Adları teatr və kino tariximizə həkk olunmuş bir çox rejissorlarımızı tamaşaçı kütləsi üzdən tanımır. Bəlkə də, çoxlarının adı da yaddaşlardan silinib. Tamaşaçı çox zaman kadr arxasında qalanların əməyi ilə deyil, görünən, üzdə olan aktyorla və onun rolları ilə maraqlanır. Fərqinə çox az varırıq ki, aktyoru da, rolu da ərsəyə gətirən, yetişdirən rejissordur.
Bu baxımdan ilk dəfə bütün rejissorları bir araya gətirib, onları yalnız quruluşları ilə deyil, simaları ilə də tarixə salan bir rejissor var. Söhbət Ramiz Həsənoğlu və onun televiziya teatrı tarixinə yazdığı “Ac həriflər” tamaşasından gedir. Uzun illərdir ki, bu tamaşaya ekranlarda sevilə-sevilə baxılır və hər dəfə yeni imiş kimi qarşılanır.
Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” əsəri istər oxucunun, istərsə də tamaşaçının yaddaşında onun tamaşası həlli ilə qalıb. Teletamaşanı bu janrda görkəmli rejissor Ramiz Həsənoğlu ərsəyə gətirib. Rejissor hələ orta məktəbdə dram dərnəyində o tamaşada oynayandan əsərə vurulub. Sonralar, 90-cı illərin əvvəllərində Mədəniyyət və İncəsənət Universitetində rejissorluqdan dərs deyəndə Ramiz Həsənoğlu təklif edir ki, birimiz rejissorluq etməklə “Ac həriflər”i tamaşaya qoyaq və qalanlarımız rolları bölüşək. Beləcə, “Ac həriflər” ilk dəfə radio-tamaşa kimi Tofiq Tağızadənin rejissorluğu ilə ərsəyə gəlib. 2 il sonra “Sabah” yaradıcılıq studiyasında çalışan Ramiz Həsənoğlu həmin heyəti yığıb teletamaşa hazırlayıb. “Sabah” yaradıcılıq ocağının bünövrəsi həmin tamaşa ilə qoyulub.
Rollar rejissorlar arasında bölüşdürülüb. Yalnız Yaşar Nuridən başqa. Ramiz Həsənoğlu deyir ki, əslndə mən onu gənc rejissor kimi həmin tamaşaya dəvət etdim:
– Yaşar Nuri o vaxt Musiqili Komediya Teatrında rejissor kimi tamaşa hazırlamışdı. Məni ən çox incidən də Yaşar oldu, çünki o aktyor idi, şıltaqlıqları vardı. Rejissorlarda belə şeylər yoxdur. Yaşar istedadına arxalanıb məşqlərə hazır gəlmirdi və nəticədə əlavə vaxt itirirdik. Tofiq Tağızadə öztəcrübəsindən çıxış edib mənə məsləhətlər verirdi. Bəzilərini götürürdüm, bəzilərini isə “mən belə görmürəm”, – deyib vəziyyətdən çıxırdım. Televiziyada dubllarla istədiyin nəticəni ala bilirsən. Tofiq Tağızadənin yaddaşında problem vardı, sözlər yadında qalmırdı. Dublları montaj etməklə vəziyyətdən çıxdıq. Cahangir Novruzovu isə ağlatdım. O qədər müdaxilə edirdi, məsləhət verirdi ki, axırda dedim: “Cahangir, sən burda aktyorsan, rejissor nə deyir, onu elə”. Bir də gördüm gözləri doldu. Cahangir yemək səhnəsində əziyyət çəkirdi. Uzun saqqal-bığ ona maneə olurdu. “Toyuğun bir dərisi, bir gerisi” – deyib toyuğu parçalayır, ağzına aparırdı, dublu çəkirdik, qoyurdu yerə.
Əlavə edək ki, rolların hamısını rejissorlar oynadığından, təbii ki, öz müdaxilə, yaxud improvizələrini də etməmiş deyildilər. Rəhmətlik Hüseynağa Atakişiyevlə Cahangir Novruzovun səhnəsində onların “Otellodan” “Çıx yerin dibindən, qara intiqam” – deyə sitat gətirmələri sırf improvizədir və rejissor da bunu çox bəyənib. Bu rejissorlar zaman-zaman aktyor kimi də tanınıblar. Eləsi də var ki, ekranda yalnız bu tamaşa ilə qalıb.
Bəstəkar Cavanşir Quliyev:
– Rejissorları qrimdə görmək mənə çox gülməli gəlirdi. Dəfələrlə bu səbəbdən çəkiliş pozulurdu. Mən baxıb gülürdüm, rejissorları da gülmək tuturdu. Ümumən, çox gözəl, yaradıcı, səmimi mühit vardı. Ramizə daha bir-neçə elə iş arzu edirəm ki, bizi də başına yığsın”.
Bəhram Osmanov:
– Ramiz mənə Zərbəli obrazını təklif edəndə dedi ki, heç kim bu rolu bəyənib oynamaq istəmir. Mən də həmin vaxt Çexovun “6-cı palata”sını işləyib hazırlamışdım. Dedim, bu şərtlə razı olaram ki, “Sabah” studyasında o tamaşanı hazırlayım. Zərbəlini oynayıb qurtarandan 10 gün sonra Ramiz dəvət elədi, “6-cı palata”nın çəkilişlərinə başladım. Gənc rejissor idim, boynumu büküb korifeylərin çıxartdıqları oyunlara baxırdım, öyrənirdim.
Çıxartdıqları oyunlar isə, bəlkə də, efirdə görünənlərdən də maraqlı olub. Film-tamaşada hadisələr Həsən dayının (Yaşar Nuri) yeməkxanasında cərəyan edir. Həmin gün Həsən dayının heç bəxti gətirmir. Özünü ac-yalavac yeməkxanaya salan həriflər doyunca yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Özü demişkən: “Çörəyi yeyən qaçır”...
Cahangir Novruzov – Dərviş, Nazim Abbas – İbrahim bəy, Tofiq Tağızadə – Mirzə Mahmud, Bəhram Osmanov – Zərbəli, Hüseynağa Atakişiyev – Aktyor,
Kərim Kərimov – Süleyman, Məmmədkamal Kazımov – Səlman, Arif Mədətov – Türk, Ədalət Ziyadxanov – Mirzə, Vaqif Əsədov – Əhməd, Yusif Əkbərov – Rza, Anaxanım Abdullayeva – "Əcnəbi", Şamil Nəcəfzadə – İngiliscə danışan azəri, Arif Qasımov – Meyxana deyən, Ramiz Həsənoğlu özü (Ramiz Drazi kimi) – Ağıldankəm uşaq rolları ilə ekrana düşən rejissorlardır.
Tamaşanın rejissurasında Ramiz müəllimə o vaxt hələ gənc olan Şərif Qurbanəliyev kömək edib. Quruluşçu operator Eldar Məmmədov, quruluşçu rəssam Rəfael Əsədov, bəstəkar Cavanşir Quliyev olub. Tamaşada səslənən şeirlərin müəllifi Ramiz Rövşəndir.
Ramilə QURBANLI
XQ