoz sədri ( Ələsgər Ələkbərov) bundan xəbər tutanda qolçomaqlar həmin əməli Lətifin törətdiyini qeyd edirlər. Lakin kolzxoz sədri buna inanmaq istəmir. Çünki o yeni quruluşun adamıdır. Gələcəyin traktorçusu olacaq Lətif onun gözündə yeni quruluşu təmsil edən şəxsdir. Hər bir halda kənddə yaranmış ağır durum Lətifi bezdirir və o, şəhərə üz tutur.
Mahiyyət etibarı ilə Lətif filmin romantik qəhrəmanıdır. Çünki yaşına uyğun olmayan arzularla yaşayır. Kənd vağzalında onun gözünə gur işıqların düşməsi maraqlı həll variantını ortaya qoyur. Bu, işıqlı sabahlar anlamına gəlir. Lətif şəhərdə olarkən həmyaşıdının boynundakı qalstuku görərək nə olduğu ilə maraqlanır. Bir uşaq ona həmin qalstukdan bağışlayır. Lətif artıq muzdur deyil, pionerdir. Düzdür, yaşının azlığına görə Bakıda traktorçuluq məktəbində oxumur, lakin artıq kəndə daha cəsarətli bir şəxs kimi qayıdır. Üzərinə atılan ləkəni – böhtanı təmizləyir. O, keçmiş sahibi Hacı Səmədi və əlaltılarını ifşa edir. Traktor hissəslərini tövlədə basdiran qolçomağın adamlarının əməlləri ifşa olunur.
Mikayıl Mikayılovun bu ekran işi kino tariximizin qızıl fonduna daxil olub. Dövrün ideloji tələblərinə əsasən çəkilməsinə baxmayaraq, kinematoqrafiyamızda uşaq filmlərinin ilkin nümunələrindən biri kimi dəyərlidir.
Ceyhun MİRZƏLİ