“Niyazi xatirələrdə” adlı yeni kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə oxuculara təqdim olunub.
Nəşrdə dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə–Hacıbəyov haqqında 1987-ci ildə rus dilində işıq üzü görən “Maestro Niyazi. Xatirələr, məqalələr, məktublar” kitabının (tərtibçilər Həcər Hacıbəyova və Əsildar Hüseynovdur) “Xatirələr” bölməsinin tərcüməsi yer alıb. “Orxan” Nəşriyyat və Poliqrafiya Müəssisəsində çap olunan kitab muzeyin zəngin kolleksiyalarından fotolar və digər materiallarla illüstrasiya edilib.
Layihə rəhbəri və elmi redaktoru Alla Bayramova olan kitabda Ümummilli Lider Heydər Əliyevin 1994-cü il sentyabrın 18-də Niyazinin Mənzil Muzeyinin açılışında söylədiyi nitqi, görkəmli Azərbaycan mədəniyyət xadimləri ilə yanaşı Rusiyadan, Türkiyədən, Gürcüstandan olan mədəniyyət xadimlərinin xatirələri yer alıb. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar görkəmli sənətkarın ömür və sənət yolunun maraqlı məqamları haqqında məlumat verib. Musiqi Akademiyasının professoru, Xalq artisti Xuraman Qasımova və görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi Zemfira Qafarova sənətkarın həyat və yaradıcılığından ətraflı söz açıblar.
Kitab Niyazinin şəxsiyyəti və yaradıcılığı ilə və ümumilikdə XX əsr Azərbaycan musiqi mədəniyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
***
Elm və Təhsil Nazirliyi tərəfindən "Tolışə Zıvon" – talış dili dərsliyi təsdiqlənərək dərc olunub.
İbtidai siniflər üçün nəzərdə tutulan yeni dərslik artıq tədris edilmək üçün müvafiq məktəblərə verilib. Kitabın müəllifləri AMEA Dilçilik İnstitutunun əməkdaşları Rasim Heydarov, Aqil Cəfərov və Elvin Səmədovdur.
Bildiyimiz kimi, Azərbaycan Respublikası Avropa Şurasının tam hüquqlu üzvü kimi, həmin qurumun "Regional dillərin və ya azsaylı xalqların dillərinin Avropa Xartiyası" prinsiplərini həyata keçirmək üçün əməli tədbirlər görür. Dərsliklərin çapı da onların dillərinin tədrisi ilə bağlı lazımi şərait yaradıldığını göstərir.
Qeyd edək ki, "Azsaylı xalqların dili" fənni üzrə dərslik komplekti üzrə "Talış dili" ilə yanaşı, I-IV siniflər üçün "Saxur dili, "Xınalıq dili" və I sinif üçün "Haput dili" dərslik komplektlərinin çapı da reallaşıb. Eyni zamanda ölkəmizdə tədris gürcü dilində olan məktəblərin tələbatına əsasən, Gürcüstan Elm və Təhsil Nazirliyindən daxil olmuş 1,5 min nüsxə dərslik tədris bu dildə aparılan məktəblərin şagirdlərinin istifadəsinə verilib.
***
Tanınmış şair Murad Qoçuoğlunun yeni kitabı “Mən hər gün Günəşi qarşılayıram” adlanır.
Murad Qoçuoğlu ötən əsrin 80-ci illərində ədəbiyyata gəlib. Şeirləri respublikamızda və onun hüdudlarından kənarda müxtəlif mətbu orqanlarda işıq üzü görüb., Türkiyədə nəşr olunan “Avrasiya şairlərinin antologiyası”na daxil edilib.
Şeirləri maraq kəsb edən Murad Qoçuoğlu fəlsəfi düşüncəyə meyilli şairdir. Müəllifin təbiət, dünya, insan, sevgi və digər mövzulardakı şeirləri daha çox bu axarda yazılıb, hər biri fərqli psixoloji auraya, mental iqlimə, ab-havaya malikdir. Şairin bədii dünyası onun ruhunun dərinliklərindən boy göstərir və üç əsas obrazı var – Allah, dünya və insan!
Yeni kitaba “Ön söz”ü tanınmış tənqidçi Əsəd Cahangir yazıb.
Ə.ƏLİYEV
XQ