Qarabağın tacı sayılan Şuşa yalnız gözəl təbiəti, saf havası, məşhur insanları, musiqiçiləri ilə deyil, həm də çoxsaylı abidələri, qədim tikililəri, adla tanınan evləri ilə məşhurdur. Xüsusən şəhərin Çuxur məhəllə deyilən hissəsini gəzərkən bunun bir daha şahidi olduq.
Məhəlləyə Yuxarı Gövhər ağa məscidinin qarşısından keçən küçədən daxil olduq. Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin yaxınlığındakı əzəməti bir bina diqqətimizi çəkdi. Bu bina Şuşanın qədim bəy nəslindən olan Hacı Qulunun (Qulu Məhəmmədəli oğlu) malikanəsi olub. Üçmərtəbəli saraytipli evi 1849-cu ildə Hacı Qulu inşa etdirib.
Bəs, Hacı Qulu barəsində biz nə bilirik? Bu sualı əslən şuşalı olan Tahirə Məmmədova cavablandırdı. Onun sözlərinə görə, Hacı Qulu bir zamanlar Cəfərqulu xan Məhəmmədhəsən oğlu Sarıcalı-Cavanşirə xidmət edib: “Daha sonra ticarətlə məşğul olub. Şuşanın varlı tacirlərindən birinə çevrilib. Əqli, fərasəti və zirəkliyi sayəsində xeyli var-dövlət toplayıb. O, XIX əsrin 70-ci illərindən qəzada ikinci gildiya taciri kimi tanınıb. Şuşa qəza və kəndlərində çoxsaylı dükanları olub. Bu dükanlarda isə Rusiya və başqa dövlətlərinin malları satılıb. O, qazanc mənbəyi kimi həm də icarədarlıqdan istifadə edib. Qənaətçiliyi ilə fərqlənən, var-dövlətinin qədirini bilən, sərvətini sağa-sola xərcləməyən tacir olub. O, Həccə ziyarət edib”.
Tahirə Məmmədova daha sonra dedi ki, Hacı Qulu qənaətçil olduğuna və pulununun qədrini bildiyinə görə, onun xəsisliyi barəsində şayiələr yayılıb. Bir lətifədə deyilirmiş: “Hacı Qulunun çoxdan bəri işlətdiyi bir taxta qaşığı vardı. Qonsusu hər dəfə görəndə bir sınıq-salxaq qaşığı indiyədək saxladığına görə onu məzəmmət edirdi. Axır ki, o, bir gün özünü saxlaya bilməyib deyir:
– Bilirsən, qaşığı çoxdan atardım, intəhası indiyə qədər öz canına çəkdiyi yağa heyfim gəlir”. Buna baxmayaraq onun əliaçıqlığı da olub”.
Öyrəndik ki, Hacı Qulu nə qədər qənaətçil olsa da, ailəsinin rahatlığı üçün tikdirdiyi əzəmətli binaya böyük məbləğdə pul xərcləyib. Bina öz memarlıq üslubu və milli koloriti ilə möhtəşəm olub. Mülkün 46 otağı və 2 böyük qonaq salonu var imiş. Birinci mərtəbədəki xidməti otaqları, ikinci mərtəbədə yemək və yataq otaqları yerləşirmiş. Evin üçüncü mərtəbəsində iri salon və onun yanlarında qonaq otaqları varmış”.
Tahir Şuşalı qeyd edir ki, əksər Şuşa ev və saraylarından fərqli olaraq, Hacı Qulunun mülkünün bütün fasadlarında çox sayda geniş pəncərələr yerləşirmiş. Pəncərələr hamısı şəbəkə ilə işlənibmiş.
Hacı Qulu bu dünyanın vəfasızlığından, var-dövlətinin, mülkünin bir vaxtlar əlindən çıxacağını hiss edirmiş. Barəsində qoşulmuş lətifədə bu açıq-aydın görünür. “Şuşada ən varlı şəxslərdən biri Hacı Qulu, ən kasıbı isə cındır paltarlı sudaşıyan, yetim Rzaqulu idi. Bir gün söhbət əsnasında Hacı Quluya deyirlər ki, adın eşidiləndə camaat dərindən “ah” çəkir. Hacı Qulu heç düşünmədən onlara belə cavab verir:
– Çox nahaq yerə! Qoy camaat Hacı Quluya baxıb köks ötürüncə, Rzaquluya baxıb, şükür eləsin”.
Sovet hakimiyyəti qurulduqdan sonra Hacı Qulunun da var-dövləti, mülkləri ailənin əlindən alınır və onun Rzaquludan fərqi olmur. Əslində olur. Çünki yeni quruluşda onun kimi imkanlılar deyil, Rzaqulular ixtiyar sahibi olurlar.
