Buzlaqların əriməsi Şimal Dəniz Yoluna işləklik gətirir

post-img

Şimal Dəniz Yolu Rusiya və bütün dünya iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir. Bu, Avropa və Asiyanı birləşdirən ən mühüm ticarət yollarından biridir.

Onun sayəsində yüklərin çatdırılması vaxtı və maya dəyəri əhəmiyyətli dərəcədə azalır. Məsələn, Sankt-Peterburqdan Vladivostoka qədər olan məsafə 14 min kilometrdir. Amma Süveyş kanalı ilə bu məsafə 23 min kilometrdən çoxdur.

Bundan əlavə, iqlim dəyişikliyi səbəbindən Arktika buzlarının əriməsi marşrutda buzqıran gəmilərin köməyindən asılılığı azaldır və onu tranzit daşımalarda daha səmərəli edir. “Rosatom”un baş direktoru Aleksey Lixaçev deyib: “Şimal Dəniz Yolu Rusiyanın Uzaq Şərqi ilə ölkənin qərb bölgələri, Asiya və Avropa arasında birləşdirici əlaqədir. O, Sibirin ən böyük çay arteriyalarını vahid nəqliyyat şəbəkəsində birləşdirir və dəniz limanlarının, dəmir yolu və çay kommunikasiyalarının infrastrukturu üçün şərait yaradır. Bu yol həm də yanacaq xərclərini azaltmağa imkan verir. Nəticədə ətraf mühitə atılan antropogen yük minimuma enir”.

Qeyd edilir ki, bu dəniz yolu ilə, əsasən neft, qaz, kömür, metallar, taxta-şalban, taxıl və s. kimi müxtəlif mallar daşınır. Ötən il şimal marşrutu ilə rekord həcmdə – 36 milyon ton yük daşınıb ki, bunun da yarıdan çoxu mayeləşdirilmiş təbii qaz olub. Yük daşımalarının həcmi 2024-cü ildə 71 milyon ton, 2024–2035-ci illərdə isə 1,8 milyard ton olacaq”.

Marşrutun iqtisadi baxımdan səmərəli olduğunu “Bloomberg” də qəbul edir: “Yaxın gələcəkdə daha çox tanker Qırmızı dəniz marşrutundan yayınmaq və yükləri alıcılara daha sürətlə çatdırmaq üçün Şimal Dəniz Yolundan istifadə etməyi seçəcək. Hər il bu marşrutla yük daşımalarının həcmi artacaq”.

“Foreign Policy” nəşrindəki başqa bir məqalədə isə qeyd olunub ki, dəniz ölkələri əsrlər boyu Şüveyş marşrutunu Avropa və Asiyanı birləşdirən daha qısa yol kimi görüblər, lakin Arktika bölgəsindəki sərt iqlim şəraiti uzun müddət bu marşrutdan tam istifadəyə mane olurdu. İndi vəziyyət dəyişib. Hazırda Arktikada iqlim dəyişikliyi digər bölgələrə nisbətən 4 dəfə sürətli baş verir. Bir çox Asiya ölkələri artıq həddən artıq yüklənmiş Süveyş kanalına alternativ kimi Şimal Dəniz Yolunu nəzərdən keçirir”.

Şimal Dəniz Yoluna maraq göstərən ölkələrdən biri də Azərbaycandır. “Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) xarici sularda fəaliyyətinin genişləndirilməsi və bir bazardan asılılığın aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirir. Qurumdan verilən məlumata görə, 2014-cü ildə ilk dəfə “Natəvan” və “Üzeyir Hacıbəyli” quru yük gəmilərinin istifadəyə verilməsi ilə xarici sularda fəaliyyət bərpa olunub, sonrakı illərdə bu gəmilərin sıraları genişləndirilib.

Hazırda Qara və Aralıq dənizi hövzələrində ASCO-ya məxsus həm quru yük, həm də tanker gəmiləri yükdaşımalar həyata keçirir. Beynəlxalq aparıcı məsləhətçi şirkət “McKinsey” ilə birgə ASCO-nun 2030-cu ilə qədər dövrü əhatə edən Xəzərdən kənar hövzələrdə fəaliyyətin genişləndirilməsi strategiyası hazırlanıb. Sənədə əsasən, ASCO Qara və Aralıq dənizi hövzələrindən əlavə, Baltik və Şimal dənizlərində də yükdaşıma fəaliyyəti göstərəcək. Bu mənada Şimal Dəniz Yolu Rusiya limanlarından Çinə malların daşınması ilə məşğul olan Azərbaycan şirkətləri üçün sərfəli nəqliyyat infrastrukturudur.

Bundan əlavə, Azərbaycanın və Rusiyanın fəal şəkildə inkişaf etdirdiyi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin gələcəkdə Şimal Dəniz Yolunu Hind okeanı ilə birləşdirəcəyi gözlənilir. Belə olan halda Azərbaycan şirkətləri yeni marşruta daxil olaraq, onu mənimsəməklə nəinki alternativ və etibarlı təchizat marşrutu əldə edəcək, həm də irimiqyaslı nəqliyyat dəhlizinin inkişafının iştirakçılarına çevriləçəklər. Bu amil dövlət büdcəsinə əlavə vəsait daxil olması ilə yanaşı, iş adamlarının fəaliyyətini stimullaşdıracaq, ölkənin ixrac potensialını artıracaq.

Beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşmasında iştirakı Azərbaycanın qlobal iqtisadiyyata daha sıx inteqrasiyasına, qeyri–neft sektorunun sürətli inkişafına impuls verəcək. Bir sözlə, yeni marşrut nəinki Rusiyanın, həm də ondan istifadə edən ölkələrin iqtisadi inkişafına təkan verəcək.

Pünhan ƏFƏNDİYEV
XQ

Dünya