1992-ci ildə Şuşa şəhərini ermənilər işğal edəndə Hacı Qulunun mülkü top atəşinə tutularaq dağıdılıb, binaya ciddi ziyan dəyib. Hazırda divarlarının bəzi hissələri qalıb.
Şəhər işğaldan azad edildikdən sonra Şuşa dirçəliş mərhələsinə qədəm qoyduğundan bərpası nəzərdə tutulan abidə və tikililərin arasında bu malikanə də var.
Malikanənin fotosunu çəkdikdən sonra yolumuza davam edirik. Qarşıdakı Çuxur məhəllə meydanından müxtəlif istiqamətlərə küçələr çıxır. Meydanda yalnız divarları qalmış bina diqqətimizi çəkdi. İlk baxışdan yaşayış binasını xatırlatsa da, divardakı lövhədən aydın oldu ki, Çuxur məhəllənin məscididir. Vaxtilə Şuşanın digər məhəllə məscidləri kimi Çuxur məhəllə məscidinin də interyerində memarlıq elementlərindən, vasitələrindən geniş istifadə edilib. Quran yazıları, yapma bəzəkləri diqqti cəlb edir. Amma indi bütün bundan quru uçuq divarlar qalıb.
1992-ci ildə Şuşanın işğalı zamanı şəhərin digər tarixi məkanları kimi, Çuxur məhəllə məscidi də erməni vandalizminə məruz qalıb. Ermənilər məscidlə yanaşı, meydanın ətrafında yerləşən digər tarixi tikililəri də dağıdıblar. Burda bir bulaq da var: Çuxur məhəllə bulağı. 1791-ci ildə məhəllənin varlı insanlarının inşa etdirdikləri ikigözlü bulaq meydanın 3 yol ayrıcında yerləşir.
Yuxarıda qeyd etdiyim kimi, meydandan 3 küçə ayrılır. Onlardan biri Hacı Qulunun malikanəsinə, ikincisi Bülbülün Ev Muzeyinə gedir. Üçüncüsü aşağı küçə evləri ilə deyil, Mir Həsən Vəzirovla tanınıb. Bu barədə Naida Manaflı deyir: “Mənim babamın evi Çuxur məhəllədə yerləşirdi. Balaca bir meydandan aşagı küçə başlayırdı. O yadımda idi ki, həmin küçədəki bir evin divarında lövhə vardı. Yazılmışdı ki, 26 Bakı komissarlardan olan Mir Həsən Vəzirov bu evdə doğulub. Mir Həsən Vəzirov 1918-ci ilin mayından Bakı Xalq Komissarları Sovetinin torpaq komissarı olub. Heç bilmirəm indi həmin küçədəki evlər sağ- salamatdı, ya yox...”
Nəhayət, Bülbülün Ev Muzeyini ziyarət edirik. Ev 2 otaq və eyvandan ibarətdir. Polad Bülbüloğlunun vəsaiti ilə təmir edilib. Bülbül bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib, ilk dəfə musiqi aləminə qədəm qoyub. Muzeydə yenidən müğənniyə aid əşyalar və sənədlər sərgilənir.
Muzeyin bərpa işlərində Həbibə Əliyeva iştirak edib. O dedi: “2022-ci il oktyabrın ayında ezamiyyətdə olarkən Hacı Qulunun və Şirin bəyin erməni vandalizminin qurbanına çevrilən dağıdılmış mülklərini və Bülbülün Ev Muzeyinin üzərindəki kitabələri işlədim, amma məsciddə kitabə ilə rastlaşmadım. Bəlkə, kitabəsi mövcud olub, sonra vəhşilər tariximizi silmək niyyətilə məhv ediblər. Bu onların adətidir...”
Qəmzə Nəcəfova isə deyir ki, Çuxur məhəlləsinin ən azı 270 il tarixi var. Bu məhəllə babamın–Xanbudaqovların yurdudur: “Babamın iki mərtəbəli evini alıb sakinlərə vermişdilər. Erməni işğalına qədər anam uşaqlığı keçən həmin məhəlləni, qocaman tut ağacını yad edərdi”.
Nəhayət, Çuxur məhəlləni tərk edib Gəncə qalasına doğru getdik. Hər tərəfdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib. Bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur. Görülən işlər Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyinə əminlik yaradır.
Ən önəmlisi küçədə qarşılaşdığımız insanların simasında sevinc, gələcəyə inam vardı.
Pünhan ƏFƏNDİYEV
XQ